525.Az

DİM doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elan edib


 

DİM doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elan edib<b style="color:red"></b>

Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci il yanvarın 10-dan 20-dək 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir.

DİM-dən APA-ya verilən məlumata görə, bu müddət ərzində 2019-cu ilin dekabrında keçirilən sənəd qəbulu kampaniyası dövründə doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara təqdim etmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

Müqayisə üçün bildiririk ki, respublikamızda müvafiq xarici dil imtahanlarında iştirak üçün iddiaçılar aşağıdakı məbləğdə ödəniş etməli olurlar: IELTS – 350 manat, TOEFL – 306 manat, TestDaF – 274 manat, DELF – 115 manat, DALF – 130 manat.

DİM-in internet saytında namizədlərin imtahan verəcəkləri xarici dilin seçiminə qoyulan tələblər haqqında ətraflı məlumat verilib (http://www.dim.gov.az/news/4626/).

Qeyd edək ki, sənəd qəbulu zamanı xarici dil seçimini düzgün etməyən və ya seçdikləri xarici dili dəyişmək istəyən şəxslər xarici dil imtahanına qeydiyyat aparılan müddət ərzində (şənbə, bazar günləri və Ümumxalq hüzn günü istisna olmaqla) DİM-in Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən ofisinə müraciət edib, şəxsiyyəti təsdiq edən sənədlərini və onların surətini təqdim etməklə seçimlərini dəyişə bilərlər.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana buraxılmırlar.

Xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Həmin şəxslər DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin və sertifikatlarının əslini və surətini 2020-ci il yanvar ayının 13-dən 15-dək saat 10-dan 17-dək olan müddət ərzində DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) yerləşən ofisində yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının tarixi barədə yaxın günlərdə məlumat veriləcək.

 





10.01.2020    çap et  çap et