525.Az

Azərbaycan idmanı üçün uğurlu il: 775 medal


 

Azərbaycan idmanı üçün uğurlu il: 775 medal <b style="color:red"></b>

Başa çatmaqda olan 2019-cu il Azərbaycan üçün bütün sahələrdə uğurların əldə olunduğu bir il kimi tarixdə qalacaq. Bu il həm də ölkəmizin tarixinə inqilabi xarakterli islahatlar kimi daxil olacaq. Ölkəmizdə bu il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı və hərtərəfli islahatlar təkcə daxildə deyil, onun hüdudlarından kənarda da böyük maraqla qarşılanıb. Dünyada surətli iqtisadi inkişafı, sosial dövlət olması, ən islahatçı ölkə kimi tanınan Azərbaycan, həm də idman ölkəsi statusunu alıb. Əlbəttə ki, bu da təsadüfi deyil. Ölkəmizdə idmanın inkişafı üçün bütün şərait yaradılıb, Azərbaycan mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi edir və bu idmançılarımız uğurlu nəticələr göstərirlər.

Bir neçə gün əvvəl ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyev idmanın kütləviliyinin təbliği  sahəsində maarifləndirmə işlərinin səviyyəsinin yüksəldilməsinin zəruriliyini bildirib. Dövlət başçısı bildirib ki, ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik: "Biz buna görə görkəmli idmançılarımıza minnətdar olmalıyıq. Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır. Bu baxımdan bu il də əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar".

Prezident vurğulayıb ki, aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyır.

Mövzu ilə bağlı münasibətini bildirən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev ənənəvi olaraq idmançılar, idman ictimaiyyəti, hakim və məşqçilərlə 2019-cu ilin yekunlarına dair görüş keçirdi, müxtəlif təklf, tövsiyə və fikirlərini səsləndirdi. Bir sözlə ifadə etsək, ilin idman yekunlarına qiymət verildi: "Dövlət başçısı söylədi ki, bu il idmançılar tərəfindən 775 medal qazanılıb, onlardan 271-i qızıldır. Prezident Teymur Rəcəbovun xüsusi olaraq Dünya Kubokunun qalib olması və şahmatçı qızlarımızın Avropa Çempionatında bürünc medal qazanması, yeniyetmə şahmatçılarımızın Dünya Şahmat Olimpiadasının qalibi olmasına önəm verərək, idmanın intellektual səviyyəsində Azərbaycan idmançılarının yerini vurğuladı".

Ölkə başçısının "İdman vətənpərvərlik hisslərinin artırılması, milli ruhun yüksəldilməsi üçün vacibdir" fikirlərinin xatırladan idarə rəisi qeyd edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır: "2016-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan olimpiaçılarının yüksək nəticə əldə etməsi və medal sayına görə 14-cü yer tutması tarixi idman nəticəmizdir. Ötən gün ilin idman yekunları ilə bağlı keçirilən tədbirdə eyni zamanda vurğulandı ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti idman sahəsində bütün şəraitin yaradılması, maddi-texniki bazanın gücləndirilməsindən ibarətdir".

R.Abbasov qeyd edib ki, artıq 45 olimpiya məktəbi ölkə vətəndaşlarının xidmətindədir: "Yardımlı və Tərtərdə 2 olimpiya mərkəzi hazırdır açılışı gözlənilir. 2 olimpiya mərkəzinin tikintisi isə Neftçala və Goranboyda davam edir. Cənab Prezident görüşdə xüsusi olaraq tövsiyə etdi ki, hər bir Azərbaycan vətəndaşı sağlam həyat tərzi sürməli, idmanla müntəzəm məşğul olmalıdır. Bu bizim genefondumuz, sağlam nəslin yetişməsi üçün çox vacibdir. Ölkə başçısı öz timsalında misal gətirərək gündəlik idmanla məşğul olduğunu bildirməklə vətəndaşlarımıza mesaj vermiş oldu. Tanınmış idmançılara, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və digərlərinə maarifləndirmə işlərinin gücləndirilməsi tövsiyə edildi. Eyni zamanda vurğulandı ki, paytaxtda ictimai istirahət zonalarının, abad məhəllələrin quraşıdırılması çox vacibdir və burada keçirilən yarışlar daha da artırılmalıdır".

Qurum rəsmisi vurğulayıb ki, ilin yekunları ilə bağlı keçirilən tədbirdə həmçinin, "Mənim Həyatım" layihəsi çərçivəsində keçirilən şahmat, mini futbol və digər idman yarışları ilə bağlı ölkənin aiddiyyatı idman strukturları tərəfindən yeni proqramların hazırlanması tövsiyə edildi: "Belə ki, bunlardan biri Azərbaycanda kütləviliyin təmin olunması, ikinci proqram isə kənd idmanının inkişafı və asudə vaxtın səmərəli təşkili ilə bağlıdır ki, bu da xüsusilə bölgələrdə, rayonlarda ucqar kəndlərdə idman yarışlarının sayının artırılmasına, orada yarışların daha çox olmasına imkan yaradacaq. Prezident İlham Əliyev nitqində ölkəmizdə keçirilən Milli Gimnastika üzrə Avropa, Dünya çempionatı, Dünya Kuboku mərhələlərini, Formula 1, eyni zamanda, yeniyetmələrin Yay Olimpiya Festivalının təşkilatçılığı, ölkəmizin hava limanının, logistika mərkəzin, nəqliyyat infrastrukturunun nizam-intizam qaydasını, xüsusilə də könüllülərin işini yüksək qiymətləndirdi, hər bir idman yarışından sonra Azərbaycana daha çox turistin gəldiyini, iqtisadi gəlirlərin artdığını xüsusi vurğuladı. Qeyd edildi ki, 2019-cu ildə ölkəmizə 3 milyona yaxın turist gəlib. Həmçinin, Formula 1 yarışmasının ildən-ilə ölkəmizin təbliğatı, turistlərin artımında böyük rol oynadığı və bunun multiplikativ effektinin çox böyük olduğu, bu tendensiyanın gələcəkdə davam etdirilməsi bildirildi".

Dövlət başçısının yekun nitqində növbəti ildə ölkəmizdə keçirilməsi nəzərədə tutulan idman yarışları, xüsusilə də Avropa çempionatının 4 oyunu və Formula 1 yarışlarının keçirilməsi ilə bağlı tapşırıqlarını verdiyini deyən idarə rəisi əlavə edib ki, Prezident Tokio-2020 Yay Olimpiya Oyunlarında idmançılarımıza uğurlar arzulayaraq, Azərbaycan bayrağının sözügedən yarışlarda ucaldılması, daha yaxşı nəticələrin əldə edilməsi üçün müvafiq qurumlara tapşırıqlarını verdi: "Dövlət başçısı ənənəvi olaraq sonda bir sıra idmançılara mənzillər, medal, orden, müxtəlif təltiflərlə mükafatlandırdı, idman ictimaiyyətinin qarşıdan gələn bayramlarını təbrik edərək, onlara yeni-yeni uğurlar arzu etdi".

Prezidentin Fəxri Fərmanı ilə təltif olunan, May-Tay boks Federasiyasının vitse-prezidenti Ramiz Quliyev isə mətbuata açıqlamasında vurğulayıb ki, Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir.

Ölkəmizdə idmançıların hərtərəfli qayğı ilə əhatə olunduğunu deyən Federasiyanın vitse-prezidenti söyləyib ki, məhz bunun nəticəsidir ki, ölkə idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün ilin idman yekunları ilə bağlı keçirilən tədbirdə çıxışına diqqət çəkən R.Quliyev söyləyib ki, ölkə başçısının da vurğuladığı kimi bu il idmançılarımızın beynəlxalq yarışlarda 775 medal qazanması 2019-cu ilin ölkə idmanı üçün əlamətdar il olduğunu göstərir: "Əlbəttə ki, əldə olunan bütün uğurların arxasında bu sahəyə göstərilən diqqət dayanır. Son illərdə ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülür, yeni obyektlər tikilib istifadəyə verilir. Təsadüfi deyil ki, beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən olan Azərbaycanda tikilib istifadəyə verilən Olimpiya-İdman komplekslərinin, eləcə də Gənclər Evinin sayı 40-ı ötüb".

Federasiya rəsmisi vurğulayıb ki, ölkə idmanının həyatında yeni mərhələ İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra başlayıb: "Belə ki, Miilli Olimpiya Komitəsinin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı. Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan İlham Əliyev Prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Ötən gün keçirilən yekun tədbirində də Dövlət başçısı Azərbaycanda kütləviliyin təmin olunması, xüsusilə də bölgələrdə kənd idmanının inkişafı və asudə vaxtın səmərəli təşkili ilə bağlı müvafiq qurumlara tapşırıqlar verərək, idmançıları maarifləndirmə işlərində aktiv iştiraka çağırdı. Prezident həmçinin qeyd etdi ki, idman vətənpərvərlik hisslərinin artırılması, milli ruhun yüksəldilməsi üçün vacibdir".

R.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin nitqindən də göründüyü kimi, Azərbaycanda idman sahəsində qarşıya qoyulan məqsədlərdən biri gənclərin sağlamlığının qorunması, buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir: "Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən tədbirlər, görülən işlər bir daha onu deməyə əsas verir ki, ölkəmizdə idmanın inkişafı tək bu illə yekunlaşmır, Azərbaycan idmanının inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq".

PƏRVANƏ

 





27.12.2019    çap et  çap et