525.Az

Azərbaycanlı olmaq


 

DİN, MİLLƏT FƏRQİ OLMAYAN VƏTƏN

Azərbaycanlı olmaq<b style="color:red"></b>

"Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır. "Azərbaycan" sözü bizi həmişə birləşdirib."

Heydər Əliyev
Ümummilli lider 

Milli, irqi, dini zəmində ayrı-seçkiliyin və şiddət əsaslı çağırışların artdığı dövrdə yalnız bir müsəlman ölkəsi var ki, heç bir fərq qoymadan bütün xalqların və dinlərin yanaşı yaşadığı məkana çevrilərək hər bir sakininə vətən olmağı bacarır. O ölkə Azərbaycandır. Burada yaşayan hər bir millətin nümayəndəsi də azərbaycanlıdır. Onlar üçün dini müxtəlifliklər ayırıcı fərqləri deyil, ortaq keçmişi, ümumi dəyərlərə əsaslanan dinc yanaşı yaşamaq prinsiplərini və vətənin bölünməzliyi ideyasını çağırışdırır. Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarının rəhbərləri ilə görüşündə söylədiyi fikirlər bu baxımdan xüsusi maraq doğurur: "Bilirsiniz, təxminən 1988, 1989-cu illərdən başlayaraq Sovetlər İttifaqından Qərb ölkələrinə, Amerikaya, İsrailə yəhudilərin axını güclü olmuşdur. Azərbaycandakı bu proses, eyni zamanda, Azərbaycanda gedən ictimai-siyasi proseslər Ermənistan-Azərbaycan müharibəsinə görə və daxildə vəziyyət çox gərgin olduğuna görə daha da çətin olmuşdur. Ancaq 1993-cü ildən biz Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin edə bildik və insanların miqrasiyası çox kəskin şəkildə dayandı. Hətta sizə deyə bilərəm ki, vaxtilə Azərbaycandan İsrailə köçmüş insanlar - yəhudilər indi artıq Azərbaycana dönürlər". Bəs bu model müsəlman dünyasının digər dövlətləri üçün bir nümunə ola bilərmi?

Bildiyimiz kimi, qarışıq və bütün istiqamətlər üzrə bir-birilə sıx bağlı olaraq xarakterizə etdiyimiz müasir dünya sistemində fərqli etnik qrupların inteqrasiyası və din ilə dövlət arasındakı həssas balansın qorunması mütləqdir. Ona görə də, türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olmaqla yanaşı, qızlar üçün ilk məktəb, ilk qərb üslubunda teatr, ilk opera və ilk elmlər akademiyasının yaradılması kimi yeniliklərə imza ataraq tarixin bütün mərhələlərində dünyəviliyə dəstəyin ən yüksək səviyyədə hiss olunduğu Azərbaycan haqlı olaraq ən mütərəqqi və dünyəvi İslam cəmiyyətləri sırasında olduğunu iddia edir.

Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olaraq tarixə düşmüş Azərbaycan Demokratik Respublikası bir çox dövlətlərin bir neçə onilliklər, hətta əsrlər sərf edərək görüdüyü işləri mövcud olduğu cəmi iyirmi üç ay ərzində həyata keçirmişdir. Belə ki, demokratik idarəçilik üsulunun və multikultural cəmiyyətin təcəssümü olaraq bu dövrdə formalaşdırılmış ilk parlamentdə azərbaycanlı çoxluqdan əlavə, rus, polyak, yəhudi və alman azlıqlarının nümayəndələri də təmsil olunmaq hüququ qazanmışdılar.

70 il Sovet əsarətində sonra 1991-ci il oktyabr ayının 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə öz müstəqilliyini yenidən qazanmış Azərbaycanın ən ali hüquqi sənədi hesab edilən Konstitusiyanın 25-ci maddəsinin 3-cü bəndində də təsbit olunduğu kimi dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən və sosial statusundan asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 44-cü maddəsinə əsasən, "hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". Mədəniyyət haqqında qanunun 6-cı maddəsində də müvafiq qaydada əks edildiyi kimi "Dövlət cinsindən, irqindən, dilindən, dini və siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sosial mənşəyindən, sağlamlıq imkanlarından, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin mədəniyyət sahəsində öz hüquq və azadlıqlarını həyata keçirməsinə təminat verir". Həmçinin, "Təhsil haqqında" qanunun 6-cı maddəsinə və "Dövlət dili haqqında" qanunun 3-cü maddəsinə uyğun olaraq təhsilalanların təhsil dilini sərbəst seçmək hüququ var, ancaq belə təhsil müəssisələrində Azərbaycan dilinin də tədrisi mütləqdir.

Hazırda Azərbaycanın dövlət strukturlarında müxtəlif milli azlıqlar geniş təmsil olunur. Milli azlıqların nümayəndələri yerli hakimiyyət orqanlarında, yerli idarəetmə qurumlarında və digər strukturlarda rəhbər vəzifələr tutmaqla yanaşı, Parlamentdə də təmsil olunurlar.

Dövlət başçısının "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu unikal təcrübə artıq bir çox ölkələr tərəfindən öyrənilir. Bu, həqiqətən belədir. Bu, həm dövlət siyasətidir, həm də cəmiyyətdən gələn sifarişdir" fikrini bildirməsi onu deməyə əsas verir ki, dövlət siyasəti və ölkədəki mədəni ənənələrə və millətlərin yaxınlığı prinsipinə bağlı olaraq etnik tolerantlıq üçün güclü tarixi-ənənəvi əsas mövcuddur.

Hazırda Azərbaycan Respublikası ərazisində rəsmi qeydiyyatdan keçmiş 510-dan çox dini icma var. Xristianlıq və İudaizm Azərbaycanda İslamla yanaşı mövcud olmuşdur və hal-hazırda da mövcuddur. Belə ki, müxtəlif dinlərin nümayəndələri qarşılıqlı hörmət prinsipinə əsasən birlikdə yaşayır və bir-birlərinin ictimai və mədəni həyatlarında fəal iştirak edirlər. 

Bütün bunları daha əhəmiyyətli edən ən əsas faktor isə Azərbaycanın müsəlman kimliyindən uzaqlaşmayaraq İslam dünyasına heç vaxt kənar olmaması və dinlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində körpü rolunu oynamasıdır. Cənab Prezidentin cari ilin noyabr ayının 14-də ölkəmizin ev sahibliyi etdiyi dini liderlərin II Sammitinin açılış mərasimindəki çıxışı zamanı qeyd etdiyi kimi, "dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Biz İslam dininə sadiqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır".

Müasir siyasi yanaşmalarda və siyasi fəlsəfədəki multikulturalizm ideyası mədəni və dini müxtəliflik ilə bağlı çağırışların düzgün qəbul edilməsi və onlara adekvat cavab verilməsindən ibarətdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan nəinki uğurlu təcrübəyə sahib ölkə, həmçinin, bütün müsəlman dövlətləri üçün nümunə hesab olunacaq yeni yanaşmanın da yaradıcısı olaraq təqdim olunmalıdır.

Aytən QURBANOVA
Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər kafedrası

 





10.01.2020    çap et  çap et