525.Az

"Təhsil terminlərinin izahlı lüğəti" təqdim edilib


 

"Təhsil terminlərinin izahlı lüğəti" təqdim edilib<b style="color:red"></b>

Libraff Kitab mağazasında yenicə işıq üzü görmüş "Təhsil terminlərinin izahlı lüğəti"nin təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları, ziyalılar, təhsil işçiləri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik Misir Mərdanov çıxışında deyib ki, bu kitab ən azı məktəb direktorlarının, müəllimlərin, uşaqlarla sıx əlaqədə işləyən pedaqoqların stolüstü kitabına çevriləcək: "Dünyada qiymətləndirmə təhsilin əsas hissəsi hesab olunur. Bu kitab günün tələblərinə cavab verən nəşrdir. Kitabın hazırlanmasında orta məktəb işçisinin və akademiya əməkdaşlarının birgə əməyi olduğu üçün xüsusilə deyərlidir. Bu kitabı oxumaq, öyrənmək və öyrətmək lazımdır".

Qeyd olunub ki, kitabın müəllifləri Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin böyük məsləhətçisi Hüseyn Mirzəyev, Əməkdar müəllim Sevda Quliyeva və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin elmi işçisi Sevinc Səfərovadır. Lüğətdə hər bir leksik vahid termin söz birləşmələri onlara aid bütün materiallarla birgə ayrıca müstəqil lüğət məqaləsini təşkil edir. Lüğətdə sözlərin izahı Azərbaycan dilinin normalarına uyğun olaraq anlaşıqlı, axıcı, orfoqrafik və üslubi baxımdan ən münasib formada, yığcam sintaktik quruluşlu cümlələr vasitəsilə çatdırılmışdır".

Kitabın həmmüəlliflərindən Hüseyn Mirzəyev çıxışında bildirib ki, lüğətin qarşısına qoyulan vəzifələrə uyğun olaraq müəlliflər professional, elm və müasir cəmiyyətin inkişaf və nəaliyyətlərini ifadə edən, tanıdan xüsusi terminlər vasitəsilə mümkün qədər əhatə etməyə çalışıblar: "Lüğəti hazırlayarkən elə terminləri seçdik ki, təhsil üçün lazımlı, faydalı, əsas, oxucuya müəyyən biliklər aşılayan olsun. Lüğətin rus dilinə tərcüməsi ideyası da var. Bu lüğət elə sistemli prosesdir ki, mütləq təkmilləşməlidir. Çünki təhsil dəyişən prosesdir. Biz də bu lüğəti təkmilləşdirməyi qarşımıza məqsəd qoymuşuq".

Lüğətin rəyçisi, filologiya elmləri doktoru Nəriman Seyidəliyev çıxışında lüğətçilik haqqında geniş məlumat verib: "Dilçilik nəzəriyyəsində lüğətçilik bir elm sahəsidir. Kitabın müsbət cəhəti budur ki, burada valideyn komitəsi haqqında geniş məlumat və izahat var. Bəzən nə müəllimlər, nə də valideynlər bu vəzifənin səlahiyyətlərini, etməli olduqlarını bilmirlər. Bu izahlı lüğət onların suallarına cavab verəcək. Hər kəs üçün lazımlı və masaüstü kitabdır".

Tədbirdə İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi haqqında mərkəzin əməkdaşı Leyla Cabbarzadə məlumat verib: "İLM-Learn" Beynəlxalq Təhsil Mərkəzi 2015-ci ildə Londonda təsis edilmişdir. 2017-ci ildən isə Azərbaycanda fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq A-Level (Cambridge International Advanced Levels) təhsil pilləsini distant (məsafədən) tədris edən yeganə təhsil mərkəzidir. Mərkəzin əsas fəaliyyət istiqamətlərini ixtisas artırma, staj keçmə və kadrların təkmilləşdirilməsi, bütün səviyyələrdə ingilis dili, rus dili və digər dil hazırlıqları təşkil edir. Fəaliyyətə başladığımız müddət ərzində 100-ə yaxın şagird, tələbə, müəllim və iş adamı mərkəzimizdə hazırlıq kursu keçmiş, təlim və seminarlarda iştirak etmişdir".

Kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru Aytən Bəylərova belə möhtəşəm kitabın redaktəsini ona etibar etdikləri üçün müəlliflərə təşəkkür edib: "Bu, Azərbaycanda təhsil terminlərinə həsr olunmuş ilk izahlı lüğətdir. Bu kitabda təhsil sistemindəki yeniliklərin dilizə gətirdiyi terminlər öz əksini tapıb. Mən bu əsərə görə hər üç tərtibçiyə təşəkkürümü bildirirəm".

Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva bu kitabın təqdimatını elm aləmi üçün bayram adlandırıb: "Belə bir izahlı lüğətin nəfis şəkildə tərtibi önəmli addımdır. Təhsil sahəsində terminoloji izahlı lüğət biz təhsil işçiləri üçün çox vacib kitabdır və hər zaman istifadə edilən kitab olacaq. Müəlliflərə uğurlar arzu edir, gələcəkdə bu işin davam etdirilməsini diləyirəm".

Daha sonra professor İsmayıl Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, AMEA Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü və başqaları çıxış edərək lüğətin önəmindən danışıb, müəllifləri və təhsil işçilərini kitab münasibətilə təbrik ediblər.

Sonda kitablar qonaqlara hədiyyə edilib.

Şahanə MÜŞFİQ

 





30.12.2019    çap et  çap et