525.Az

Firəngiz Əlizadənin "Nasimi Passion"u əsasında tamaşanın premyerası olub


 

Firəngiz Əlizadənin "Nasimi Passion"u əsasında tamaşanın premyerası olub<b style="color:red"></b>

"Nəsimi ili"nin möhtəşəm yekunu kimi dekabrın 27-də Heydər Əliyev Sarayında dünya şöhrətli bəstəkarımız, Azərbaycanın xalq artısti Firəngiz Əlizadənin "Nasimi Passion" əsəri əsasında vokal-xoreoqrafik tamaşanın premyerası olub.

AZƏRTAC xəbər verir ki, məşqləri bir neçə aydan bəri davam edən bu möhtəşəm əsərin xoreoqrafik quruluşu Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnova məxsusdur. Tamaşanın baletmeystri isə istedadlı xoreoqraf Ceyhun Qubadovdur.

Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə "Nəsimi poeziyası" adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak ediblər.

"Nasimi Passion" vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

Əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta əsr sufi fəlsəfəsi yanaşı işlənib. Seçilmiş mövzunun layihənin tələblərinə cavab verdiyi, eləcə də Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunulub. "Nasimi-Passion"da Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub.

Tamaşaçılar ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil edən bu təsirli tamaşanı məmnuniyyətlə izləyərək bəstəkarı və bütün iştirakçılarını uzun müddət alqışladılar.

 





29.12.2019    çap et  çap et