525.Az

"Koronavirus"a yox, "qrafomaniya"ya yoluxanlardan qorxun - Günel Yazdan yeni esse


 

"Koronavirus"a yox, "qrafomaniya"ya yoluxanlardan qorxun - <b style="color:red">Günel Yazdan yeni esse</b>

Yazmaqla yaza bilməmək arasında incə bir xətt var. Uzun zamandan bəri o xəttin üzərində idim. Hərdən büdrəsəm də, ayaq üstə möhkəm dayanmağı bacarırdım. Özümdə anlamırdım nə baş verdiyini. Aylardır, yazdığım esseləri sanki heç mən yazmamışam kimi gəlirdi mənə.

Dəfələrlə mövzu seçib, yazmaq istəsəm də, alınmırdı... Hər səfərində də məyus olub,  peşəkarlığına və səmimiliyinə inandığım Rəşad Məcidə bu dəfədə alınmadı mesajını yollayırdım. O isə həmişə "bacaraqsan" deyib, məni ilhamlandırmağa çalışırdı. Bir gün səhər yuxudan oyananda gördüm ki, Rəşad Məcid mənə səsli mesaj yollayıb. Açdım mesajı - Rəşad Məcid xoşbəxt idi, məlahətli səsi, ürəkləri riqqətə gətirən mülayim danışığı vardı. Sən demə, Rəşad Məcidin bu xoşbəxtliyinin səbəbi qar imiş. Onun həsrəti bitmişdi.

"Günel Yaz, sənin üçün movzu verirəm. Mən gələnə kimi insanların qar həsrətindən yaz" - dedi.  İçimdə şaşqınlıq dolu bir sevinc vardı. Mənim özümə inamım itsə də, O, hələ də mənə inanırdı və məni gözləyirdi. "Baş üstə" desəm də, yenə alınmadı. Mən hələ də o xətt üzərində idim. Ya yıxılmalıydım, ya da sondakı o işıqlı yola çıxmağa güc tapmalıydım. Amma gücüm yox idi, həm fiziki, həm də mənəvi  cəhətdən zəifləmişdim.  Güclü olmaq çox vaxt həm də psixoloji cəhətdən hazır olmaq deməkdir. Yorulmaq isə mənə görə deyil. Buna vaxtım yoxdur! Öz təcrübəmdə yaşayıb bilirəm ki, hər iş öz zamanında gözəldir. Amma heyf ki, bunu nə özümə, nə yazılarımı gözləyən insanlara anlada bilirəm. O qədər xoşdur ki, oxucuların "Daha niyə yazmırsınız", "Biz sizin üçün darıxdıq" demələri.  Bəzən elə insanlar zəng edir, yazmamağımın səbəbini soruşurlar ki, təəccüb içində qalıram. Bəlkə də, həvəs kimi baxdığım, içimdəki alovu söndürmək üçün yazdığım cümlələrlə kimlərinsə sarı siminə toxunmuşam... Bunlardan sonra qərara aldım ki, artıq hər həftə sizlər üçün kütlə səs-küyündən bir kənara, öz daxili dünyama çəkilim.

Bir anlıq nəfəsimi dərib düşünürəm. Düşünür və keçmişi, yaşadıqlarımı, yazmağın verdiyi rahatlığı, ruhun dincliyini anıram. Amma düşüncələr həmişə xoş şeyləri xatırlatmır. Düşündükcə məni yazmaqdan çəkindirən şeyləri də xatırlayıram. Qorxu!.. Hər kəsin koronavirusdan qorxduğu bir zamanda mənim qorxum qrafomaniyaya yoluxmaq  qorxusudur. Kimsə haqqımda "O, qrafomandır" sözlərini işlətsə, çox ağır olardı. Bəlkə də, bu qorxu məni geri çəkmişdi. "Qrafoman" el dilində "cızmaqaraçı" anlamını verir. Lakin onu da bilmək vacibdir ki, qrafomanlar arasında da dahilər ola bilər. Qrafomaniyanın xəstəlik olaraq göstərilməsi isə bu xəstəliyə düçar olanların patoloji şəkildə yazmağa meylli olması ilə əlaqədardır. Lakin qrafomanlar arasında həqiqi istedada malik adamların da sayı çoxdur. Qrafomanı ayırd etmək o qədər də çətin deyil. Gülməlisi budur ki, əksər qrafomanlar, az qala, iki aya yazılmış "həyatımın kitabı" adlanan qalın kitablarla debüt etməyi sevirlər.  Poeziya ilə məşğul olan qrafomanlar qırılmış qəlblər, gecələr, ulduzlar, ayrılıqlardan yazır, heç bir məna ifadə etməyən qafiyələr tapırlar. Durğu işarələri heç vaxt yerində olmur. Savadlı yazan qrafoman, sadəcə, yaxşı təhsil almış birisidir.

Təcrübə göstərir ki, qrafomaniya ilə mübarizə mənasızdır. Onlar tənqidə reaksiya vermir. Elə bu qorxu idi məni hər şeydən uzaqlaşdıran. Geri çəkilib gözləmək lazım olduğunu anlamışdım. Əli qələm tutan hər kəs söz deməyə çalışır və dediyi sözün yadda qalmasını arzulayır. Bunu isə zaman özü həll edir.

Tanrı hər kəsi istəyinə qovuşdursun. Mənim yazdıqlarımın kimlərinsə yaddaşında qalacağını deyə bilmərəm. Mən yazanda bu haqda heç düşünməmişəm. Bildiyim tək şey var, heç vaxt yazmaq xatirinə yazmamışam. Nə yazmışamsa, ürəyimin hökmü, qəlbimin diktəsi ilə yazmışam. Həmişə gözlərim qəlbimin aynası, dilim ürəyimin carçısı olub. İndi də qəlbimin səmimi hisslərini ifadə edən sözləri sizinlə bölüşdüm. Əziz oxucularım, mən sizləri özümə müəllim hesab edirəm və tutduğunuz hər irad, nöqsan tərifləriniz qədər əziz və vacibdir. Bundan sonra çalışacam ki, hər həftə sizinlə doğma "525-ci qəzet"də görüşək.

Yazmaq, əlbəttə, lazımdır. Bu, mənim ruhumun dincliyidir. Amma əsas odur ki, bu zaman çox ehtiyatlı olub, qrafomaniya virusuna yoluxmayım. Yoxsa, iki ay sonra "həyatımın kitabı" adlanan qalın kitabımla debüt edərəm. Təbii ki, bu, bir zarafat idi.... Görüşənədək...

İndi anladınızmı mən niyə məhz  koronavirusdan yox, qrafomaniyadan qorxuram? Çünki cismimin ölümündən çox, ruhumun ölümü incidər məni...

 





29.01.2020    çap et  çap et