525.Az

İsrailin yüksək suvarma texnologiyası mütəxəssislərə təqdim olunub


 

MELİORATİV SİSTEM GƏNCƏDƏKİ AQRAR UNİVERSİTETİN TƏDRİS BAZASINDA QURAŞDIRILIB

İsrailin yüksək suvarma texnologiyası mütəxəssislərə təqdim olunub<b style="color:red"></b>

Heydər Əliyev Fondunun və İsrail səfirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetində quraşdırılmış yüksək texnologiyalı suvarma sistemləri layihəsinin təqdimatı olub. İsrailin bu sahədə aparıcı mütəxəssisləri tədbirdə iştirak edərək, müvafiq qurğuların texnoloji xüsusiyyətlərini izah ediblər.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov ərzaq təhlükəsizliyinin bütün dünyada, o cümlədən də Azərbaycanda prioritet istiqamətlərdən olduğunu xatırladaraq qeyd edib ki, bu sahədəki mövcud problemlərin həlli bilavasitə kənd təsərrüfatının kompleks inkişafından asılıdır. O vurğulayıb ki,  dünya əhalisinin sürətli artımı, əkinəyararlı torpaq sahələrinin azalması, antropogen təsirlər nəticəsində meşə ehtiyatlarının məhv edilməsi, qlobal miqyasda müşahidə olunan istiləşmə, bununla da dünyanın şirin su ehtiyatlarının getdikcə tükənməsi, həmçinin, düzgün olmayan suvarma nəticəsində  ərazilərin eroziyaya, şoranlaşmaya məruz qalması, ümumilikdə isə ekoloji sistemin pozulması aqrar sahənin inkişafı üçün zəruri olan komponentlərin, xüsusən də şirin suyun daha səmərəli istifadəsini zəruri edib.

Tədbirdə qeyd olunub ki, universitet ərazisində quraşdırılan yüksək texnologiyalı damla suvarma sistemi bu sahədə dünyanın aparıcı qurumlarından olan, İsrailin "NETAFIM" şirkəti tərəfindən quraşdırılıb. Suvarma sistemi qurğuları və onun idarəetmə mərkəzi Heydər Əliyev Fondu və İsrailin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılıb.

Layihənin məqsədi tələbələrin suvarmaya aid olan müasir üsul və tədris proqramlarının mənimsəmələrinə, eləcə də yüksək texnologiyalı sistemlərinin ölkədə fəaliyyət göstərən sahibkarlara və ya suvarma sistemini öz əkin sahəsinə quraşdırmaq niyyətində olan təsərrüfatçılara yardımçı olmaqdan ibarətdir.

Heydər Əliyev Fondunun bu vaxtadək həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda təhsil, səhiyyə, mədəniyyət, ekologiya, yeni texnologiyaların tətbiqi, kənd təsərrüfatı və sair istiqamətlərdə böyük və unikal layihələr icra etdiyini deyən Fondun departament rəhbəri Soltan Məmmədov qeyd edib ki, Azərbaycan Dövlət Aqrar Universitetində quraşdırılmış yüksək texnologiyalı suvarma sistemləri layihəsinin tətbiqi gələcəkdə bu sahədə təhsil alan kadrların həm nəzəri, həm də praktik bilik və bacarıqlarının artmasına töhfə olacaq, həmçinin, ölkədə kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olan fermerlərə bu cür sistemi tətbiq etməyə və yüksək məhsuldarlığa nail olmağa şərait yaradacaq.

Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edən "NETAFIM" şirkətinin Azərbaycan nümayəndəliyinin bölgə üzrə təmsilçisi İlya Krasnoşokov bu cür layihənin icrasının ölkəmizdə kənd təsərrüfatı sektorunun gələcək inkişafı baxımından uğurlu olacağını deyib. O həmçinin bildirilib ki, bu sistemin tətbiqi ilə ölkəmizin aqrar sektorunda əsas problemlərdən olan torpaqların şoranlaşmasının və su sərfiyatının qarşısını almaq, məhsuldarlığı isə bir neçə dəfə artırmaq mümkündür.

İsrailli mütəxəssislər burada quraşdırılmış idarəetmə mərkəzi, 4 cür filtr və 4 cür gübrələmə sistemi, 2 növ - damcı və çiləmə yolu ilə suvarma, həmçinin, paralel olaraq 8 üsulda aparıla bilən sulama texnologiyası haqqında ətraflı məlumat verib, ənənəvi, intensiv və superintensiv bağlarda torpaqaltı və torpaqüstü suvarmanın üstünlüklərini izah ediblər.

Zakir MURADOV, Gəncə

 

 





27.12.2019    çap et  çap et