525.Az

Dağıstanın Xalq şairi Rəsul Həmzətov Bakıda yad edilib


 

Dağıstanın Xalq şairi Rəsul Həmzətov Bakıda yad edilib<b style="color:red"></b>

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Rusiyanın görkəmli şairi, Dağıstanın Xalq şairi Rəsul Həmzətovun 90 illiyinə həsr olunmuş musiqili ədəbi gecə keçirilib. Tədbirdə iştirak etmək üçün Rusiyadan yazıçının ailə üzvləri, Rəsul Həmzətov adına Beynəlxalq İctimai Fondun, Dağıstan hökumətinin, Dağıstan Yazıçılar İttifaqının nümayəndələri, Federasiya Şurasının üzvləri gəlmişlər. Dəvət olunanlar arasında Azərbaycanın Mədəniyyət və Gənclər Nazirliyinin, Təhsil Nazirliyinin nümayəndələri, Bakıdakı ali məktəblərin müəllimləri, həmvətənlər təşkilatlarının nümayəndələri, Azərbaycanın Yazıçılar Birliyinin və digər ədəbi birliklərinin üzvləri olublar. RİMM-dən verilən məlumata görə, "Rossotrudniçestvo" Agentliyinin Azərbaycandakı nümayəndəliyinin başçısı Valentin Denisov gecənin iştirakçılarını salamlayaraq qonaqları, o cümlədən Rəsul Həmzətov Fondunun vitse-prezidenti Həbibət Əzizova, Dağıstan Yazıçılar İttifaqının sədri Maqomed Əhmədov, "Rossotrudniçestvo" Agentliyinin Həmvətənlərlə iş şöbəsinin (Moskva) müdiri, şairin qohumu Həmzət Həmzətov, Həmzət Sadasa adına Dağıstan Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Maqomed Maqomedov və başqalarını təqdim edib. V.Denisov 2003-cü ildə dünyasını dəyişmiş Rəsul Həmzətovun poeziyasının bütöv bir mədəni dövrü əhatə etdiyini deyib: " Bu poeziya vaxtilə eyni bir ölkədə yaşamış müxtəlif xalqları birləşdirirdi. Onun şeirləri dünyanın bir çox dillərinə tərcümə edilib, o, sağlığında dünya poeziyasının klassiki olub. Şairin avar və rus dillərində, Dağıstan, Qafqaz və bütün dünya xalqlarının bir çox dillərinə tərcümə edilmiş onlarca poeziya, nəsr və publisistik kitabı nəşr edilib. Onun poeziyasının işıqlı lirikası və müdrikliyi bu gün də şairin sənəti ilə tanış olan hər bir kəsi valeh edir. R.Həmzətovun bir çox şeirləri mahnılara çevrilib. Onun sözlərinə yazılmış "Durnalar" mahnısı müharibələrdə həlak olmuş qəhrəmanlara ucaldılan bir növ abidə-rekviyemdir. Dünyada 160 ağ durna abidəsi vardır".

Gecədə onun şeirləri, şairin sözlərinə yazılmış rus, Azərbaycan və avar dilində mahnılar səsləndirilib. Rəsul Həmzətov adına Fondun vitse-prezidenti Həbibət Əzizova 20 ili tamam olmuş Fondun fəaliyyətindən, Dağıstanla Azərbaycan arasındakı mədəni əlaqələrdən qısaca söhbət açaraq qeyd edib ki, Rəsul Həmzətov Azərbaycanı sevirdi və bir çox şeirlərini ona həsr etmişdir, burada onun çoxlu dostları vardı: "O, Səməd Vurğunla və Əziz Əliyevlə dostluq edirdi. Onların vəfatından sonra həmişə Bakıya gəldikdə dostlarının məzarlarını ziyarət edirdi. Şairin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə də səmimi münasibətləri vardı".

Dağıstan Yazıçılar İttifaqının sədri Maqomed Əhmədov R.Həmzətovun "Dağıstan" şeirini avar dilində oxuyub. H.Sadasa adına Dil Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Maqomed Maqomedov 2013-cü il - Rəsul Həmzətov ili çərçivəsində Dağıstanda görülmüş işlərdən danışıb: "Bu il Mahaçqalada şairin yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Hazırda bu konfransın materialları nəşrə hazırlanır. Rəsul Həmzətovun yubileyi ilə əlaqədar ensiklopediya, Rəsul Həmzətovun dil lüğəti, onun əsərlərinin toplusu hazırlanır".

M.Maqomedov şairin Azərbaycan ədəbiyyatının da təmsil olunduğu 20 cildlik "Dağıstan xalqlarının ədəbiyyatı" toplusundan bu yaxınlarda nəşr olunmuş 3 cildi, rus-avar lüğətini və başqa kitabları Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin kitabxanasına və Azərbaycanın avar icmasına hədiyyə edib. Çıxış edənlər qeyd ediblər ki, Rəsul Həmzətovun yaradıcılığı müdriklik və igidlik, məhəbbət və ağrı, dua və lənət, həqiqət və inam, alicənablıq və xeyirxahlıq, anlar və əbədiyyət elmidir: "Şair həmişə böyük humanist olub. Onun yaradıcılığı həyata, insanlara, Yer kürəsinə, dünyaya məhəbbətlə yoğrulub.Rəsul Həmzətov yer üzündə şərə, miskinliyə və acizliyə qarşı amansız olub. Rəsul Həmzətovun yaradıcılığı qəhrəman Dağıstan obrazını yüksək mənəviyyat və özünəməxsus mədəniyyət nuru ilə şəfəqləndirib. Bununla yanaşı o, milli ədəbiyyatın janr palitrasını xeyli genişləndirib. Həmzətov yaradıcılığı ilə Dağıstan ədəbiyyatı çox böyük bir yol keçib və dünya mədəniyyətində layiqli yer tutub.

Tədbirin proqramında yubilyara həsr olunmuş sərginin açılışı, R.Həmzətov haqqında sənədli filmin nümayişi də yer alıb.

S.ABDULLAYEVA

 





14.11.2013    çap et  çap et