525.Az

Azərbaycan tarixinin inqilabi islahatlar ili


 

"2020-Cİ İLDƏ DƏ ÖLKƏMİZ UĞURLA İNKİŞAF EDƏCƏK, DAHA GÜCLÜ DÖVLƏTƏ ÇEVRİLƏCƏK"

Azərbaycan tarixinin inqilabi islahatlar ili <b style="color:red"></b>

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə müxtəlif sahələrdə əldə edilmiş nəticələr təhlil olunub, dövlət başçısı tərəfindən yeni tapşırıqlar verilib. Müşavirədə təqdim edilən göstəricilərdən bəlli olub ki, ümumilikdə 2019-cu il Azərbaycan üçün uğurlu il olub, qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib, ölkənin dayanıqlı inkişafı təmin olunub.

Region ölkələrində, dünyanın digər nöqtələrində müxtəlif sahələrdə geriləməyə, qeyri-sabit vəziyyətə, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması və s. baxmayaraq, 2019-cu ildə də Azərbaycan sabitlik şəraitində yaşayıb və inkişaf edib. Ölkəmiz bu gün digər göstəriciləri ilə yanaşı, sabitliyin təmini baxımından da nümunə hesab olunur.

Dövlət başçısı bununla bağlı müşavirədə deyib ki, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalq tərəfindən hakimiyyətə göstərilən dəstək, həyata keçirilən siyasətə verilən yüksək qiymət həm iqtidarı daha da ruhlandırır və eyni zamanda, ölkədə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir.

2019-cu ildə Azərbaycanın beynəlxalq əlaqələri möhkəmlənib, ölkəmiz bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və ölkənin beynəlxalq aləmdə gücü də ildən-ilə artır.

Ötən il həm də ölkəmizin hərbi potensialının daha da güclənməsi ilə yadda qaldı. Bu gün Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir.

İqtisadi sahədə də göstəricilər uğurludur. Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra edib. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salıb. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir.

2019-cu il Azərbaycan tarixində həm də dərin islahatlar ili olub. Bu islahatlar həm siyasi, həm iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində aparılıb. 2019-cu ildə ümumi daxili məhsul 2,2 faiz artıb, qeyri-neft sektorunda bu artım 3,5 faiz təşkil edib. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz yüksəlib, kənd təsərrüfatı 7 faiz, bitkiçilik 10 faizdən çox artıb. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olub. Qeyri-neft ixracı 14 faiz artıb, valyuta ehtiyatları isə 6,4 milyard dollar çoxalaraq 51 milyard dollara çatıb.

Ötən il həm də ölkəmizdə Azərbaycan və MDB tarixində ən böyük sosial paket reallaşdı. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi. 2019-cu ildə minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Dövlət başçısı müşavirədə 2020-ci ilin ölkəmiz üçün uğurlu olacağını, Azərbaycanın daha güclü dövlətə çevriləcəyini vurğulayıb.

İlham Əliyev Azərbaycanın Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqladığına da diqqət çəkib. Prezident vurğulayıb ki, Ermənistanın baş nazirinin gəldiyi qənaətə görə, Ermənistan Azərbaycanı bir çox parametrlər üzrə qabaqlayır. Belə bir fərziyyənin heç bir əsası yoxdur. 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar olub. Ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. Sərmayə qoyuluşu - keçən il Azərbaycana 13,5 milyard dollar, Ermənistana 900 milyon dollar, fərq 15 dəfədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır.

Mövzu ilə bağlı fikirlərini açıqlayan "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib ki, Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanla Ermənistanı müqayisə etməsi müasir, inkişaf etmiş ölkələrə xas olan bütün ölçü parametrləri üzrə ölkəmizin Ermənistanı böyük fərqlərlə üstələdiyinə hamını inandırdı. Onun sözlərinə görə, müşavirədə Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, biznes və beynəlxalq inteqrasiya müstəvisində çox uğurlu inkişaf yolu keçdiyi bütün dünyaya bir daha nümayiş etdirildi: "Prezident iki ölkənin inkişafını və tənəzzülünü o qədər çoxsaylı və dəqiq faktlarla əsaslandırdı ki, onları təkrar etmək yox, ifadə etdiyi məzmuna diqqət yetirmək kifayətdir. Saysız parametrlərin hər biri üzrə iki ölkənin fərqi bəzən hətta 10 dəfədən çox olmaqla Azərbaycanın xeyrinədir. Azərbaycan prezidentinin gətirdiyi müqayisəli rəqəmlər Azərbaycanın yüksək, Ermənistanın isə utancgətirən aşağı vəziyyətdə olduğunu xarakterizə edir. Prezident İlham Əliyev Ermənistanın həqiqi vətənpərvər qüvvələrinə bu ölkənin nə qədər miskin vəziyyətdə olduğuna dair sanballı düşüncə materialları verdi. İlham Əliyevin Azərbaycanı və Ermənistanı faktlarla müqayisə etməsi Ermənistanda hələ uzun müddət iqtidar və müxalifət ideoloqları tərəfindən müzakirə olunacaq. Dövlət başçısının məntiqli və faktoloji müqayisəsinin Ermənistanda keçmiş və indiki hakimiyyətlər əleyhinə yeni böyük etiraz dalğası doğuracağı şübhəsizdir".

A.Quliyev qeyd edib ki, Azərbaycan Prezidentinin "Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır" fikri bu ölkənin daxili və beynəlxalq vəziyyətinə dəyişdirici təsir gücünə malik strateji xarakterlidir: "Prezident İlham Əliyev Ermənistanın bir dövlət kimi tənəzzülü və Azərbaycandan çox geridə qalmasını bu ölkənin təcavüz və davakar siyasəti ilə klassik şəkildə əlaqələndirə bildi. Dünya bir daha gördü ki, hətta təcavüz qurbanı olduğu şəraitdə də Azərbaycan stabil inkişaf gücünə malik olduğu halda, Ermənistan təcavüzkar siyasət apardıqca onun daha dərin iflasa gedəcəyi qaçılmaz olacaq. Əminəm ki, indiyə qədər Ermənistanın özündə onun Azərbaycanla müqayisədə bu qədər rüsvayçı geriliyini sübut edən çoxsaylı faktlar bir arada təqdim edilməmişdi. Azərbaycan Prezidenti ermənilərin içində yaşadığı fəlakətləri onların özünə çox təsirli səviyyədə göstərdi. Ermənistan əhalisi Prezident İlham Əliyevin faktlarından sonra Paşinyan kimi rəhbərlərin onları illərlə necə aldatdıqlarına bir daha əmin olacaq. Paşinyanın bir neçə gün əvvəl guya Ermənistanın ÜDM səviyyəsinə görə Azərbaycandan üstün olması barədə Dünya Bankının adından uydurduğu yalan ölkənin öz içində ifşa olunandan sonra o, növbəti sarsıdıcı zərbəni Azərbaycandan aldı". Ekspert vurğulayıb ki, ermənilər özlərinə hörmət qoysa, onları bu günə salan və böhranı daha da dərinləşdirən hakimiyyəti yıxmaq üçün ayağa qalxar, əslində, bu perspektiv istisna olunmur.

Milli Məclisin deputatı Sona Əliyeva isə deyib ki, ölkə başçısı cənab İlham Əliyev 2019-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirilən müşavirədə Azərbaycanla Ermənistanı müqayisə etdi və iki ölkənin iqtisadi göstəricilərini söylədi. Prezidentimiz haqlı olaraq bildirdi ki, Azərbaycan dünyanın aparıcı təşkilatlarının hazırladığı statistik göstəricilərdə ali, Ermənistan isə üçüncü liqadadır. Bu, işğalçı ölkənin gündən-günə hansı uçuruma sürükləndiyinin göstəricisidir. Deputat əmin olduğunu bildirib ki, bu göstəricilər gec-tez özünü Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə müsbət təsir göstərəcək: "Çünki bir ölkənin gücü onun iqtisadi göstəricilərindən bilavasitə asılıdır. Azərbaycan isə bu mənada işğalçı ölkəni durmadan, günbəgün üstələyir. Azərbaycan bu gün dünya ölkələri üçün etibarlı tərəfdaşdır. İri, beynəlxalq əhəmiyyətli layihələrə donorluq edir. Ölkə başçısının da qeyd etdiyi kimi keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr çox yaxşı səviyyədədir. Təkcə 2019-cu ildə ümumi daxili məhsul 2,2 faiz artıb. Qeyri-neft sektorunda bu artım 3,5 faizə bərabərdir. Yola saldığımız ildə sənaye istehsalı 1,5 faiz artıb. Buna baxmayaraq, qeyri-neft sektorunda sənaye istehsalında 14 faiz artım müşahidə olunub. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin əyani təzahürüdür".

Deputat vurğulayıb ki, bu gün Azərbaycan bütün dünyada sülh adası kimi tanınır: "Bölgənin, regionun ən stabil ölkəsidir. Bunun nəticəsidir ki, ötən il turistlərin ölkəmizə səfərləri rekord həddə çatdı. Yəni 3 milyon 170 min xarici qonaq ölkəmizə gəldi. Onlar daha çox regionlara səfərlər etdilər. Bu da bölgələrimizdə turizmin inkişafının hansı səviyyədə olduğunun göstəricisidir. Ötən il xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Bu da ölkəmizə artan marağın göstəricidir".

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, arxada qalan hər il görülən işlərin hesabatı, növbəti il üçün hədəflərin müəyyənləşdirilməsinə geniş imkan yaradan dövr kimi xarakterizə olunur: "Sevindirici haldır ki, ötən ili əvvəlki illə müqayisə etdikdə bütün sahələrdə təkmil islahatların həyata keçirilməsi nəticəsində möhtəşəm uğurlara imza atıldığı, ən əsası Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gedən yolun bir addım da yaxınlaşdığı diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə səsləndirilən rəqəmlər, bu və ya digər sahələrdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar da deyilənlərin təsdiqidir".

V.Rəhimzadə qeyd edib ki, Prezidentin müşavirədə vurğuladığı kimi, 2019-cu il ölkəmiz üçün uğurlu il olub: "Hər bir ölkənin inkişafında əsas amil olan sabitlik və iqtisadi tərəqqi yüksək səviyyədə təmin olunub".

PƏRVANƏ

 





15.01.2020    çap et  çap et