525.Az

"Təhsil terminlərinin izahlı lüğəti"


 

BU YAXINLARDA ÇAPDAN ÇIXMIŞ EYNİADLI KİTAB HAQQINDA QEYDLƏR

"Təhsil terminlərinin izahlı lüğəti"<b style="color:red"></b>

Kitabların tipoloji sistemində lüğət, yəqin ki, hər zaman birinci sırada dayanır: işləklik dərəcəsinə, hər kəsə gərəklik keyfiyyətinə görə.

Lüğətlər də çeşidli tipoloji sistemə sahibdir: hər hansı ögey dildən doğma dilə tərcümə lüğətləri, ensiklopedik lüğətlər, izahlı lüğətlər, hər hansı sahəni əhatə edən izahlı lüğətlər. Bütün tip lüğətlər anlayışları dərk etmək işində hər kəsin yaxın köməkçisi, yol göstərənidir. Ensiklopedik izahlı lüğət hər yerdə - işdə, məktəbdə, xüsusilə ailədə gərəkli kitab formatı kimi çox qiymətlidir. Qloballaşma şəraitində dillərin bir-birinə inteqrasiyası, yeni terminlərin meydana çıxması bir tərəfdən hər bir dilin lüğət tərkibinin zənginləşməsinə xidmət edirsə, digər tərəfdən güc dövlətlərinin dilinə müəyyət ehtiyac yaradaraq doğma dilin zəifləməsini, bir sıra hallarda bu dilə etinasızlığı meydana çıxarmaqdadır. Bütün bu narahatlıqlara görədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncamları ilə milli dilimizin yad təsirlərdən qorunması, milli resurslar hesabına zənginləşdirilməsi, teleradiolarda dilimizin yüksək şəkildə tətbiqi və digər məsələlərlə bağlı proqramların həyata keçirilməsi prosesi gündəmdədir. Bu sahədə, yenə təkrar edirik, müxtəlif tipli lüğətlərin hazırlanması və nəşr edilməsi vacib şərtlərdən biridir. Son vaxtlar AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı müxtəlif səpkili lüğətlər dilimizin qorunması, zənginləşdirilməsi və nəhayət, hər kəsin anında istifadəsinə şərait yaratmasına çox kömək etməkdədir. Bu sırada "Zərdabi Nəşr" MMC-nin nəşr etdiyi "Təhsil terminlərinin izahlı lüğəti" çox mühüm əhəmiyyətə malikdir. İlk növbədə onu deyək ki, bu lüğəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin böyük məsləhətçisi Hüseyn Mirzəyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi Sevda Quliyeva, AMEA Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin elmi işçisi Sevinc Səfərova kimi tanınmış mütəxəssislərdir. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi Aytən Bəylərova, rəyçiləri filologiya üzrə elmlər doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi Nəriman Seyidəliyev və yenə də həmin institutun tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi Arzu Hüseynovadır. Biz bu müəlliflərin, redaktor və rəyçilərin ünvanlarını ona görə dəqiq təqdim edirik ki, oxucu bu izahlı lüğətin birbaşa təhsil və dilçilik sahəsi ilə bağlı olduğunu görsün və kitabın məhz buna görə də çox keyfiyyətli hazırlandığına əmin olsun.

Hər kəsin gözü qarşısındadır ki, indi dünya az qala hər gün dəyişməkdə, yeniləşməkdədir. İnformasiya texnologiyasının sürətli inkişafı bizi də bu dəyişmələrlə tanış edir. Bu dəyişmələr, əslində, XXI əsrin çağırışları kontekstində baş verir və biz belə bir qənaətə gəlirik ki, XXI əsrin çağırışlarının əsas ünvanlarından biri təhsil sistemidir. Azərbaycanda təhsil sistemi daim dövlət qayğısı ilə əhatə olunmaqdadır və bu qayğıya, bu diqqətə cavab kimi təhsil nazirliyinin qlobal işi göz qabağındadır. Adını çəkdiyimiz müəlliflərin "Təhsil terminlərinin izahlı lüğəti" kitabı həmin çağırışlara bir cavab kimi də qiymətləndirilə bilər. Çünki təhsilimizin dünya təhsil sisteminə sürətli inteqrasiyası orta məktəbdən başlamış ali təhsil sisteminədək hər yerdə həm də yeni sözlər, yeni terminlərlə üzləşməkdədir. Hər hansı bir elm sahəsini anlamaq isə ilk növbədə o sahənin terminlərinə bələdlikdən başlayır. "Təhsil terminlərinin izahlı lüğəti" məhz bu ideyaya, bu gerçəkliyə xidmət edir.

İzahlı lüğət özündə iki mühüm aspekti ehtiva edir: birincisi, ana dilimizin hesabına tarixən yaranmış və müntəzəm olaraq yaranmaqda davam edən terminlərin geniş semantikası; ikincisi, alınma sözlərlə tarixən dilimizə keçmiş və bu gün də keçməkdə olan alınma terminlərin məna tutumunun izah edilməsi;

Xüsusi qeyd edək ki, yuxarıda dediyimiz kimi, təhsil sahəsinin getdikcə dəyişməsi, yeniləşməsi, Azərbaycan təhsil sisteminin dünya təcrübəsinə transformasiyası bu sahədə işlənən beynəlxalq terminlərlə bağlı alınma sözləri qaçılmaz edir. Məsələn, bu gün istər orta məktəbdə, istərsə də ali təhsil sistemində işlədilən alt-standart, summativ qiymətləndirmə, diaqnostik test, fakültətiv, innovasiya, interaktiv təlim, kampus, kollokvium, boloniya kredit (təhsillə bağlı), kurikulum, magistratura, sillabus, test, tyutor və s. kimi çoxsaylı terminlər alınmalara aiddir ki, onların izahlı lüğəti çox vacib bir vəsait kimi bizə gərəkdir.

Lüğətdə izahı verilən bir sıra terminlər var ki, ilk baxışda onları təhsil sahəsinə aid olmayan anlayışlar kimi düşünmək olar. Məsələn, adaptasiya, adekvat, elita, evristika, kommunikasiya, kontekst, multimedia və digər bu kimi anlayışlar nəzərdə tutula bilər. Lakin əvvəla belə bir adi həqiqət var ki, əslində, dilimizdə təhsilə bağlı olmayan söz yoxdur. Çünki orta məktəb, ali məktəb bədii ədəbiyyat nümunələrindən tutmuş, fizikadan, lirikadan tutmuş triqonometriyaya, riyaziyyatdan bütün istiqamətlərdə minlərlə sözün bu və ya digər məqsədlə işləndiyi yerdir. Amma "Təhsil terminlərinin izahlı lüğəti"nin müəllifləri bu böyük söz baqajını, əlbəttə, əsasən "Azərbaycan dilinin izahlı lüğəti" milli ensiklopediya kimi fundamental vəsaitlərin öhdəsinə buraxmaqla, çox doğru olaraq, özləri də təhsildə özünü mütləq göstərən ümumişlək söz və terminlərdən də yan keçməmişlər.

İzahlı lüğətin müəllifləri kitaba çox qısa, amma çox aydın bir formatda yazdıqları "Ön söz"də tamamilə doğru qeyd edirlər ki, "bu lüğət öz elmi dəyəri ilə bərabər, həm də tətbiqi mahiyyət daşıması ilə seçilir. Bu lüğətdən respublikamızın tədris və təhsil sistemi ilə bağlı olan, ixtisasından asılı olmayaraq ali və orta məktəblərdə çalışan bütün mütəxəssislər, peşəkarlar, həmin tədris ocaqlarında oxuyan tələbə və şagirdlər faydalanacaqlar". Biz də əlavə edək ki, bu kitab çoxsaylı media işçiləri, jurnalistlər üçün də maraqlı söz mənbəyi rolunu oynayacaq. Sonda bu kiçik qeydlərimizi Ulu öndər Heydər Əliyevin tarixlərə düşəcək aşağıdakı sözləri ilə bitirmək istərdik: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babamızdan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı gözbəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".

Şəlalə RƏHİMOVA
Heydər Əliyev adına liseyin müəllimi, qabaqcıl təhsil işçisi

 





10.01.2020    çap et  çap et