525.Az

Toylar bizə toy tutur


 

Toylar bizə toy tutur<b style="color:red"></b>

Tanışım məndən sual etdi: "Bilmirsən, Məhərrəm ayı nə vaxt başlayır?". Cavabımı gözləmədən "Başlasaydı, canımız qurtarardı, bu toylar bizi boğaza yığdı", - dedi. Ani olaraq fikrə getdim, şənlik, musiqi, yeyib-içmək, əylənmək dolu toylar doğrudanmı bizi bezdirib və biz məmnuniyyətlə bunlara son deyib, qətl və qətliam ayının gəlməsini səbirsizliklə gözləyirik ki, dini adətlərə tabe olub, toylara ara verək.

Toy yeni bir ailənin əsasını qoyan, xalqımızın neçə əsrlər boyu yaşatdığı qədim və yaşarı ənənələrimizdən biri hesab olunur. İki sevən könül bir-birinə qovuşur, nəsillər, insanlar arasında yeni qohumluq əlaqələri yaranır, təzə bir ailənin əsası qoyulur. Əbəs yerə toyu səadət, xoşbəxtlik naxışı adlandırmırlar. Zəmanəmizdə toy həm də gəlir mənbəyi, kommersiya vasitəsi, kimlərinsə varlanması, kimlərinsə ehtiyac və çətinliklərlə üzləşməsi deməkdir. Bugünkü toylar sanki bəhsəbəhs, insanların öz güclərini nümayiş etdirmək vasitəsinə çevrilibdir. Varlılar varlı kimi geninə-boluna öz səxavətlərini, fantastik güclərini nümayiş etdirirlər, kasıblar da onlara baxıb, canlarını oda yaxır, sonda uzun illər toy borcuna işləyirlər.

Müasir toylar  həm də insanların dincliyinə, sakitliyinə qənim kəsilib, əsəb mənbəyinə çevrilib. Gərgin iş, yorğun həyat tərzi, həftədə bir-iki gün verilən istirahət artıq demək olar ki, istirahət yox, toylarda fəaliyyət proqramıdır. Həftənin ara günlərini demirəm, qismətimizə düşən cümə, şənbə, bazar günlərini nadir hallarda evimizdə keçiririk. Nə teatrlara getmək olur, nə digər yerlərə. "Toya çağırıblar" deyib, vərdişimizə davam edirik.

Bu günlərdə bir axşamda üç toya dəvət almışdım. Şəhərimizin 7-ci mikrorayonunda yerləşən "Cıdır düzü" şadlıq sarayından başlayıb, 8-ci kilometrdəki "Xan bağı" sarayında davam etdirib, Yeni Günəşlidəki "Neptun" şadlıq sarayında başa vurdum. Əgər şəxsi maşınım olmasa, bu qədər məsafəni çətin qət edərdim, ya da mütləq taksi xidmətindən yararlanmaq lazım gələrdi. Demək olar ki, təmtəraqlı süfrələrdə sudan və yüngül qəlyanaltıdan başqa ağzıma heç nə almağa imkanım olmadı. Əvvəla, bu toyda olanda ürəyim o toyda qalırdı, o toyda olanda o birisində. Yorğunluq məni əldən salmışdı. Bir toyda bir-iki tikə kəsib, o biri toya çatmaq barədə fikirləşirdim. Necə olursa-olsun, mən o toylara getməliydim. Lap yorulub əldən düşüb, xəstələnsəm belə. Axı  toy həm də borcdur.

Bəli, nə qədər ağrılı da olsa, müasir toylarımız şənlikdən, əylənməkdən daha çox əzaba çevrilibdir desəm, mənimlə razılaşanlar tapılar. 2000-ci illərin əvvəllərində Moskvada xəstə yatırdım. Məni əməliyyat edəcək həkim, professor D.İ.Şimakov Bakıda doğulub, uşaqlığı bu şəhərdə keçmişdi. Az danışan, qaraqabaq adam idi. Amma həmyerli olduğumuzdan hərdən söhbətlər edirdik. Dedi ki, Bakıdan lap gənclik illərimdən çıxmışam. Orada köhnə uşaqlıq, gənclik dostlarım var. Bakıdan çoxlu xəstələrim olur. Əksəriyyəti də baş, beyin, ürək qan-damar sistemindən şikayətlənirlər. Bəzilərinin başında şiş də aşkar olunur. Məni bir sual düşündürürdü ki, niyə mənim köhnə yerlilərim əksər vaxtı belə xəstəliklərə düçar olurlar. Görəsən bu, Bakının iqlimilə, havası ilə bağlıdır? Yoxsa nədir? Bu yaxınlarda Bakıda olanda məni bir toya apardılar. Soruşdum ki, indi sizin əksər toylar belə olur? Dostum hə dedi. Düşündüyüm sualın cavabını tapdım. Onları xəstə salan müasir Bakı toylarıdır. Həddən artıq səs-küy, səsqaldırıcılara verilən yüksək güc, stenoqram mahnılar, gahdan zildə, gahdan bəmdə səslənən musiqilər, oyun havaları insanın beynini, bilirsiniz, nə qədər döyəcləyir?! Bir anlıq təsəvvürünüzə gətirin: dəniz sahilində dayanmısınız. Aramsız dalğalar sahilə hücum çəkib, sahilləri durmadan döyəcləyirlər. Nə baş verir? Sahil istər-istəməz didilib tökülür. Bu aramsız həmlələr qarşısında daşlar da az qala xıncım-xıncım olur. İnsan beyni də belədir, o, normal səslər üçün hesablanıb. Güclü səslər beyin qan-damar sistemində hansı mənzərələr yaratmır? Səhhətimiz, başımız istər-istəməz zədələnir, ürək qan-damar sistemində problemlər yaranır.

Mənə həyat vermiş həkimin dediklərini getdiyim bütün toylarda xatırlamalı oluram. Amma nə etmək olar? Mütləq getməlisən. Əks təqdirdə, cəmiyyətdən, dostlardan, ətrafından təcrid ola bilərsən, bir sözlə, qohum-qardaşın qınaq yerinə çevrilərsən. Dəfələrlə şahidi olmuşam ki, toya gələnlər giley-güzar dolu nəzərlərlə bir-birinin üzünə baxıb, "yaman səs-küydür, gəlsənə çıxıb foyedə bir az dincələk?", - deyirlər. Bəlkə elə bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bəzi toyxanaların foyelərinin standarta uyğun gəlmədiyi barədə qərar verdi. Standarta uyğun gəlməyən digər məsələlər barədə nədənsə qərar verilmir. Bu səs-küyün qarşısını isə toylarımızda almaq mümkün olmur. Nəticədə, şənlik, şadlıq, dincəlmək adına yollandığımız toylardan evimizə ac, üzgün, bəzən də o bol süfrələrdə heç nə yemədən qayıdırıq.

Zaqatala şəhərində toyda idim. Tamada toyu gözəl idarə edirdi, xoşum gəldi. Fikirlərimi yanımda oturan rayon sakini ilə bölüşdüm. Yaxşı tamadadır dedi, bizim toylarımızın əksəriyyətini o, aparır. Amma deyəsən sənəti ilə vidalaşmalı olacaq. Maraq məni götürdüyündən səbəbini soruşdum. Dedi ki, toylar onu xəstə salıb. Təsəvvürünüzə gətirin, hər gün eyni səs-küy, hər gün eyni mənzərə, yüksək tonda səsləndirilən musiqi və havalar - axı nə ola bilər? Deyir ki, hiss edirəm, artıq yaddaşım pozulub, başağrılarından əzab çəkirəm. Fikirləşdim ki, ayın az qala çox hissəsini toylarda keçirən biz insanların da səhhəti yəqin ki, oxşar problemləri yaşamaqdadır. Səssiz-küysüz toya isə, demək olar ki, təsadüf olunmur. Bircə dəfə müğənnilərin ahənglə oxuduğu, musiqinin normal səsləndiyi bir toyda iştirak elədim. Aldığım xoş ovqatı yanımdakı sənət yoldaşımla bölüşdüm. Dedim axı nə olar ki, bütün toylarımız bax beləcə keçəydi. Məlum oldu ki, gəlinin əmisi respublikamızın çox tanınmış və hörmətli bəstəkarlarından biridir. Toydakı bu səliqə-səhman da onun göstəriş və tapşırığı ilə baş tutub. Deməli, vəziyyəti düzəltmək olar. Bəs niyə düzəlmir?

Məlumdur ki, toylarımızın öz müğənniləri var, müğənnilərin də öz prodüserləri. Bir axşamda nə qədər toy yola versələr, o qədər gəlir və pul götürürlər. Amma bu toyxanadan o toyxanaya şəhərin aramsız tıxacında gedib çıxmaq, özü də təyin olunmuş vaxtda çatmaq, yəqin ki, problemsiz ötüşmür. Üstəlik də, eyni mənzərə hər axşam təkrar olunsun, eyni mahnı bütün toylarda ifa edilsin. Buna səsmi çatar, nəfəsmi yetər? Onunçun da boğazlarında səs yox, yanlarında disk gəzdirirlər.

Eşitdiyimə görə, bizim klassik musiqiçilərimiz, muğam ustalarımız həftə ərzində bir-iki toya gedib, sonra öz boğazlarını dincə qoyarlarmış. Onda fonoqram da yox idi. Bir də ki, o sənətkarlar özlərinə hörmət bəsləyən insanlar olublar, məsuliyyət hiss ediblər, tamaşaçı, dinləyici qınağından qorxub-çəkiniblər.

Təəssüflər olsun ki, belə  meyarlar artıq sıradan çıxıb. Özü də bunu "toyxanşik" müğənnilər özləri ediblər. Aşağı və həzin tempdə oxuyacaqlar, tamaşaçıları qane edə bilməyəcəklər, məclisdə səs-küy yaranacaq, hamı öz ətrafı ilə söhbətə başlayacaq, ara qarışıb, məzhəb itəcək. Əlac qalır səsqaldırıcılara güc verib, yalnız "bizi eşidin" komandasına. Əvvəllər məclislərdə eşidilən ağsaqqal, ziyalı sözünə indi toylarda nadir hallarda rast gəlirik. Əksər müğənnilər qeyri-adi istedad sahibinə çevriliblər: həm müğənnidirlər, həm tamadadırlar, bir sözlə, toylarda söz sahibidirlər. Amma axırıncı kitabı nə vaxt oxuyublar, hansı əsəri mütaliə ediblər - bu bir sualdır. Onların buna həvəsləri olsa belə, vaxtları çatmaz. Gecələr səhərə qədər toylarda oxumaq, gündüzlər günortaya qədər yatmaq, sonra növbəti toya hazırlaşmaq.

Tanışlarımdan biri dedi ki, oğlumun toyuna hazırlaşırdıq. Evdə xanımımla, ailə üzvlərimlə qərara aldıq ki, bizim toyda mikrofondan, səsgücləndiricidən, fonoqramdan istifadə olunmayacaq. Toy şənliyi başlayar-başlamaz, həyat yoldaşım özünü üstümə çatdırdı: axı niyə hər şey bizdə görünsün? Gəl adət-ənənədən kənara çıxmayaq, müğənnilər necə istəyirlər, elə də olsun. Toydur də, birtəhər yola verək. Mənim də tabe olmaqdan başqa əlacım qalmadı. Necə deyərlər, toy mübahisə yeri deyildi.

Bəli, biz hamımız toylarımızdakı yeknəsəkliyi, israfçılığı tənqid edirik, amma qərar çıxarmaq lazım gələndə ən son anda dözümsüzlük və qətiyyətsizlik nümayiş etdiririk. Ölkə prezidenti çox haqlı olaraq təmtəraqlı toy məclislərini, xüsusilə məmurların bu sahədəki davranışlarını sərt tənqid elədi. Nəticə həmin andaca özünü göstərdi. Üstündən bir qədər keçdi, yenə hər şey əvvəlki axarına qayıtdı. İş o yerə gəlib çatıb ki, bəzən imkanlı insanların övladlarının gəlin karvanlarını DYP-nin maşınları müşayiət edirlər. Toylar adətən gecə saatlarında yekunlaşır. Xəstənin, qocanın, körpənin yatdığı bir zamanda qonşuluğumuzdakı məşhur şadlıq sarayında toy qurtarar-qurtarmaz göyə fişənglər atılır, bir atəşfəşanlıq, bir hay-haray başlayır ki, gəl görəsən! Bu cür əndazədən çıxmalar bəzən bədbəxt hadisələrə gətirib çıxarır.

Bugünkü şadlıq saraylarının nə dərəcədə füsunkar, dəbdəbəli olması hamıya məlumdur. Bu sahədə gizli və aşkar bir rəqabət gedir. Hər şey öz qaydasında, komfort yüksək şəkildə, gözəllik gözqamaşdırıcı olmalıdır. Müştərini, adamları həm də bununla həvəsləndirmək olar. Bunlar da azlıq edirmiş kimi, bəzən imkanlı toy sahibləri toyxanaya xeyli qalmış yollara holland gülləri "əkdirir", döşəmələrə tüllər döşədirlər. Belə toyxanalardan birində gəlinlə bəy rəqs edərkən döşəmədəki şamlardan biri aşıb, salon bir anlığa alışıb. Alov bütün şadlıq sarayını başına alıb. Əl-ayağı yanan kim, tüstüdən boğulan kim. Nəticədə, gəlin bir aydan çox şəhər xəstəxanalarından birində ağır yanğın xəsarətindən müalicə olunub.

Ölkə prezidentinin bugünlərdə qeyd etdiyi kimi, indi mətbuat ancaq kriminal və bədbəxt hadisələri işıqlandırır, "öldü", "yandı", "məhv oldu" kimi başlıqlar qəzetlərin manşetlərinə çıxarılır. Bizdə bu cür bədbəxt hadisələrin əksəriyyəti ya toy ərəfəsində, ya toy günü, ya da toylardan sonra baş verir. Toya gedib-gələn nə qədər insanlar avtomobil qəzalarının, toy davalarının, qida zəhərlənmələrinin qurbanlarına çevrilirlər. Bəzən bütöv bir ailə qəzaya uğrayaraq, həyatdan silinir. Bu günlərdə mənə Tovuz rayonunda sükan arxasında oturmuş on səkkiz yaşlı qızın gəlin karvanında törətdiyi faciədən və onun faciəli ölümündən danışdılar.

Toyxanalarda təqdim olunan menyu adamda dəhşətli ikrah doğurur. Az qala altmışdan çox qəlyanaltıların, isti xörəklərin, cürbəcür salatların, meyvələrin, şərab və spirtli içkilərin çeşidləri baş gicəlləndirir. Toylarda verilən meyvələrin əksəriyyəti də xaricdən gətirilən meyvələrdir. Deməli, əksər toylar bir əldən idarə olunur. "Qubanın ağ alması, yeməyə bağ alması" toylarımızda  bir qayda olaraq təklif olunmur, gözə görünmür. Beş yüz adamlıq məclisdə kabab verilməsi, özü də üç-dörd cür, nə dərəcədə məqsədəuyğundur? Hər addımda bir şadlıq sarayı olan 8-ci Kilometr, Əhmədli, Bakıxanov qəsəbələri gecələr orta əsrlərin xutor axşamlarını xatırladırlar. Bacalardan qalxan tüstü təkcə bu qəsəbələri yox, şəhərimizi ağzına alır. Bütün şəhər kabab qoxuyur, his-pas iyi verir. Bu ərazidəki irili-xırdalı toyxanaların sayı yüzü haqlayır. Hər axşam toy şənliyi keçirilməyən şadlıq sarayı isə demək olar ki, qalmır. Ələlxüsus da cümə, şənbə və bazar günləri. Əgər hər toya orta hesabla axşam saat 17-dən sonra yüz əlli avtomaşın yollanırsa, bu, on beş min avtomobil deməkdir, təbiidir ki, bu ərazidə avtomobillərin tıxacı qaçılmaz olacaqdır. Bunun nəticəsidir ki, bu günlərdə gəlin karvanı düz dörd saat yaranmış tıxacların birində gözləməli olmuşdur.

Toy sahibi toyun bütün xərcini ödəyirsə, süfrədəki naz-nemətlər onunkudur, ona məxsusdur, axı o, bunun haqqını artıqlaması ilə ödəyib. Amma toy qurtarar-qurtarmaz, cavan-cavan oğlanlar az qala toydan çıxanların ciblərini belə yoxlamaq istəyirlər. Toydan bir kibrit çöpü də aparmaq olmaz. Ağzı açılmayan cürbəcür şirələr, spirtli içkilər, israfçılıqla hazırlanan xörəklər, kabablar, qəlyanaltılar, müxtəlif növ salatlar bəzən əl vurulmadan masa üstündə qalır. Mən demirəm ki, toya gələnlər qoltuqlarına vurub toydan yer-yemək, spirtli içkilər, salatlar daşısınlar. Bunun özü də əxlaqa sığmayan bir şeydir. Amma kimsə aparsa belə, niyə bu onun əlindən alınmalıdır? Çünki həmin salatlar, şirələr, spirtli içkilər səhərisi günü başqa birisinin masasının üzərinə yenidən düzülür. Hər dəfə belə süfrələrdən duranda gözüm önünə bir tikə çörək ehtiyacında olanlar gəlir. İndi dünyanın müxtəlif qitələrində insanlar aclıqdan, ərzaq qıtlığından əzab-əziyyət çəkirlər. Afrika qlobal aclıq problemi ilə üzləşibdir. Biz isə bu naz-neməti bizə bəxş edən Tanrımıza sanki ölçüsüz-biçisiz hərəkətlərimizlə meydan oxuyuruq. Acı da olsa, toylarımızın bugünkü mənzərəsi bundan ibarətdir.

Qayıdaq menyu məsələsinə. Şadlıq saraylarında yerin biri 35 manatdan tutmuş 80, bəzən 100 manatadək təklif edilir. Yenicə istifadəyə verilmiş şadlıq saraylarından biri isə bu rəqəmi 150-180 manata çatdırıb. Qiymət şadlıq evlərinin imicindən və ranqından asılıdır. Bəzən toy sahibləri hesabatlarını düzgün qura bilmədiklərindən, sonda ən ciddi problemlərlə qarşılaşırlar. Söhbət ortabab yaşayan insanlardan  gedir.

Gəncəli tanışlarımdan biri ürək ağrıdan əhvalat danışdı. Bakıya oğlumun evinə getmişdim. Gecə gecədən keçəndə gördüm ki, qapımız möhkəm döyülür.  Qapını açdım, yaxın qonşu idi, onu mən də tanıyırdım. Oğlumgilə gedib-gəldikcə, aramızda isti bir münasibət yaranmışdı. Ali məktəblərdən birində dərs deyir, elm adamıdır. Üz-gözündən təlaş və həyəcan yağırdı. Bundan bir qədər əvvəl oğlum mənə qonşunun oğlunun toyundan gəldiyini demişdi. Bu, həmin qonşu idi. Soruşdum ki, nə baş verir, xeyir ola? Dedi ki, qonşu, başımıza dəhşətli iş gəlib: toyun xərci borcunu ödəmədi, gəlini toyxanada girov saxlayıblar. Təcili dörd min manat pul lazımdır. Xoşbəxtlikdən biz bu pulu ona verə bildik. Gəlin gecə gecədən keçəndən sonra girovluqdan azad olundu. Amma həmin gün səhərədək ilan vuran yatdı, mənim gözlərimə yuxu getmədi.

Görüb-bilənlər danışırlar ki, ötən əsrin 60-cı illərinin ortalarınadək Bakıda toylar adətən ev şəraitində, şənlik şəklində baş tutarmış. Bir dəfə unudulmaz şairimiz Zeynal Xəlil haqqında televiziya verilişi hazırlanırdı. Şairin ömür-gün yoldaşı Zəkiyyə xanım Vəkilova Səməd Vurğunun yaxın qohumlarından idi. Telejurnalist Zəkiyyə xanımdan soruşdu ki, toyunuzu necə xatırlayırsınız? O, gözlərini uzaq bir nöqtəyə zilləyib, sanki dərin bir xəyala daldı. "Toyumuz elə-belə, çox sadə oldu, - dedi, - Sabit Rəhman pianoda çalırdı, Səməd qağamla (Səməd Vurğun) Osman qağam da (Osman Sarıvəlli) oxuyurdular". Nə gözəl toyunuz olub dedik. Bəli, sadədən-sadə keçən həmin toylar nə qədər xoşbəxt ailələrin əsasını qoydu. İqtisadçı-alim, professor Fuad Ələsgərov mənə 60-cı illərdə keçirilən toylarından danışdı: "İç-içə yerləşən otaqların qapısı açılıb, dostlar, doğmalar toplaşmışdılar. Əsas toyun böyüklüyü-balacalığı deyil, əsas - qurulan ailələrin möhkəm özülü, bir də xoşbəxtliyidir. O balaca mənzil şəraitində keçirilən toyun bir ömürdür şirinliyini unuda bilmirik".

Təəssüf ki, indi toyu toy xatirinə deyil, görüntü, reklam xatirinə edirlər. Bəli, bugünkü toylar adət-ənənələrimizdən çox-çox uzaq düşüb desək, razılaşanlar tapılar. O balaca toyların keçirildiyi zamanlarda əksər ailələr öz xoşbəxtliyinə, səadətinə qovuşardı. Bu gün statistik rəqəmlər həyəcan təbili çalır. Hər il Azərbaycanda on dörd min, bəzən daha çox ailənin nikahı pozulur. Çoxuşaqlı ailələrdə övladlardan biri mütləq boşanmış vəziyyətdədir. Gənclərimiz bəzən toyu səadət, xoşbəxtlik, ailə qurmaq naminə yox, sanki toy sevincini ani yaşamaq xatirinə edirlər.

Şəmkirli yaxın dostumun oğlunun toyu ərəfəsində keçirdiyi narahatlığı unuda bilmirəm. Dedi ki, oğlum ayaqlarını yerə dirəyib, Bakıdan ortabab bir xanım müğənninin toya gəlməsini təkid edir. Həmin müğənni də bunun müqabilində on beş min ABŞ dolları istəyir. Oğlum israr edir ki, ya həmin xanım oxuyacaq, ya da mənə toy-filan lazım deyil. Təəssüflər olsun ki, gənclərin əksəriyyəti bəzən bu cür yüngül hisslərlə yaşayır, valideynlərinin yox, zəmanənin övladı kimi düşünürlər.

Kənd toylarımızın dadı-duzu da çoxdan qaçıb. İndi kəndlərdən gəlib, rayon mərkəzlərindəki şadlıq saraylarında toy keçirirlər. Toylarımızın kənddəki adət-ənənələri sıradan çıxıb, unudulub getməkdədir. Uşaqlıq illərimdə rast gəldiyim atlı-cıdırlı toy indi uzaq bir xəyal kimi illərin o tayından baxır. Gənclik çağlarımda yazdığım "Bizim kəndimizin payız toyları" adlı şeirimi xatırlayanda, xəyalım nələr pıçıldamır. Elə bu günlərdə səs-səda salmış bir toy barədə danışmaq istəyirəm. Salyanın hansısa bir kəndindən imkanlı iş adamı kəndini-kəsəyini qoyub, gəlib Bakıda xarici maşınların sonsuz karvanı ilə oğluna toy keçirir. Bu toy Salyanda olsa, daha şirin, daha yaddaqalan olmazdımı? Bir daha təəssüf edirəm ki, belə hal indi rayonlarımızın hamısını əhatə edib.

Fikrə gedirəm: hanı o toylar? Hanı kəndimizin ağsaqqalları, qarasaqqalları? Biz niyə bu dərəcədə sürətlə dəyişirik? Dəyişdikcə də özümüzdən, adət-ənənələrimizdən uzaq düşürük...

"Filankəs yaxşı toy edib, yaxşı da pul götürdü" sözlərini tez-tez eşidirəm. Yox, ay mənim əzizlərim, heç kəs toydan pul qazanmır. Qazanan bizim dəbdəbəli toyxanalar, toyxana sahibləridir. Biz toylarımızda yığılan nəmərləri onlara verib, sonra da ömrümüz boyu "xala-xala" oynayırıq. Sən bizə gəlirsən, mən də sizə. Bir sözlə, az maaşımızla Əlinin papağını Vəlinin başına, Vəlinin də papağını Əlinin başına qoya-qoya, zərərli vərdişimizdən uzaqlaşmaqda acizlik nümayiş etdiririk. Milyonlara başa gələn şadlıq sarayları havayı qurulmur. O sənin, mənim pulumuz hesabına yapılır. Mən də övlad toyu eləmişəm. Mən də dediyim vərdişlərdən xilas ola bilməmişəm, sizin də xilas olmağınız çətindir. Bizi elə çevrəyə salıblar ki, yalnız o çevrə boyu qaça bilirik. Amma gəlin toylarımızın mahiyyətini saxlayıb, onların forması, məzmunu barədə düşünək. Əlbəttə, ayrı-ayrılıqda, yuxarıda da qeyd etdiyim kimi, heç kəs "qəhrəmanlıq" nümayiş etdirə bilmir. Amma ictimai rəyin, ictimai qınağın da öz təsiri olur. Başlıca bir yol da var. Düşünürəm ki, bizi ancaq bu, xilas edə bilər. Toylarımıza dövlət müdaxiləsi. Onların dövlət tərəfindən tənzimlənməsi yolu. Bu bizi təkcə iqtisadi asılılıqdan və çətinlikdən xilas etməyəcək. Bu, həm də bizim toy kimi müqəddəs, milli, mənəvi ənənəmizi öz məhvərinə qaytaracaqdır.

 





14.11.2013    çap et  çap et