525.Az

“Yeni Müsavat” qəzeti çapını bərpa etdi


 

“Yeni Müsavat” qəzeti çapını bərpa etdi<b style="color:red"></b>

“Yeni Müsavat” qəzeti noyabrın 12-də yenidən köşklərə çıxıb. Qəzetin rəhbərliyi satışa törədilən maneələr nəticəsində yaranmış maliyyə böhranına görə noyabrın 10-dan çapı dayandırmışdı. Redaksiya bəyan etmişdi ki, qəzetin mövcudluğuna mane olanlara etiraz olaraq atılan bu addımla vətəndaşların, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini yaranmış problemin ciddiliyinə cəlb etmək fikrindədir.

“Musavat.com”a açıqlama verən baş redaktor Rauf Arifoğlu deyib ki, hazırda redaksiyanın “Qasid” firmasından 30 min manat alacağı var, oktyabrın 15-dən isə metro stansiyalarında qəzetin satışına qadağa qoyulub. O əlavə edib ki, hazırda “Yeni Müsavat”ın üzərində 57 500 manat məhkəmə cəriməsi var, həmçinin qəzet “Azərbaycan” nəşriyyatına borcludur.

Noyabrın 10-da və 11-də köşklərə çıxmayan “Azadlıq” qəzeti də bu gün işıq üzü görüb. “Azərbaycan” nəşriyyatının bu qəzetə verdiyi müddət noyabrın 12-də başa çatıb. Noyabrın 7-də nəşriyyatın direktoru Ağabəy Əsgərov baş redaktor Qənimət Zahidə nəşriyyata olan borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərib. Məktubda deyilir ki, hər iki tərəf arasında bağlanmış müqavilələrə əsasən, 7 noyabr 2013-cü ilədək 24098 manat debitor borcu yaranıb, noyabrın 12-dək borclar hissə-hissə ödənilmədiyi halda qəzetin çap edilməsi və digər xidmətlərin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində qalacaq.

 





12.11.2013    çap et  çap et