525.Az

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib


 

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in, Təhsil Nazirliyinin birgə təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırma mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti və mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

Sərginin açılışında Fövqəladə Hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Təhsil nazirinin müavini İdris İsayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinə həsr olunmuş sərgi ilə tanış olublar. Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdikləri respublika uşaq yaradıcılıq müsabiqəsinə sentyabrın 27-dən start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 518 rəsm, 210 plakat, 236 əl işi, 205 yanğın və qəza-xilasetmə texnikasının modeli və 139 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Birinci yerə 31, ikinci yerə 37, üçüncü yerə 47 nəfər layiq görülub, 52 nəfərə isə həvəsləndirici diplomlar təqdim edilib.

Sərgiyə baxışdan sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Mükafatları Fövqəladə Hallar nazirinin müavini Faiq Tağı-zadə, Təhsil nazirinin müavini İdris İsayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və digər şəxslər təqdim ediblər.

Tədbir bədii hissə ilə davam etdirilib.
S.QARAYEVA

 





27.12.2019    çap et  çap et