525.Az

"Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib


 

FƏRƏH ƏLİYEVA: "YÜKSƏLİŞ" MÜSABİQƏSİNİN MƏQSƏDLƏRİNDƏN BİRİ YENİ NƏSİL İDARƏÇİLƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİDİR"

"Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib<b style="color:red"></b>

Bakıda "Yüksəliş" müsabiqəsinin başlanılması ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib ki, bu müsabiqə kadr ehtiyatı bankının yaradılması üçün ən əlverişli müsabiqələrdən biri olacaq: "Yüksəliş" müsabiqəsində qarşıya qoyulan məqsədlərdən biri yeni nəsil idarəçilərin müəyyənləşdirilməsidir".

F.Əliyevanın sözlərinə görə, kadr ehtiyatı bankının yaradılması üçün bu müsabiqə ən əlverişli müsabiqələrdən biri olacaq.

Şöbə müdiri qeyd edib ki, dövlət qulluğunda namizədlər elan olunmuş konkret vakansiyalara malik olduqları biliklərdən istifadə etməklə mübarizə aparırlar: "Yüksəliş" müsabiqəsində isə seçim beynəlxalq aləmdə qəbul olunmuş kompitensiyaların aşkarlanmasına yönəlib. Biz idarəçiləri axtaranda tək onların intellektual səviyyəsini öyrənmirik, həm də onlarda hansı kompitensiyaların olduğunu öyrənirik. Bu sahədə kifayət qədər beynəlxalq təcrübə öyrənilib. Bu kompitensiyalar kadrla işləmək bacarığı, şəxsi, mənəvi-etik keyfiyyətlərdir. İdarəçi olan şəxsə insanların həyatı tapşırılır. İdarəçi olan insanların bir mənəvi kodeksi də olmalıdır. Həmin kompitensiyalar barədə müsabiqənin saytında kifayət qədər məlumatlar olacaq. İnsanlarda həm də elə təəssürat oyanmasın ki, imtahana gedirlər. İmtahan hər hansı nəticəyə gətirib çıxarır. Ola bilər ki, "Yüksəliş" müsabiqəsinə hazırda dövlət qulluğunda işləyən, müəyyən sahələrdə işləyən insanlar qatılsın. Bu müsabiqədə iştirakın onların karyerasına hər hansı mənfi nəticəsi olmayacaq".

F.Əliyeva nəzərə çatdırıb ki, indiyə qədər imtahanlar test üsulu ilə keçirilib: "Bu imtahanlarda subyektiv amil, insan qiymətləndirməsi olmayıb. "Yüksəliş" müsabiqəsində isə insan amili var. Yarımfinal və finalda iştirakçıları qiymətləndirənlər də insanlar olacaq. Onları qiymətləndirənlər ekspertlər, psixoloqlar, idarəçi şəxslər olacaq. Hətta onlara xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə treninqlər keçirəcəyik. Bu formatın özü bizim üçün yenidir. Bu prosesin şəffaf, obyektiv keçirilməsinə nəzarəti bizdən başqa media nümayəndələri də həyata keçirəcək. Biz media nümayəndələrini dəvət edəcəyik. Media nümayəndələri prosesi müşahidəçi kimi izləyə biləcək. Bu formatın özü də gələcəkdə yəqin ki, Azərbaycanda gələcəkdə keçiriləcək seçim strategiyasında bir təməl daşı kimi olacaq".

Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə isə "Yüksəliş" müsabiqəsinin tarixi bir müsabiqə olduğunu qeyd edib: "Müsabiqənin müəyyən mərhələləri DİM-ə tapşırılıb. Biz bu müsabiqədə dünyada istifadə olunan ən müasir alətlərdən istifadə edəcəyik. Son 20 ildə əldə etdiyimiz təcrübədən istifadə edərək, müsabiqənin yüksək səviyyədə keçirilməsinə nail olacağıq". DİM sədri deyib ki, "Yüksəliş" müsabiqəsində daha çox namizədlərin keyfiyyətləri yoxlanacaq: "DİM-in dövlət qulluğuna keçirdiyi imtahanlarda konkret olaraq normativ-hüquqi sənədlərdə müəyyən olunan parametrlərə əsasən seçim aparılır. Daha sonra isə müsahibə təşkil olunur. Müsahibələrdə isə namizədləri işə götürən insanlar iştirak edir. "Yüksəliş" müsabiqəsində isə namizədləri işə götürənlər iştirak etmir, bu müsabiqədə insanların keyfiyyətini müəyyənləşdirir, üzə çıxarırıq. Müəyyənləşdiririk ki, insanlar hansı dərəcədə kreativliyə malikdir, onların hansı ayrı xüsusiyyətləri var. Yəni onlar həmyaşıdlarından, bu sahədə iştirak edən insanlardan hansı xüsusiyyətlərinə görə seçilir. Bunlar daha geniş göstəricilərdir. Bu müsabiqədə psixometrik testlər də istifadə ediləcək. Psixometrik testlərin nəticəsində həmin insanlara məsləhətlər də verəcək. Tutaq ki, sizin kreativlik xüsusiyyətiniz var, liderlik xüsusiyyətinizi inkişaf etdirmək üçün müxtəlif treninqlərdən keçməlisiniz. Bu yanaşma insanın həm də özünə inamını artıracaq. İnsanların daxilini açıb ictimaiyyətə təqdim etmək üçün yaxşı bir fürsətdir. Onu da deyim ki, gələcəkdə dövlət qulluğuna qəbul da kompitensiya əsasında keçiriləcək".

Təşkilat Komitəsinin üzvü, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev "Yüksəliş" müsabiqəsinin mərhələləri barədə məlumat verib: "Müsabiqənin 5 ay davam etməsi nəzərdə tutulub. Müsabiqənin iyun ayında başa çatacağını düşünürük. Onu da deyim ki, müsabiqədə 20 qalib olacaq və onların həri birinə 20 min manat veriləcək. Məbləğin 10 min manatı həmin şəxsin təhsilinə, 10 min manat isə şəxsi xərc üçün nəzərdə tutulacaq".

Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, alitəhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və digərlərin idarə olunması nəzərdə tutulur. Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək. Müsabiqə Qeydiyyat, Onlayn seçim, Əyani seçim, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər: "Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək. Onlayn seçim mərhələsində qeydiyyat mərhələsini uğurla başa vuran bütün iştirakçılar iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi potensialları əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan dili və ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyat) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə) formatında keçiriləcək. Onlayn seçim bitdikdən sonra müvafiq video müraciəti Şəxsi Kabinetdə yerləşdirmiş iştirakçı Əyani mərhələdə iştirak hüququ qazanır. Bu mərhələdə iştirakçıların ümumi erudisiyaları ilə yanaşı, sosial intellekti, düşüncə sürəti və danışıq qabiliyyətləri də yoxlanılır. İştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, sözügedən mərhələdə əyani şəkildə iştirak edirlər. Üçüncü mərhələdən uğurla keçən iştirakçılar yarımfinal mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların idarəetmə, komanda və fərdi şəkildə işləmək bacarıqları məşğələ və tapşırıq üsulu ilə yoxlanılacaq. İştirakçılar üçün fərdi inkişaf planının hazırlanması məqsədilə iştirakçılar ekspertlərin, insan resursları üzrə mütəxəssislərin və öz sahəsində peşəkar sayılan insanlar tərəfindən müsahibə olunacaq. Nəhayət, yarımfinal mərhələsindən uğurla keçən iştirakçılar final mərhələsinə vəsiqə qazanırlar. Final mərhələsi çərçivəsində keçirilən tədbirlərdə iştirakçıların idarəetmə bacarıqları xüsusi tapşırıqların (işgüzar oyunlar, sosial layihələr və onların həlli, eskpertlərlə iş, müsahibələr) köməyi ilə qiymətləndirilir. Bu mərhələdə iştirakçılar İdarəçi rəhbərlərlə görüşəcək, onlarla birgə işgüzar müzakirələr, dəyirmi masalar təşkil olunacaq. Qaliblər müsabiqə bitdikdən sonra İdarəçi rəhbərlərlə fərdi inkişaf proqramı çərçivəsində birbaşa işləmək imkanı əldə edəcəklər. İştirakçıların yüksək intellektual zəka, qərar qəbuletmə, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi, diqqəti nəticələrə yönəltmək, strateji düşünmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin tətbiqi, innovativliklərin tətbiqi, büdcənin idarəedilməsi, sosial məsuliyyət kimi kompetensiyaları qiymətləndiriləcək".

Gənclər və İdman naziri Azad Rəhimov "Yüksəliş" müsabiqəsinin kadr potensialının yaradılmasında böyük rol oynayacağını vurğulayıb. O, müsabiqəyə 21-51 yaşlı insanların dəvət edilməsinin təsadüfi olmadığını vurğulayıb: "21 yaşlı gənclər çox fəaldır, dövlət və ölkə üçün önəmli işlər görməyə çalışırlar. 51 yaşa gəlincə, insanlar var ki, bu yaşa qədər özünü göstərə bilməyib, ancaq böyük təcrübəyə, biliyə malikdir. Ona görə də bu insanlara da şərait yaradılmasını nəzərdə tutmuşuq".

S.QARAYEVA

 





30.12.2019    çap et  çap et