525.Az

UNEC-də imtahan zamanı


 

QIŞ İMTAHAN SESSİYASINDA ÜMUMİLİKDƏ 12412 BAKALAVR VƏ 3360 MAGİSTR İŞTİRAK EDƏCƏK

UNEC-də imtahan zamanı<b style="color:red"></b>

Dekabrın 28-dən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019-2020-cu tədris ilinin qış imtahan sessiyasına start verilib. Sessiya 28 dekabrdan 31 yanvaradək davam edəcək. Qış imtahan sessiyası zamanı bakalavr səviyyəsində 12412 nəfər tələbənin 6 fənn üzrə biliyinin qiymətləndirilməsi həyata keçiriləcək. Magistratura səviyyəsi üzrə 3360 nəfərin attestasiyası nəzərdə tutulub. Zaqatala filialı üzrə isə bakalavr səviyyəsində 628 tələbə imtahan sessiyasında iştirak edəcək. UNEC nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində attestasiya olunacaq tələbə sayı 1210 nəfərdir.  

UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi, Türk Dünyası İşlətmə Fakültəsi, UNEC Biznes Məktəbi (MBA) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bütün fənlər üzrə, Magistratura Mərkəzi və Texnologiya və Dizayn fakültəsi üzrə isə ixtisas fənləri və qabiliyyət imtahanları ənənəvi olaraq yazılı formada keçirilir.

Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il də ötən illərdə olduğu kimi, yay imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib. UNEC-in İctimai Nəzarət Şurasında UNEC-in İctimai Nəzarət Şurasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı, "Azad Müəllimlər" İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, "525-ci qəzet"in müxbiri Sevinc Qarayeva təmsil olunur.

Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan Şura üzvləri "Açıq qapı" keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyəcəklər. Eyni zamanda, sessiyanın yekunlarına dair müzakirələri də onlar aparacaqlar.

Şəffaflığın və obyektivliyin daha da effektiv təmin edilməsi məqsədi ilə sessiya dövründə UNEC-in "Qaynar xətt"i 1846 müraciət və sorğuları operativ qəbul edir. Hər il olduğu kimi, bu il də UNEC-in "Qaynar xətt" xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. "Qaynar xətt"ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır.

Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə yaradılmış imtahan komissiyaları tələbələrin müraciətlərini qəbul etməyə hazırdır. Komissiyalar sessiya müddətində yarana biləcək sual və müraciətlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda mümkün nöqsanların aradan qaldırılması sahəsində zəruri addımlar atacaqlar.

UNEC rektoru, professor Ədalət Muradov deyir ki, əsas məqsəd tələbələrin biliyinin obyektiv qiymətləndirilməsidir: "Biz təkcə savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdiririk. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək bizim iş prinsipimizdir. Şəffaflığın və obyektivliyin təmin olunması baxımından imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il jurnalistlər nəzarətçi qismində imtahanlara cəlb olunub. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən jurnalistlər sərbəst şəkildə imtahanları izləyə bilərlər".

Rektor bildirib ki, qarşıdan gələn növbəti yay imtahan sessiyasında hər bir tələbəyə müvəffəqiyyətlər arzulayır: "Yeni bilik və bacarıqlara sahiblənmək üçün böyük həvəslə çalışdığınız növbəti tədris ilinə yekun vurmaqdasınız. Əminəm ki, əzmkarlıq və zəhmət sayəsində hədəfinizə doğru yeni-yeni uğurlar qazanacaq, bilik mübarizəsində layiqli nailiyyətlər əldə edəcəksiniz. Qarşıdan gələn yaz imtahan sessiyasında obyektivlik və şəffaflıq hər zaman olduğu kimi, bizim dəyişilməz mövqeyimiz olaraq daim qorunacaq.

Hörmətli valideynlər, hər uğurunda böyük əməyiniz olan övladlarınıza dəstək olmaq üçün sizi imtahan prosesini izləməyə dəvət edirəm. Hər birinizi universitetimizdə görməkdən böyük məmnunluq hissi duyarıq.

Ənənəmizi qoruyaraq, bu imtahan sessiyası müddətində də tələbə, valideyn və ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləmək üçün hər həftənin şənbə günü saat 10:00-dan başlayaraq universitetimizdə "Açıq qapı" təşkil ediləcək.

KİV, qeyri-hökümət təşkilatları və ictimaiyyət nümayəndələrini imtahan sessiyasını yaxından izləmək, "Açıq qapı" günlərində iştirak etmək və müstəqil təhlillər aparmaq üçün UNEC-ə dəvət edirik. Hər bir rəy bizim üçün dəyərlidir.

Hər hansı sual və təklifə görə universitetin 1846 Qaynar xətti, imtahan prosesi barədə mərkəzləşmiş Apellyasiya Komissiyası və hər tədris binasında fəaliyyət göstərən Qərargahlar yenə də xidmətinizdə olacaq. İmtahan sessiyası ilə bağlı bütün müraciətlərinizi bu məqsədlə yaradılmış və imtahan sessiyası müddətində fəaliyyət göstərəcək "UNEC İmtahan" facebook səhifəsinə ünvanlaya bilərsiniz".

Hər sessiya dövründə olduğu kimi, bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də "Qərargah" yaradılıb. "Qərargah" bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərəcək. İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən "Qərargah"lar daxil olan bütün müraciətləri dinləyərək, problemləri operativ araşdıraraq, cavablandıracaq.

 "Qərargah"ların əlaqə nömrələri:

 əsas tədris binası: 18 46 "Qaynar xətt" (200-cü otaq, 492-59-03)

2-ci tədris binası: 564 40 39 (100-cü otaq),

4-cü tədris binası: 440 76 43 (414-cü otaq).

 

Bundan başqa, tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar və əşyalarını yerləşdirmək üçün saxlanc otaqları ayrılıb.

İmtahanlara hazırlaşan tələbələrə 24 saat fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası xidmət göstərir. Tələbələr həmçinin, tədris korpuslarında imtahan sessiyası ilə əlaqədar gücləndirilmiş rejimdə 22.00-dək fəaliyyət göstərən Oxu zallarından istifadə edə bilərlər.

S.QARAYEVA

 





08.01.2020    çap et  çap et