525.Az

“Zuğulba Saray”da uşaqlar üçün Yeni il şənliyi - Foto


 

“Zuğulba Saray”da uşaqlar üçün Yeni il şənliyi - <b style="color:red">Foto</b>

“Sity Service Company” və “Mangal Steak House” restoranlar şəbəkəsi yanvarın 4-də “Zuğulba Saray”da uşaqlar üçün Yeni il şənliyi təşkil edib.

Yeni il şousunda Xəzər rayonunun 8 qəsəbəsindən, uşaq evlərindən, şəhid ailələrindən, aztəminatlı ailələrdən, rus icmasından və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən 600-ə yaxın uşaq iştirak edib.

Şənlikdə Xəzər Rayon İcra Hakimiyyətinin, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, “Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin rəsmi nümayəndələri də iştirak edib. Uşaqlar şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gətiriliblər.
 
Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılıb.

Şou proqramda Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrından və Moskva şəhərindən dəvət olunmuş incəsənət nümayəndələri iştirak ediblər. Şənlikdə həmçinin uşaqlar üçün sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları təqdim olunub. Cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurub. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.

Qış nağılını xatırladan sarayda uşaqlar sevimli qəhrəmanların əhatəsində olub, onlarla birlikdə şənləniblər. “Sity Service Company” və “Mangal Steak House” restoranlar şəbəkəsinin həyata keçirdiyi bu sosial layihənin iştirakçısı olan uşaqların hər birinə bayram hədiyyəsi təqdim olunub.

“Sity Service Company”nin rəhbəri Namiq Məmmədov belə bir tədbirin ilk dəfə təşkil olunduğunu diqqətə çatdıraraq, bu xeyirxah missiyanın gələcəkdə də davam etdirilədəcəyini bildirib: “Bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Biz də şirkətimizin korporativ sosial məsuliyyət konsepsiyasına uyğun olaraq, bu istiqamətdə keçirilən tədbirlərdə fəal iştirak etməyə çalışır, xüsusi qayğıya ehtiyacı olan uşaqlara öz diqqətimizi göstərməyi zəruri hesab edirik. “Zuğulba saray”da təşkil etdiyimiz maraqlı Yeni il sousu, ləziz yeməklər və hədiyyələrlə onları sevindirməyə çalışdıq. Gələcəkdə 1500-ə yaxın uşağın iştirakı ilə belə bir tədbir təşkil etməyi düşünürük. Bu, bizim ilk belə tədbirimiz idi. Tədbirin ərsəyə gəlməsində əməyi olan təşkilatlara, xüsusilə də, Xəzər Rayon İcra Hakimiyyətinə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu xeyirxah missiyamız bununla bitməyəcək. Çalışacağıq ki, bundan sonra da davamlı olaraq belə tədbirlər təşkil edək”.

 





07.01.2020    çap et  çap et