525.Az

Uşaqların immun sistemini gücləndirmək üçün nə etməli


 

ƏLİ QULİYEV: “UŞAĞIN İMMUN SİSTEMİNİN MÖHKƏMLƏNMƏSİ, BAĞIRSAĞININ FORMALAŞMASI, GƏLƏCƏKDƏ ALLERGİK OLMAMASI ÜÇÜN ANA SÜDÜ İLƏ QIDALANMASI MÜTLƏQDIR”

Uşaqların immun sistemini gücləndirmək üçün nə etməli <b style="color:red"></b>

Havaların soyuması, fəsil dəyişməsi virus infeksiyalarının daha çox yayılmasına səbəb olur. Bundan ən çox əziyyət çəkən isə uşaqlar olur. Viruslar xüsusilə bağçalarda, məktəblərdə uşaqlar arasında sürətlə yayılır. Bir çox hallarda isə valideynlər azyaşlıların bağçaya, məktəbə gedən kimi virusa yoluxduqlarını, bu halın tez-tez təkrarlandığını, sağalma prosesinin isə çox uzun çəkdiyini vurğulayırlar. Xəstəliyin geç sagalması, ağırlaşma hallarına isə daha çox immuniteti zəif olan uşaqlarda rast gəlinir.

ORQANİZMİ ANTİBİOTİKƏ ÖYRƏŞDİRMƏYƏK

Ölkənin tanınmış Uzman pediatrlarından olan Əli Quliyev deyir ki, mövsümə bağlı olaraq son vaxtlar uşaqlar arasında ən sıx rast gəlinən xəstəlik qripdir: “Mövsüm dəyişikliyi, havaların soyuması ilə əlaqədar olaraq uşaqlar arasında bu problemlərlə daha çox rastlaşırıq. Qrip virusunda ən sıx şikayət asqırma, öskürmə, burun axması və qızdırmadır. Günümüzdə qrip üçün adətən xüsusi dərman təyin olunmur. Qrip virus infeksiyasıdır, adətən özü gələr və özü də gedər, qripin təxminən 5-7 gün ömrü var. Bu zaman əsas olan bol maye qəbuldur. Əgər yüksək hərarət varsa, hərarət salan dərmanların içilməsi tövsiyə olunur. Yanaşı olaraq digər dərman vasitələrinin qəbulu məqbul sayılmır. Amma qrip ağırlaşacağı təqdirdə xəstəyə dəstək olaraq müalicə təyin olunur. Öskürək, hərarət, burun axması varsa onlar ayrılıqda müalicə edilir. Antibiotikdən istifadəyə isə ehtiyac yoxdur. - Qripdə qəti şəkildə antibiotik verilməsini tövsiyyə etmirik. Ancaq bəzi hallarda qripli uşaqlara antibiotik verilir. Əgər bu uşaqda qriplə yanaşı ikincili infeksiya yaranıbsa, məsələn, orta qulaq infeksiyası, sinuzit və s. bu zaman antibiotik verilə bilər. Ancaq digər hallarda bu düzgün deyil. Hər dəfə qripə yoluxan uşağa antibiotik verilsə bədəndəki mikroblar antibiotikə öyrəşir. Sonra ciddi ağırlaşma olduqda verilən antibiotik təsir etmir. Buna görə də ağırlaşma yoxdursa antibiotik verilməsini tövsiyyə etmirik”.

QRİPİN DƏRMANI KƏŞF OLUNMAYIB

Həkimin sözlərinə görə, virusun infeksiyadan fərqi ondadır ki, bakterial infeksiyanın adətən müalicəsi var. Yəni antibiotiklə müalicə olunur: “Ancaq virusların təəsüf ki, əksəriyyətinin müalicəsi yoxdur. Virus və ya bakterial infeksiya ancaq müayinə və ya analiz vasitəsi ilə müəyyən edilə bilər. Valideyinin uşağa baxaraq bunu aydınlaşdırması mümkün deyil.
Pediatr qeyd edib ki, uşaqları virus infeksiyalarından qorumaq üçün onların virus daşıyıcıları ilə  təmasını əngəlləmək lazımdır. Qrip virusuna yoluxan uşağı xəstəlik sağalana kimi məktəb və baxçaya göndərmək olmaz. Mümkün qədər uşaqların gigiyena qaydalarına riayət etmələrinə və əllərin təmizliyinə diqqət yetirilməlidir. Tez-tez sinif otaqlarınınvə evlərinhavalandırılmasına nəzarət edilməlidir: “Uşaqlar ictimai yerlərdən, alış-veriş mərkəzlərindən uzaq tutulmalıdır.  Qrip virusuna yoluxmanın qarşısını almaq üçün bugünədək hər hansı bir preparat, vasitə kəşf olunmayıb. İstifadə olunan burun damcılarının, kremlərin heç bir effektli təsiri yoxdur. Maska taxmaq olar, amma onun da qoruyuculuğu tam deyil. Eyni zamanda buruna okean, dəniz suları tökmək olar. Amma uşaqları qripdən qorumaq üçün buruna hansısa krem çəkilməsi, şamlar qoyulmasıvə ya immuniteti gücləndirəcək siropların verilməsi ilə qripdən qorunmaq mümkün deyil.Qrip virusları çox tez-tez dəyişdiyi üçün peyvəndlərin də dəyişməsi zərurəti yaranır. Normal halda isə qrip peyvəndinin hər il yenilənməsi tövsiyə olunur. Uşaqlarda səkkiz yaşına qədər ilk dəfə yarım, bir ay sonra da yarım doza peyvənd vurulur, ondan sonrakı illərdə isə ildə bir doza vurulması kifayətdir. Qrip peyvəndi orqanizmi tam qorumasa da xəstəliyin yüngül keçməsinə kömək edir”.

PEYVƏND VURULMALIDIRMI?

“Bütün uşaqlara qrip peyvəndi vurulmalıdırmı?”, sualına cavab olaraq Ə. Quliyev bildirib ki, Amerika Pediatriya Akademiyası 6 ayından sonra bütün uşaqlara qrip peyvəndi vurulmasını tövsiyə edir: “Əgər ailə tərəddüd edirsə, o zaman xroniki xəstəliklərdən - ürək, ağciyər, böyrək və sairə xəstəliklərindən əziyyət çəkən, yəni qripi daha da ağır keçirən azyaşlılara ilk növbədə peyvənd vurulması tövsiyə olunur”.

SUÇİÇƏYİ YOXSA, KOKSAKİ

Əli həkimin dediyinə görə, son zamanlar uşaqlar arasında daha çox müşahidə olunan xəstəliklərdən biri də Koksaki virusudur. Bu virus daha çox su çiçəyinə bənzəyir, ağızda, əldə və ayaq nahiyələrində səpkilərə səbəb olur. Gün ərzində 2-3 dəfə bu virusa yoluxan uşaqlarla qarşılaşırıq. Xəstələrin əllərində, ayaqlarında, qasıq bölgəsində və ağızda su çiçəyinə bənzər səpkilər olur. Təəssüf ki, bəzi həkimlər bunu su çiçəyi xəstəliyi ilə səhv salırlar. Başqa viruslar da bu xəstəliyə səbəb olabilər və bu xəstəlik də virus mənşəli olduğu üçün xüsusi müalicəsi yoxdur. Bəzən valideynlər bu xəstələri günlərlə yuyundurmur, yaraların üzərinə brilliant yaşılı(zelyonka) çəkir, pəhriz saxlatdırır ki, bunlara ehtiyac yoxdur. Adətən fəsad törədən bir xəstəlik deyil. Heç bir iz qalmadan keçib gedir. Nadir hallarda dırnaq tökülməsi olur və qorxulu hal deyil, zaman içində özünü bərpa edir. Yoluxucu olduğu üçünuşağın sağalana qədər evdə qalması məsləhətdir: “Su çiçəyi xəstəliyi ilə də mövsümə bağlı olaraq çox sıx rastlaşırıq. Koksaki virusu adətən bədəndə müşahidə olunmur. Ancaq ətraflarda, əl, ayaq və ağız nahiyəsində yaralar olur. Su çiçəyində isə başdan ayağa kimi səpgilər olur. 12 yaşdan yuxarı uşaqlarda, immun sistemi zəif olan xəstələrdə və bəzi xüsusi risq qruplarını müalicə edirik. Bunun xaricindəki uşaqların xüsusi müalicə almasına ehtiyac yoxdur, sadəcə qaşınma olduğu üçün qaşınma əleyhinə preparatlar verilə bilər. Səpkilərin üstünü rəngləməyə, pəhrizə ehtiyac yoxdur. Xəstə yuyuna bilər. Lakin yaraların zədələnməməsi üçün kisələnə bilməz.Səpkilər quruyub tökülənə kimi bulaşıcıdır. Bu müddət bəzilərində 10 gün, bəzilərində 20 gün olabilər. Bu zamana qədər xəstə cəmiyətdən təcrid olunmalıdır.
Bu elə bir xəstəlikdir ki, səpgilər üzə çıxmadan 2 gün qabaqdigər insanlara da bulaşa bilər. Su çiçəyi peyvəndi uşaqları bu xəstəlikdən tam qorumağa zəmanət verməsədə, yüngül keçirilməsinə, ağırlaşmanın əngəllənməsinə kömək olur. Türkiyədə və Amerikada bu peyvənd məcburi peyvəndlər sırasındadır”.

TƏHLÜKƏLİ ROTA VİRUSU

Həkim vurğulayıb ki, uşaqlarda mədə-bağırsaq infeksiyalarına səbəb olan ən təhlükəli virus rota virusudu. Xəstəlik qusma və ishal ilə başlayır. Uşaq bu zaman çox maye itirir. Xəstə yetərli maye qəbul edə bilməzsə beyin və böyrəklər zərər görə bilər. Gecikdirilmiş maye qəbulu isəheç bir işə yaramır. Buna görə də ağızdan maye qəbulunu mütləq davam etdirməyi məsləhət görürük, Əgər yetərli maye qəbul edə bilmirsə o zaman damar vasitəsi ilə maye köçürülür. Xəstəliyin xüsusi müalicəsi yoxdur. Bəzən probiotiklərdən istifadə olunur ki, bu da xəstəliyin müddətini 1-2 gün azalda bilər. Bizim üçün önəmli olan orqanizmin az maye itirilməsinə nail olaraq xəstəliyin mümkün qədər tez sağalmasına çalışmaqdır. Bu baxımdan 1 gün belə önəmlidir.Bu, havadan, sudan yoluxan bir virusdur. Yoluxmamaq üçün ehtiyyatlı olmaq lazımdır. Amerikada rotavirusun peyvəndi var. Və bu, məcburi peyvəndlər sırasında yer alıb. Bizdə isə, bu məcburi deyil. Rotavirus ancaq 6 aya qədər uşaqlara vurula bilər. 

İMMUN SİSTEMİNİ GÜCLƏNDİRƏN DƏRMAN YOXDUR

Uşaqların immun sistemini gücləndirmək və onları xəstəliklərə qarşı davamlı etmək üçün nə etməli sualına gəlincə, Ə.Quliyev bildirib ki, immun sistemi körpə doğulduğu gündən formalaşmağa başlayır. 5 yaşına qədər olan uşaqlar ətrafdakı infeksiyalara qarşı daha həssas olurlar. Daha tez-tez xəstələnirlər və bu müddət uzun sürə bilər. Xüsusilə dəbağçaya gedən uşaqlar viruslara qarşı daha həssasdırlar. Əslində bu, normaldır. Uşaq xəstələnir və orqanizm buna öyrəşərək xəstəliyə qarşı immuntet yaranır. “Təəssüf ki, bu gün dünyada immun sistemini qüvvətləndirən dərman tapılmayıb. Ümumiyyətlə, immun sisteminə müdaxilə etmək olmaz. Çünki immuntet çox güclənərsə, bu dəfə orqanizm özünə zərər verməyə başlayar. Məsələn, “revmatizma” və ya xərçəng xəstəliyi kimi. İnsanda immun sistemi öz-özünə itir və bədənə zərər verməyə başlayır. Hüceyrələr immun sisteminin nəzarətindən çıxır. Birini gücləndirmək istəyəndə başqasına zərər verir. Buna görə də dünyada immun sistemini gücləndirəcək dərman yoxdur. İmmunteti qaldırmaq üçün təyin edilən dərmanların isə bədənə heç bir faydası yoxdur.Bununla bağlı uşaqlara yalnız təbii qidalarlayardım edə bilərik. Məsələn, uşaq həftədə üç dəfə ət, yumurta, süd və süd məhsulları yeməlidir, göyərti isə mədə-bağırsaq üçün çox önəmlidir. Ayda 3-4 dəfə balıq dadmalıdır. C vitamini immun sisteni üçün çox önəmli bir vitamindir. Mümkün qədər uşaqın C vitamini ilə zəngin qidalarla, meyvələrlə qidalanması mütləqdir. Uşaqları konservant qidalardan uzaq tutmaq məsləhətdir. Qidalanması zəif olan uşaqlara isə vitamin vermək yetərli deyil. Valideynlər uşağı yedirməyin yolunu tapmalıdır”.

YENİ DOĞULAN KÖRPƏYƏ NECƏ BAXILMALI?

Həkimin sözlərinə əsasən, bu gün dünyada yeni doğulan uşaqların immun sisteminin möhkəmlənməsi, bağırsağının formalaşması, gələcəkdə allergik olmaması üçün birinci tövsiyə uşaqların ana südü ilə qidalanmasıdır. Süni qidalar heç vaxt ana südünü əvəz edə bilməz. Süni qida yeyən uşaqlarin gələcəkdə allergiya olma ehtimalı ana südü ilə qidalanan uşaqdan 3 dəfə çoxdur. Yaxud bağırsaq problemi olma riski daha artıdır. Eyni zamanda, normal doğulan uşaqla qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların həzm sistemi eyni ola bilməz: “Qeysəriyyə ilə doğulan uşaqların bağırsaq sistemi zəif olur. Onlar infeksiyaya qarşı daha həssas olurlar. İlk olaraq, uşaqlar təbii doğuşla dünyaya gəlməlidir, mütləq şəkildə 2 yaşa qədər ana südü ilə qidalanmalıdırlar”.

ƏVƏZOLUNMAZ NEMƏT: ANA SÜDÜ

Ə.Quliyevin söylədiyinə görə, ana südü elə bir nemətdir ki, onu heç bir qida ilə əvəz etmək mümkün deyil. Ana südü uşağın mədə-bağırsaq sisteminin formalaşması, immunitetinin artması gələcəkdə bir çox xəstəliklərdən qorunması üçün vacibdir. Uşaq doğulandan yarım saat sonra anaya verilməlidir. Onun mədə-bağırsağına gedən ilk qida ana südü olmalıdır.Lakin təəssüf ki, indi anaların çoxu təbii yolla yox, qeysəriyyə yolu ilə uşaq dünyaya gətirməyə meyl edirlər.Bu zaman anaların özünə gəlməsi müəyyən vaxt tələb edir və bəzən uşağa məcburən əlavə qida verməli olurlar.Buna görə də anaları təbii doğuşa təşviq etmək lazımdır.Kolostrum adlanan ilk qatı süd bağırsağın divarında qoruyucu təbəqə yaradır və bütün mikrobların qana keçməsinə mane olur. Bəzən 3-5 günlük uşaqlarda yüksək temperaturun səbəbi də məhz ana südü ilə qidalanmamaqdır: “Bir insanın bağırsaq florasının formalaşmasında iki faktor önəmlidir. Normal doğuş zamanı uşağın uşaqlıq yolunda udduğu mikroblar və ana südü.Normal yolla doğulan və ana südü ilə qidalanan uşaqlarda bağırsaq problemlərinə rast gəlinmir.Lakin qeysəriyyə ilə dünyaya gələn uşaqlar ilk olaraq xəstəxana mikroblarını udur.Bağırsağa bu mikroblardan hansı birinci getsə, dominant o olur.Ana uşağa süd əvəzinə süni qida verməklə uşağın bağırsaq florasının pozulması, xəstəliklərə yoluxması üçün hər bir şərait yaratmış olur”.

BELƏ MÜAYİNƏ ÜSULU YOXDUR

Ana südünün əkilməsi deyə bir müayinə üsulunun olmadığını vurğulayan Əli Quliyev cəmi bir neçə xəstəliyin uşağa süd verməmək üçün əsas yaratdığını bildirib: “Biz ananın uşağa süd verməməsi üçün heç bir səbəb olmadığını deyirik. Bəzən analar südün əkilməsi zamanı analizdə stafilokok olduğunu, buna görə də süddən uşağa mikrob keçdiyini deyirlər.Bu, tamamilə cəfəngiyatdır.Belə bir mənasız səbəbdən ana uşağı əmizdirmir və bununla da onun bütün xəstəliklərə qarşı riskini artırır.Təbabətdə südün əkilməsi deyə diaqnoz yoxdur.Əgər klinik əlamətlər yoxdursa, uşağın nəcisində stafilokok çıxmasının bizim üçün heç bir mənası yoxdur.Ana südünü sağıb analizə verərkən dəridəki bütün mikroblar, o cümlədən də, stafilokok südə qarışır və analizdə də çıxa bilər.Südündə stafilokok çıxan anaların 90 faizində, əslində heç bir problem olmur.Uşağa süd verməmək üçün çox nadir səbəblər var. Bunlardan birincisi, ananın QİÇS xəstəsi olmasıdır.İkincisi, ananın kimyaterapiya müalicəsi alması və ya toksik dərmanlar qəbul etməsidir.Bu dərmanların qəbulu dayandıqdan sonra körpəyə yenə süd vermək olar.Üçüncüsü, əgər anada aktiv vərəm varsa, 15 günlük müalicədən sonra, müalicəsinə davam etmək şərtilə övladına süd verə bilər.Sadalanan hallardan başqa ana südünün kəsilməsi üçün heç bir səbəb yoxdur.Hepatit B və C daşıyıcısı olan ana belə uşağına süd verə bilər.Uşaq doğulan kimi ona hepatit B-yə qarşı immunoqlobulin vurulur və onun bu xəstəliyə yoluxma ehtimalı sıfıra bərabərdir”.
Pediatr deyir ki, bugünə qədər dünyada insan üçün tapılmış iki vacib amil vardır. Bunlardan biri təmiz su, digəri isə peyvənddir: “Milyonlarla insan kirli su səbəbi ilə tələf olub. Çiy suyun mikrob olmadığına əminsizsə içə biliərsiz, amma əmin deyilsizsə, qaynatmaq lazımdır”.

MÜALİCƏSİ TAPILMAYAN ALLERGİYA

Son zamanlar uşqlarda allergiya hallarının artdığını söyləyən həkim, qeyd edib ki, ana südü ilə qidalanmırsa, uşaqda allergiya artır: “İkinci isə qeysəriyyə əməliyyatı ilə doğulubsa, allergiya olma ehtimalı böyükdür. Yaşadığı mühitdə hava təmiz deyilsə, daimi qidalandığı qidalar konservant məhsullardırsa, təbii ki, bunlar da allergiyanı artırır.Marketlərdə satılan növbənöv cipsilər, şokaladlar hamısı konservant məhsullar sayılır.Bunlardan uşaqlar nə qədər çox qidalanarsa, allergiya olma ehtimalı da yüksəlir.Burada həm də irsi amil əhəmiyyətlidir.Ətraf mühitdəki səbəblər də bunun ortaya çıxmasını sürətləndirir.Təəssüf ki, bu gün allergiyanın müalicəsi yoxdur.Verilən müalicə də simptomatikdir.İnsan rahatlasın deyə təyinat verilir.Ən əsas müalicə də səbəblərin aradan qaldırılmasıdır.Yəni dərmanlar müvəqqəti olaraq uşaqları sakitləşdirir, amma dərman kəsilən zaman allergiya yenidən baş qaldırır. Amma  zaman içində allergiyaların çoxu öz-özünə keçib gedir.Bədəndə immuntolerans yaranır”.
S.QARAYEVA

 

 





27.12.2019    çap et  çap et