525.Az

Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri üçün maarifləndirmə tədbiri keçirilib


 

Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri üçün maarifləndirmə tədbiri keçirilib <b style="color:red"></b>

Dekabrın 27-də Bakı şəhərində fəaliyyət göstərən orta ixtisas təhsil müəssisələrinin, peşə və internat məktəblərin, həmçinin, Cəbrayıl, Zəngilan, Şuşa və Qubadlı  rayonların ümumtəhsil məktəblərin direktorlarının və həmin müəssisələrdə çalışan gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri - hərbi rəhbərlərin iştirakı ilə müşavirə keçirilib.

Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələrinin də iştirak etdikləri müşavirədə belə tədbirlərin şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynadığı  bildirilib. Çıxış edənlər minaların zərərsizləşdirməsi, əleyhqazlardan istifadə olunması, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursat aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması və bu barədə dərhal müvafiq orqanlara məlumat verilməsinin önəmini vurğulayıblar.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı müzakirələr də aparılıb. Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdən ibarətdir. O qeyd edib ki, yol hərəkəti mədəniyyətinin artırılması üçün əhali arasında maarifləndirmə və təbliğat-təşviqat işləri genişləndirilməli, yol-nəqliyyat hadisələrinin nəticələrinin aradan qaldırılması üzrə xilasetmə və ilk tibbi yardım fəaliyyəti təkmilləşdirilməli, yol infrastrukturunun təkmilləşdirilməsi, təhlükəsiz yollar və yol hərəkətinin səmərəli təşkili ilə bağlı investisiya qoyuluşları həyata keçirilməlidir.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin nümayəndələri yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərin, təlim və seminarların təşkil edildilməsinin vacibliyini bildiriblər.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

Rövşən AĞAYEV

 





30.12.2019    çap et  çap et