525.Az

Beynəlxalq Türk Akademiyası Elmi Şurasına sədrlik Təhsil Nazirliyinə keçdi


 

Beynəlxalq Türk Akademiyası Elmi Şurasına sədrlik Təhsil Nazirliyinə keçdi<b style="color:red"></b>

Yanvarın 30-da Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ötən ildə görülən işlərin hesabatını təqdim edib və bu il üçün fəaliyyət planı haqqında məlumat verib.

Bildirilib ki, akademiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilatıdır. Onun yaradılması haqqında Saziş 2012-ci il avqustun 22-23-də Türk Şurasının Bişkekdə keçirilən 2-ci Zirvə Görüşündə imzalanıb və quruma beynəlxalq status verilib. Təşkilat türk dilinin, ədəbiyyatının, mədəniyyətinin və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri türk xalqlarının mədəni və mənəvi irsinin tədqiqi, dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır. Təşkilatın gördüyü işlər türk birliyinə xidmətin tərkib hissəsidir.

Tədbirdə Elmi Şuranın üzvləri türk dünyasının 2020-ci il üçün əlamətdar hadisələrinin beynəlxalq səviyyədə qeyd edilməsi barədə fikir həmrəyliyi nümayiş etdiriblər. Həmçinin Akademiyanın fəaliyyət planı təsdiq olunub, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Türk dünyası üçün önəmli şəxslərin yubileylərinin üzv dövlətlər tərəfindən yüksək səviyyədə qeyd olunması barədə razılığa gəlinib.

İclas akademiya tərəfindən Abay 175 lövhəsinin Təhsil naziri Ceyhun Bayramova təqdim olunması ilə yekunlaşıb. Eyni zamanda, bu il üzrə Elmi Şuraya sədrliyin Azərbaycan Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə Ceyhun Bayramova təqdim edilib.

 





30.01.2020    çap et  çap et