525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış<b style="color:red"></b>

İdris ABBASOV 

Dinin görünən tərəflərini sistemli şəkildə tədqiq edən elm sahəsi din fenomenologiyası adlanır. Bu elm sahəsi bütün dinlərin əslinin bir olduğunu isbat etməyə çalışır. Bununla yanaşı dini simvollarda gizlənmiş mənaları ortaya çıxarmağa və məcazi mənada işlənmiş sözlərin müqəddəs mənalarını açmağa cəhd edir. Din fenomenologiyası sahəsində ilk əsər Vander Lyuya məxsusdur. Müxtəlif dinlər və din psixologiyası ilə məşğul olan bu alim eyni zamanda şeir yazan və musiqi bəstələyən bir kilsə adamı idi. Lyu dinin özündən başqa heç bir şeylə açıqlanmasının mümkün olmaması qənaətinə gələrək naturalist fikirləri rədd etdi. Ona görə din fenomenologiyası hər şeydən əvvəl qurban, dua, mif və s. kimi dini qavramlar üzərində dayanmalı, dinin tarixi inkişafı, qaynağı ilə uğraşmamalıdır. Vander Lyu R.Ottoya nisbətən fenomenologiya fəlsəfəsindən daha çox təsirlənmişdir. Ona görə əgər həyat təcrübəsi bir fenomen, insanın vəhyə verdiyi cavab isə başqa bir fenomen olarsa onda vəhyin özü tamam fərqli bir şeydir. Din fenomenologiyası özünün həll edə bilmədiyi fəlsəfi və metafizik məsələlərə baş vursa da din fəlsəfəsi deyildir. Amma din fəlsəfəsi etnoloji mahiyyətli mövzularda yanlışlığa yol verməmək üçün din fenomenologiyasından faydalanır. Hollandiyalı alim C.J.Blikerə görə dinlər tarixi sadəcə insanlıq aləminin müştərək mənəvi aləmini səciyyələndirmək üçün deyil, eyni zamanda dünya dinlərində tipik, misilsiz, müstəsna olanı aydınlaşdırmaq üçün səy etməlidir. Amerikada müqayisəli dinlər tarixi sahəsində aparılan tədqiqatlar hər şeydən öncə yaşayan dinlərlə əlaqədar olmuşdur. Uzun illər Amerikanın Çikaqo Universitetinin dinlər tarixi kafedrasına başçılıq etmiş avropalı əsilli alim Mirciya Elyadenin (Mircea Eliade) dinlər tarixi, müqayisəli dinlər tarixi, din fenomenologiyaları sahəsində çox əhəmiyyətli əsərləri vardır. Asiyanın dinləri, inancları, mədəniyyətləri və miflərinə, şamanist dinlərin müxtəlif fenomenləri və problemlərinə, dinlər tarixinin metodoloji mövzularına və müqayisəli araşdırmalara qədər çox müxtəlif mövzularda tələbkar və metodlu bir çalışma tərzinə sahib olan Elyade din elmləri sahəsində son illərin ən sevimli tədqiqatçısı pasportunu qazanmışdır. İngiltərədə Maniçestr Universitetində müqayisəli dinlər çalışmaları ilə tanınan S.G.F.Brandon və Erik Şarp, Lançastr Universitetində din tədqiqatçıları Ninyan Smart,  E.G.Parrinder və R.C.Zihner nümunə olaraq göstərilə bilər. Digər ölkələrdən Ugo Byançi (İtaliya), Kantvel Smit (Kanada), Hans Şöps (Almaniya), Əhməd Midhad, Hilmi Ömər, Əhməd Qəhrəman (Türkiyə) kimi şəxslər dinlər tarixi sahəsində sanballı əsərlər ortaya qoyan alimlər arasında xatırlana bilər.

Dinlər tarixinin mövzusu bəşəriyyət tarixindəki bütün dinlərdir. Bu gün mənsubu qalmamış dinlər də mövcuddur. Dinlər müxtəlif şəkildə təsnif edilir. Amma dinə verilən təriflərdə müxtəliflik olduğu kimi təsnifatda da qəti bir bölgü yoxdur. Yoakim Vah dinləri "qurucusu olan dinlər"; Gustav Menşinq isə "milli dinlər", "ümumbəşəri dinlər" deyə ikiyə ayırır. A.Şimmel dinləri "ibtidai qəbilə dinləri", "milli dinlər", "ümumbəşəri dinlər" şəklində üçə ayırır37. Digər təsnifata görə dinlər 1) sakramental (dini ayin və mərasimə dayanan) din; 2) Profetik (Peyğəmbərə dayanan) din; 3) mistik (təsəvvüfi) din kimi qruplara ayrılır. Bunlardan başqa da müxtəlif təsnifatlar mövcuddur.

İslam alimləri dinləri "haqq dinlər", "batil dinlər", yaxud vəhyə dayanan ilahi dinlər və vəhyə dayanmayan təbii dinlər şəklində ikiyə bölmüşdürlər. İbn Hazim (ö.1064) və Şəhristani (ö.1183) kimi müsəlman din tarixçiləri haqq dinlər üçün "miləl", batil dinlər üçün isə "nihal" istilahını işlətmişdirlər.

  

İBTİDAİ QƏBİLƏ DİNLƏRİ VƏ MİLLİ DİNLƏR

  

İbtidai qəbilə dinləri: Bu gün yer kürəsində ibtidai həyat tərzi keçirən qəbilələr mövcuddur. Onların bəziləri başqa inancları mənimsəsələr də öz əski adət-ənənələrindən ayrıla bilməmişdirlər. Günümüzdə ibtidai qəbilə mənsubları dünya əhalisinin 5 faizini təşkil edir. Bu qəbilələrin sahib olduqları inanc formalarını ifadə etmək üçün "ibtidai qəbilə dinləri" istilahı işlədilir. İbtidai qəbilə dinləri üçün ortaq olan geniş yayılmış bəzi qavramları nəzərdən keçirək: a) Mana: malenezyalılar fövqəltəbii, gözə görünməyən gücü ifadə etmək üçün "mana" terminindən istifadə etmişlər. İbtidai qəbilələrdə güclü, təsirli, yaxud toplum yönündən əhəmiyyətli şeylər (heyvanlar, bitkilər, daşlar və s.) və insanlarda (qəbilə başçısı, sehrbaz həkim) mövcud olduğu qəbul edilən gizli qüvvəni ifadə etmək üçün "mana" termini işlədilmişdir. İbtidai insanlar özlərinin böyük sayda gözəgörünməz güclər tərəfindən əhatə olunduqlarına inanırlar və onların fikrincə, hər bir məxluqun bir manası vardır. Üzərində daşıdıqları təqdirdə onlara güc verdiyinə inanılan daşlar, zəncirlər, gözmuncuğu, uğur gətirən təsvirlərə "fetiş" deyilir. Fetiş kəlməsini ilk dəfə 1760-cı ildə nəşr olunan "Fetiş tanrılar kultu" adlı əsərində Dö Bros işlətmişdir; b) Uca Tanrı:bütün ibtidai qəbilələrdə yaradıcı tanrı inancı vardır. Həmin Uca Tanrı hökmdar, yaxud daha aşağı dərəcədə olan ruh və tanrıları idarə edir. F.V.Şmid öz araşdırmaları nəticəsində bütün ibtidai cəmiyyətlərdə bu və ya digər şəkildə bir uca tanrı qavramının - təkallahlılığın mövcudluğunu müəyyən etmiş, məhz bundan sonra animizm, fetişizm, çoxallahlılıq kimi sapmaların olduğu fikrini irəli sürmüşdür; c) Tabu - polineziya dilində "işarələnmiş, təyin edilmiş", dinlər tarixi və sosiologiyada "müqəddəsliyinə görə toxunulmaz şey, söylənməsi qadağan edilmiş söz, icra olunması arzuedilməz hərəkət, bir şeyin təbiətüstü qüdrəti" anlamına gəlir. E.Durkeimə görə, tabu müqəddəs olanla müqəddəs olmayan iki ayrı dünya meydana gətirir və bi iki dünyanın arasına bir sərhəd qoyur. Mana inanışının təbii bir nəticəsi olaraq manaya sahib olduğuna inanılan kimsələr, yerlər və əşyalar müqəddəs, dolayısı ilə tabu qəbul edilir. Tabu sayılan insanın (kral, rahib, qəbilə başçısı, sehrbaz həkimlər) ayağının dəydiyi torpaq da tabu sayılır. İbtidai qəbilə cəmiyyətlərinin inancına görə tabulu sayılan əşyadan çəkinmək və tabulu olan işi görməmək lazımdır. Bir əşya, yaxud şəxsin tabulu olması üçün müqəddəs olması vacib deyildir. Bəzi din tarixçilərinə görə, yəhudilikdəki şənbə gününə məxsus yasaqlar (od yandırmamaq, ət və südü birlikdə yeməmək) və xristianlıqdakı bəzi inanclar (ikonalara, bəzi bütlərə, heykəllərə toxunmamaq, Hz.İsanın ölüm günü deyə inanılan cümə günündə ət yeməmək və s.) tabudan qaynaqlanır; ç) Totem - əlamət, işarə deməkdir, ibtidai qəbilə mənsublarının özlərinə yaxın saydıqları heyvan, bitki, yaxud cansız əşyalara verilən addır. Eyni totemə bağlı insanlar öz aralarında evlənməzlər; d) Şaman - sözün tunquz dilində "saman"dan, yaxud "ruhlarla dəstəklənmiş adam" anlamına gələn sanskrit dilindəki "sramana"dan törədiyini irəli sürənlər vardır. İbtidai qəbilələrdə rahiblərdən və sehrbaz həkimlərdən başqa ruhlar aləmi ilə təmasa girmək qabiliyyəti olan şəxslərə şaman deyilirdi. Şaman manaya sahibdir, ruhlara hakim ola bilir. Türklərdə şaman yerinə "kam" kəlməsi işlədilir.

Bu gün dünyanın dörd qitəsində yaşayan ibtidai qəbilə dinlərindən böyük qruplar halında yaşayanlarla yanaşı bir neçə yüz insanı aşmayan qruplar  da vardır. Bu dinlər mənsub olduqları qəbilənin adı ilə adlandırılır. Məsələn, dinka dini, maori dini, ainu dini, qa dini, piqme dini və s. Dinkalar cənubi Sudanda yaşayırlar. Onlar "cok" (qüvvə) dedikləri fövqəlbəşər güclərin olduğuna inanırlar. Dinkalar həmin güclərin ən böyüyü hesab etdikləri "Nhyalik"ə dua edər, onu yaradıcı kimi qəbul edirlər; ainular Yaponiyanın şimalındakı adalarda yaşayırlar. Onlar göyün ən yüksək təbəqəsində mövcud olduğunu qəbul etdikləri "Kando-koro Kamui" adlandırdıqları bir Uca Tanrıya inanırlar. Ainular çox sayda tanrı və ruhlara da diqqət göstərirlər. Bu ruhların bəzisinin yaxşı, bəzisinin isə pis olduğunu qəbul edirlər. Ainuların axirət və Uca Tanrı inancı mövcuddur; Cənubi Sakit Okean adalarında yaşayan polineziyalılardan bir qrup maorilər adlanır. Maorilər bütün tanrıların ən böyüyü saydıqları Uca Tanrılarına "lo" deyirlər; Qa din mənsubları Qananın paytaxtı civarında yaşayır, "Naa Nyonmo" dedikləri çox güclü bir varlığa inanırlar. O, göydə yaşayır, ancaq müqəddəs yeri və rahibləri yoxdur; Cənubi Sakit Okeanda Malekula adasında yaşayan nambalar "Tana" adlandırdıqları bir uca qüdrətə inanırlar. Onlar insanın başına gələn fəlakətləri "pis ruhlar"ın fəaliyyəti ilə, eyni zamanda qəbilə başçısına sayğısızlıq göstərilməsi ilə  izah edirlər. Cənazə 100 gün saxlanıb skelet halına döndükdən sonra dəfn edilir. Qəbilə başçılarının skeleti gömülmədən qalır. Ölümdən sonra yüz gün yas saxlanılır. Uşaqlar 10-12 yaşlarından sonra qəbilə başçılarının izni ilə sünnət edilirlər. Özlərinəməxsus dini mərasimləri, rəqsləri və "qurban" üsulları vardır.

(Ardı var)

 





14.11.2013    çap et  çap et