525.Az

Azərbaycan-Rusiya münasibətləri: Cənubi Qafqazda geosiyasi dinamikaya yeni təkan


 

Azərbaycan-Rusiya münasibətləri: Cənubi Qafqazda geosiyasi dinamikaya yeni təkan<b style="color:red"></b>

Ekspertlər qlobal geosiyasi müstəvidə müşahidə edilən sürətli dəyişikliklərin regional miqyasda necə əks olunması ilə bağlı maraqlı araşdırmalar aparırlar. Bu sırada Cənubi Qafqaz məsələsi maraq doğurur. Bu məkanda geosiyasi mənzərə mürəkkəbdir. Onun fonunda son illər getdikcə daha da intensivləşən Rusiya-Azərbaycan münasibətləri kifayət qədər aktual təsir bağışlayır. Erməni mətbuatı müxtəlif bəhanələrlə bu prosesə kölgə salmağa çalışır. Böhtan xarakterli fikirlər yazılır, Azərbaycan dövlətçiliyinə qarşı çirkin qarayaxma kampaniyaları təşkil edilir. Lakin faktlar göstərir ki, Cənubi Qafqazda Azərbaycan suverenliyini qoruyan, müstəqil xarici siyasət yürüdən yeganə dövlətdir. Rusiya ilə əlaqələr də ancaq bu prinsiplər əsasında həyata keçirilir. Bununla Azərbaycan-Rusiya münasibətlərinin regional geosiyasi dinamikaya təsiri məsələsi xeyli aktuallaşır. Həmin kontekstdə biz iki ölkə arasında əlaqələrin təkamülünün təhlili üzərində geniş dayanmağa ehtiyac gördük.

Münasibətlərdə əsas prinsip: suverenlik və müstəqilliyin təmini

Rusiya-Azərbaycan əlaqələrinin inkişaf tempi yüksəkdir. İki qonşu ölkə arasında müxtəlif sferalar üzrə əməkdaşlıq getdikcə daha da genişlənir. Bu sırada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfər etməsi və Rusiya rəhbərliyi ilə keçirdiyi görüşlər ekspert dairələrində böyük maraq doğurdu. Bu səfərin son dərəcə uğurlu olduğu haqqında ekspertlərin fikirləri mətbuatda geniş yer almaqdadır.

Bu məsələ doğrudan da böyük diqqətə layiqdir. Çünki Rusiya kimi böyük bir dövlətlə əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək razılığa nail olmaq olduqca vacibdir. Özü də Cənubi Qafqazla bağlı mürəkkəb proseslərin müşahidə edildiyi bir vaxtda bunun əhəmiyyəti strateji xarakterlidir. Sirr deyil ki, bu regionda nüfuz uğrunda böyük dövlətlərin mübarizəsi daha da kəskinləşib. ABŞ burada fəallığını daha da artırır. Gürcüstan və Ermənistanda bu, daha qabarıq hiss olunur. Həmin ölkələrdə baş verən hadisələrin məntiqinə baxdıqda, görünür ki, müəyyən ziddiyyətli məqamlar meydana çıxmaqdadır.

Konkret olaraq, Ermənistan ABŞ və Rusiyanın maraqlarını uyğunlaşdıra bilmir. Rəsmi İrəvan iki böyük güc arasında dolaşıb qalıb. Gah Vaşinqtonu, gah da Moskvanı dəstəkləyən bəyanatlarla siyasət qurmaq mümkün deyildir. Nəticədə, Ermənistan üçün müəmmalı olan vəziyyət yaranıb. Vaşinqton və Moskva konkret əməl tələb edirlər. Onlar bunun əvəzində, faktiki olaraq, heç nə almırlar. Nikol Paşinyanın sözdən başqa heç bir təklifi yoxdur. İndiyə qədər forpost ölkənin hansısa ciddi bir layihəni həyata keçirdiyi və onu ABŞ və ya Rusiya ilə bir yerdə etdiyi görünməyib.

Son zamanlar Ermənistan rəhbərliyi nə qədər pafoslu vədlər versə də, konkret bir layihə və ya əməkdaşlıq paketi yoxdur. Əvəzində, Ermənistan üçün faciə ilə sonuclana biləcək siyasi intriqalar və şübhələr çoxalıb. Vaşinqton İrəvanı rusiyapərəstlikdə, Moskva isə Amerikaya meyl etməkdə suçlayır. Bu iki ittiham arasında sıxılan İrəvanın hansısa real addım atdığı da müşahidə edilmir. İndi bunlara Yaxın Şərqdən terror dalğasının gəlməsi əlavə olunub. Bu məsələdə də rəsmi İrəvan heç bir böyük dövlətlə sona qədər aydın münasibətlərə malik deyil.

Nəhayət, İran məsələsinin kəskinləşməsi ilə Ermənistan daha ağır vəziyyətə düşüb. O, ABŞ və Rusiya arasında vurnuxmaqdadır. Digər tərəfdən, bir zamanlar "həyat yolu" dediyi İranla münasibətlərin qeyri-müəyyən olması şübhəsizdir. İrandakı son çaxnaşmalardan sonra siyasi balansın dəyişməsinin Ermənistana necə təsir göstərəcəyi məlum deyil.

Gürcüstanla bağlı vəziyyət bir qədər fərqlidir. Bu ölkə xeyli vaxtdır ki, Qərbə inteqrasiya kursunu seçib. Lakin getdikcə aydın olur ki, bu məsələ də bir sıra mürəkkəbliklərə malikdir. İndi Gürcüstan Rusiya ilə əlaqələrdə çətin problemlər yaşayır və onları həll edə bilmir. Avropa isə verdiyi sözə tam əməl etmir və nəticə etibarilə ölkə dayanıqlı inkişaf yolunu tutmaqda ciddi çətinliklər çəkir. Bu səbəbdən də Gürcüstan geosiyasi aspektdə xeyli qeyri-müəyyənliklərlə üz-üzə qalıb.

Azərbaycanla əlaqəli vəziyyət bunlardan kəskin surətdə fərqlənir. Artıq Gürcüstan rəhbərliyi də rəsmi Bakının son dərəcə ağıllı, ölçülü-biçili və uğurlu fəaliyyət göstərdiyini açıq etiraf edir. Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, Azərbaycan Prezidenti dünyanın ən uğurlu siyasi liderlərindən biridir. Bu, faktiki olaraq, həm İlham Əliyevin dövlət başçısı kimi yüksək qabiliyyət sahibi olması, uzaqgörənliyinin etiraf edilməsi deməkdir, həm də Azərbaycanın dövlət kimi atdığı addımların bütün region üçün əhəmiyyətli olmasının növbəti təsdiqidir.

Həqiqətən də, faktlar sübut edir ki, Azərbaycan siyasi, sosial, iqtisadi, enerji, geosiyasi, hərbi və müdafiə aspektlərində konkret proqramlar həyata keçirən yeganə region dövlətidir. Bu proqramların hər biri böyük uğurdur. Azərbaycan Cənubi Qafqazda Rusiya, Türkiyə, İran və Avropa ilə balanslı və faydalı əməkdaşlıq quran tək dövlətdir. Bu əməkdaşlıq bütün sferaları əhatə edir. Daha çox isə insanların rifahına xidmət edən sferalarda qarşılıqlı faydalı əməkdaşlıq qurulur.

Yeni mərhələ: Bakı-Moskva xəttinin geosiyasi töhfələri

Rusiya ilə də məhz həmin aspektdə əməkdaşlıq yeni səviyyəyə yüksəlir. Mehriban Əliyevanın Rusiyaya səfərindən sonra "yeni yol xəritələri"ndən bəhs edilməsi və əməkdaşlığın yeni sahələrdə inkişaf etdirilməsi təsadüfi deyil. Yəni bunun arxasında Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya paytaxtında apardığı danışıqlarda konkret nəticələr əldə etməsi dayanır. Dövlət başçısı İlham Əliyev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edərkən də bununla bağlı öz fikrini ifadə edib.

Azərbaycan Prezidenti Bakıda qəbul etdiyi rusiyalı nazirlə danışıqlarında vurğulayıb: "...bu il bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərimizin inkişafı üçün çox uğurlu olub. Yüksək səviyyədə, prezidentlər arasında çox mühüm görüşlər olub. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdən əlavə, prezidentlər arasında iki görüş olub. Sizin də iştirak etdiyiniz həmin görüşlərdə bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizin əsas, o cümlədən, iqtisadi-ticari əlaqələrin inkişafı prinsipləri təsdiq edilib. Prezidentlər "yol xəritələri"nin implementasiyası üzrə işi fəallaşdırmaq barədə tapşırıq veriblər. Şadam ki, bu proses çox uğurla gedir".

Göründüyü kimi, iki ölkə arasında əlaqələr başlıca olaraq sosial-iqtisadi sahəni əhatə edir. Bu, onun göstəricisidir ki, Azərbaycan-Rusiya münasibətləri iki suveren və müstəqil dövlət arasında beynəlxalq hüquqa əsaslanan qarşılıqlı faydalılıq prinsipi çərçivəsində inkişaf etdirilir. Bu, dövlətçilik aspektində prinsipial əhəmiyyət daşıyan məqamdır. Azərbaycan sübut edir ki, ən güclü dövlətlərlə belə bərabərhüquqlu prinsiplər əsasında əməkdaşlıq etmək mümkündür. Bu, həm də erməni təbliğatının iftiralarına yaxşı cavabdır. Məhz bu kontekstdə Prezidentin aşağıdakı fikirləri də son dərəcə önəmlidir. İlham Əliyev M.Oreşkini qəbul edərkən vurğulayıb: "Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də "yol xəritələri" siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. "Yol xəritələri"nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır".

Beləliklə, Cənubi Qafqazın geosiyasi dinamikasına Azərbaycan-Rusiya münasibətləri prizmasından baxdıqda, maraqlı qənaətlər əldə etmək olar. Hər şeydən öncə, bu münasibətlər regional sabitliyə xidmət edir. Bunu rəsmi Moskva da etiraf edir. Regional sabitlik hazırda çox önəmlidir. Geosiyasi dinamika mürəkkəbləşdikcə Rusiyaya da regionda güclü, iradəli, suveren tərəfdaş lazımdır. Azərbaycan bu mənada Rusiya ilə bərabərhüquqluluq prinsipi əsasında əlaqələr quran regional liderdir.

Digər tərəfdən, Azərbaycan-Rusiya əlaqələri Rusiya-Türkiyə və Rusiya-İran əlaqələri kontekstində də əhəmiyyət kəsb edir. Çünki Cənubi Qafqazda məhz Azərbaycan Türkiyə və İranla Rusiyanın münasibətlərinin daha da inkişaf etməsinə real töhfə verən ölkədir. Müəyyən tarixi, siyasi, coğrafi, mədəni və geosiyasi səbəblərdən Gürcüstan və Ermənistanın belə bir imkanı yoxdur.

Nəhayət, Azərbaycan-Rusiya münasibətləri regiondakı münaqişələrin həllində ciddi rol oynaya bilər. Moskva vacib bir müttəfiq qazanmaqla öz forpostu Ermənistanın haqsız davasına havadarlıq etməkdən imtina edə bilər. Bu, real geosiyasi proqnozdur. Çünki artıq qlobal miqyasda geosiyasi mühit dəyişir və ona XIX və XX əsrin geosiyasi meyarları prizmasından baxmaq doğru deyildir. Bu səbəbdən Rusiya tarixi əhəmiyyətli geosiyasi düzəliş edə bilər. Elə bir düzəliş ki, nə ermənilərin təbii hüquqları tapdanar, nə də əsrlərdir ki, regiondakı türk dövlətlərinə qarşı edilən haqsızlıqlara, qərəzli və antiinsani münasibətlərə yer qalar.

Newtimes.az

 

 





27.12.2019    çap et  çap et