525.Az

"Babək-44" taborunun veteranları əsgərlərlə görüşdə


 

"Babək-44" taborunun veteranları əsgərlərlə görüşdə<b style="color:red"></b>

1992-ci ildə Tərtər-Ağdərə istiqamətində gedən hərbi qızğın hərbi əməliyyatlarda "Babək-44" taboru xüsusi rol oynayıb və onun qəhrəman şəxsi heyəti böyük şücaət göstərib.

Bu günlərdə Gəncə Qarnizonu Mədəni və İdeoloji Mərkəzinin dəstəyi ilə "Babək-44" taborunun döyüşçüləri, ilk komandiri olmuş ehtiyatda olan polkovnik Elxan Qəniyevin rəhbərliyi ilə Gəncə şəhərinə toplaşdılar. Azərbaycan Qarabağ  Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, birləşmə komandirinin müavini, polkovnik İntiqam Mirzəyev döyüşçülərlə birlikdə Gəncə şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoydular.  Döyüşçülər daha sonra vətən torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş döyüşçülərinin xatirəsini əbədiləşdirən "Şəhidlər Xiyabanı"nı ehtiramla ziyarət etdilər.

Qazilər - veteranlar daha sonra "N" hərbi hissəyə, gənc əsgərlərlə görüşə yollandılar. Tədbirin aparıcısı ehtiyatda olan polkovnik Nazim Əhmədov  "Babək-44" taborun keçdiyi döyüş yolunu əsgərlərin diqqətinə çatdırdı. Taborun heyətindən döyüşlərdə fərqləndiklərinə görə 2 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına, 7 nəfərin "Azərbaycan Bayrağı" ordeninə, 2 nəfərin "Hərbi xidmətlərdə fərqləndiyinə görə" medala layiq görüldüyünü  və 2 zabitin general-mayor ali hərbi rütbəsinədək yüksəldiyini bildirdi. 

Taborun ilk komandiri olmuş ehtiyatda olan polkovnik Elxan Qəniyev dedi ki, vətənimizin ağır günündə 18 yaşlı gənclərə təlim keçmək üçün lazımi maddi-texniki baza yox idi, əşya və ərzaq çatışmırdı. Belə bir şəraitdə əsgərləri qısa müddətdə döyüşə hazılamaq kimi məsul vəzifə onun üzərinə düşüb. O zaman tabeliyində olan vətənpərvər zabitlərin, gizirlərin köməyi ilə bunun öhdəsindən gələ bilib: "Ağdərədən Çıldıran, Sırxavənd, Vəngə qədər keçdiyimiz şərəfli döyüş yolu bunu bir daha sübut edir. İşğal altındakı torpaqlarımız azad olunmadıqca biz rahat yaşaya bilmərik. Hər an Ali Baş Komandanın əmrini gözləyirik. Baxmayaraq ki, bu gün ehtiyatdayıq, yenə də əldə silah vətənimizin müdafiəsinə qalxacağıq".

Azərbaycan Qarabağ  Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev arzu etdi ki, 2020-ci il qələbə ili, vətənimizin ərazi bütövlüyünün təmin olunduğu il olsun: "Bu yolda bizim təşkilat da əlindən gələn köməyi etməyə hazırdır".

"Babək-44"ün komandiri olmuş "Azərbaycan Bayrağı" ordenli, ehtiyatda olan polkovnik Abakar Mirzəyev bildirdi ki, vaxtilə taborun üzləşdiyi çatışmazlıqlar, problemlər ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğısı sayəsində aradan qaldırılıb və indi ordumuzun maddi-texniki bazası qat-qat möhkəmlənib. Bu isə qələbəyə olan inamı xeyli artırıb.

Çıxış edənlər - ehtiyatda olan mayor Yolçu Ələkbərov, Şəhid Xəqani Quliyevin atası Sabir Quliyev, Qarabağ müharibəsi əlil Osman Şahverdiyev dedilər ki, vətənimizin, xalqımızın, dövlətçiliyimizin müdafiəsi naminə hər zaman ön cəbhədə əsgərlərin yanıda olmağa hazırdırlar.

Polkovnik İntiqam Mirzəyev birlik komandiri adından qonaqlara əsgərlər qarşısındakı çıxışlara görə təşəkkür etdi. Zabit onu da dedi ki, "Babək-44" taboru barədə çox  eşidib, lakin indi onun döyüş yolu haqda daha geniş məlumat ala bildi və buna görə çox məmnun olub.

Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdləri çıxışları ilə tədbiri rövnəqləndirdi. Birlik komandiri adından müharibə əlilərinə və veteranlara hədiyyələr, fəxri fərmanlar, həmçinin, hərbi xidmətdə fərqlənən əsgərlərə də döyüşçülər adından hədiyyələr təqdim olundu. Əsgərlərin nümunəvi döyüş çıxışları ilə rəsmi hissə başa çatdı və qonaqlar əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahara dəvət olundular. Həmçinin, Gəncə Qarnizonu  Mədəni və İdeoloji Mərkəzinin dəstəyi ilə "Babək-44"  taborunun keçdiyi döyüş yolunu əks etdirən qısametrajlı sənədli film nümayiş etdirildi.  

Bəxtiyar ƏLİYEV
Ehtiyatda olan polkovnik-leytenant

 





30.12.2019    çap et  çap et