525.Az

İşıqlı və ibrətli həyat yolu


 

İşıqlı və ibrətli həyat yolu<b style="color:red"></b>

Xatirələrdə yaşayan Firudin Hüseynov belƏ bir ömür yaşayıb 

Görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, uzun illər Bakı Dövlət Universitetində çalışmış Firudin Hüseynov respublikanın elmi-pedaqoji, ədəbi ictimaiyyəti tərəfindən tanınan, sevilən, unudulmayan tədqiqatçı alimlərdən biri idi. Bu ustad pedaqoqdan dərs alanlar, onunla yaradıcılıq ünsiyyətində olanlar, bir yerdə çalışanlar həyatsevər, nikbin ruhlu, daim axtarışda olan, fədakar ziyalını hələ də unutmayıblar. Onun nurlu çöhrəsini, zəngin daxili aləmini əks etdirən, portretini daim canlandıran kövrək xatirələri necə yada salmamaq olar?

Neçə-neçə insana Azərbaycan ədəbiyyatından dərs deyib Firudin Hüseynov. O vaxt çoxumuza elə gələrdi ki, Firudin müəllimin ən azı 60-70 yaşı var. Həmişə də görkəmli yazıçımız Mir Cəlalla qoşa gəzərdilər. Hətta imtahanları da birgə götürər, birlikdə dərsliklər nəşr etdirərdilər. O vaxtlar Mir Cəlal müəllim bir qədər yaşlı idi. Bəlkə də bu səbəbə görə bizə elə gəlirdi ki, Firudin müəllim min ilin qocasıdır. Biz ali məktəbi bitirəndən 9 il sonra (1986) Firudin Hüseynov qəflətən vəfat etdi. Onda bildik ki, dünyaya çox tələsik "əlvida" deyən bu görkəmli ədəbiyyatşünas alimin 52 yaşı tamamlanıb. Görünür, bu da taleyin yazısıdır ki, müdriklik, nəciblik cavan insanı bir az da yaşlı göstərir.

İşıqlı və ibrətli bir həyat yolunun sahibi olan Firudin Hüseynov 1933-cü ilin noyabrında yurdumuzun dilbər guşəsində - Şahbuz rayonunun Nurs kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Gəncə Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. Burada təhsilini axıra qədər davam etdirmədən yenidən doğma kəndinə qayıdaraq kolxozda işləmişdir. Sonrakı tələbəlik taleyi isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutu ilə bağlanmışdı. Bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirən Firudin Hüseynov arzu və düşüncələrinin qanadı ilə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdu. Hələ tələbəlik illərindən ədəbiyyata son dərəcə güclü marağı olan Firudin Hüseynov dərin biliyi, insanlara münasibəti, həssaslığı ilə seçilirdi. Müəllimləri də, tələbə yoldaşları da məziyyətlərinə görə onu çox sevirdilər. Ali məktəbi bitirdikdən sonra bir il Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləyən Firudin Hüseynovu doğma universitet yenidən qoynuna çəkdi. O, burada aspirantlıqdan professorluğa qədər şərəfli bir yol keçərək fakültə dekanı, kafedra müdiri kimi vəzifələrdə çalışmışdır. Təhsil yollarında pillə-pillə ucaldığı kimi, elmi axtarışları da bu şəkildə davam etmişdir.

Firudin müəllim XX əsr Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətləri haqqında dərin məzmunlu, ciddi tədqiqat əsərləri yazırdı. Onun yaradıcılığının baş qəhrəmanı Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı olmuşdur. Maraqlıdır ki, namizədliklə əlaqədar yazdığı dissertasiya Əli Nəzmi yaradıcılığına (mollanəsrəddinçi şair), doktorluq işi isə "Cəlil Məmmədquluzadə nəsrində əsas problemlər" mövzusuna həsr olunmuşdu. 25-26 yaşlarından başlayaraq respublikamızın müxtəlif mətbuat orqanlarında müntəzəm surətdə klassik və müasir ədəbiyyatımızla bağlı maraqlı məqalələrlə çıxış edən Firudin Hüseynov ömrü boyu gərgin işləmiş, həyatının 26 ilini Azərbaycan ədəbiyyatının tədqiqinə həsr edərək gözəl müəllim, istedadlı natiq, fədakar alim kimi şöhrət qazanmışdır. Tələbələri təsdiqləyər ki, onun mühazirələri öz elmi səviyyəsinə, aydınlığına, səlis üslubuna görə seçilər, elmi fəaliyyəti isə orijinallığına, dərinliyinə görə fərqlənərdi.

Firudin Hüseynov həqiqətən, XX əsr Azərbaycan ədəbiyyatının həm kamil bilicisi, tədqiqatçısı, həm də onun aşiqi, ürəkdən təbliğ edən vurğunu idi. Bunların bir səbəbi də onunla bağlıdır ki, Firudin Hüseynov ustad müəllimlərdən - Ə.Sultanlı, Ə.Təhmasib, M.Hüseynzadə kimi alimlərdən dərs almışdı. Onların təlimləri gənc alimin bütün varlığına elə hopmuşdu ki, o,  ömrü boyu - istər pedaqoji fəaliyyətində, istərsə də elmi axtarışlarında öz sələflərinin ənənəsinə sadiq qalmışdı.

Görkəmli ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevlə birlikdə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi dəfələrlə nəşr edilmişdi. Bu, indi də tələbələrin istifadə etdiyi ən mükəmməl ali məktəb dərsliyidir.

Xalq şairi Nəriman Həsənzadə Firudin müəllimlə bağlı qələmə aldığı xatirələrində yazır: "Firudin Hüseynovla Mir Cəlal müəllimi bir-birinə bağlayan səbəblər çox idi. Hər ikisi səmimiliyi, alicənablığı ilə seçilirdi. Firudin həqiqətən, çox xeyirxah və nəzakətli insan idi. Mir Cəlal müəllim bunları bildiyindən onu çox istəyirdi. Mir Cəlal müəllimin yumorla danışması məşhur idi. Firudin də ondan geri qalmazdı. Ən ciddi sözü yumorla deyər, başqasının ürəyini qırmazdı. Üzündə həmişə təbəssüm olardı. Doğrudan da, belə insanlar əvəzolunmazdır. Firudinin yeri əbədi boş qaldı. Hər kəsin öz taleyi, hər kəsin öz yeri var. Biz nə qədər sağıqsa, Mir Cəlal müəllim də, Firudin də xatirəmizdə, ürəyimizdə yaşayacaqdır".

Tələbəlik dostu və həmkarı, məşhur ədəbiyyatşünas alim Şamil Qurbanov isə xatirələrində Firudin Hüseynovu belə təqdim edərdi: "Firudin ədəbiyyatın vurğunu idi. Onu dərindən bilirdi. Bu gün danışdığını sabah olduğu kimi təkrar etməzdi. Həmişə yeni söz, yeni fikir deyərdi. Bu, xüsusilə, doktorluq dissertasiyalarının müdafiəsi zamanı hiss olunardı. O, elmi şuranın sədri, mən isə elmi katib idim. Müdafiələr də bir dərs idi, mühazirə idi. İddiaçı da öyrənirdi, dinləyicilər də".

Azərbaycan mollanəsrəddinçi irsinin Mirzə İbrahimov, Abbas Zamanov, Mir Cəlal, Əziz  Mirəhmədov, Əziz Şərif, Qulam Məmmədli, Turan Həsənzadə kimi tədqiqatçılarının sırasında Firudin Hüseynovun da özünəməxsus yeri vardı. O, mollanəsrəddinçi ədəbiyyatşünaslığın əsas yaradıcılarından biridir. Akademik İsa Həbibbəyli deyir: "Mollanəsrəddinçi ədəbiyyata həsr olunmuş tədqiqat əsərləri Firudin Hüseynovu geniş mənada Azərbaycan ədəbiyyatşünaslığının görkəmli yaradıcıları sırasına daxil etmişdir. Aradan xeyli illərin keçməsinə və ideoloji sistemin dəyişməsinə baxmayaraq, indi  də bu görkəmli alimin elmi irsi öz aktuallığını itirməmişdir. Bu zəngin və dəyərli elmi irs - çoxsaylı məqalələr, sanballı monoqrafik tədqiqatlar yenə də mütəxəssislərin, müəllimlərin, tələbələrin, "Molla Nəsrəddin" jurnalını öyrənmək istəyənlərin xidmətindədir".

Görkəmli alimin "Molla Nəsrəddin"lə bağlı ilk tədqiqatı namizədlik dissertasiyası ilə başlamışdı. O, ədəbiyyat tariximizdə "ikinci Sabir" kimi tanınan istedadlı mollanəsrəddinçi şair Əli Nəzmi haqqında geniş araşdırmalar apararaq onun ədəbi irsi ilə bağlı əsl elmi abidə yaratmışdır. "Əli Nəzminin həyatı və yaradıcılığı" adlanan bu tədqiqat əsərində şairin dövrü, yaradıcılığı mükəmməl və dolğun əks olunmuşdur. Bugünün özündə də həmin əsər faydalı mənbədir. Latın qrafikası ilə əsərin çapına ehtiyac duyulur.

Firudin Hüseynov həm də mirzəcəlilşünas alim kimi mükəmməl fəaliyyət göstərmişdir. Həm doktorluq işi Mirzə Cəlilin bədii nəsrinə həsr olunmuşdur, həm də ədiblə bağlı bir sıra qiymətli monoqrafiyalar yazmışdır. Müəllifin "Adi əhvalatlarda böyük həqiqətlər" adlı əsəri Cəlil Məmmədquluzadənin ədəbi irsinə həsr olunmuş ən dəyərli və qiymətli tədqiqatlardan biridir. "Molla Nəsrəddin və mollanəsrəddinçilər" monoqrafiyası isə professor Firudin Hüseynovun uzun illər apardığı tədqiqatların, elmi araşdırmaların yekunudur. Alim böyük təvazökarlıqla bu monoqrafiyasını "realist mətbuat və ədəbiyyatımızın araşdırılması və təbliği sahəsində tikilməkdə olan möhtəşəm binanın divarına qoyulan bir kərpic" adlandırsa da, əslində, həmin monumental əsər "Molla Nəsrəddin"ə münasibətdə ən dəyərli, qiymətli, əvəzsiz və analoqu olmayan abidədir. Bu fikir abidənin ayrı-ayrı bölmələrində "Molla Nəsrəddin" jurnalının nəşrə başlama səbəblərindən, ədəbi xəttindən, nəzəri görüşlərindən, naşirlərindən, yazarlarından tutmuş, digər mətbuata təsirindən, ideya-bədii körpü vəzifəsini ləyaqətlə yerinə yetirməsindən mükəmməl,  məzmunlu, eləcə də yaddaqalan, düşündürücü söz açılır.

Qısa, lakin işıqlı ömür yolu keçmiş, əsl alim və müəllim həyatı yaşamış professor Firudin Hüseynov "Molla Nəsrəddin" jurnalı ilə bağlı müntəzəm araşdırmalar apardığından, bu məcmuənin səhifələrində dərc edilmiş yazıları dönə-dönə oxuduğundan, Mirzə Cəlillə bağlı dərin elmi araşdırmalar dəryasına tez-tez baş vurduğundan böyük məhəbbətlə təqdim etdiyi bu müdrik ədəbi abidənin təsiri altında nəfəs almışdır. Bəlkə də elə bu səbəbdəndir ki, biz nəslin müəllimi olmuş Firudin Hüseynovun tələbələrə, həmkarlarına münasibətində yüksək ehtiram, dərin nəzakət, həssaslıq duyulardı. Öyrəndiyi, təqdir və təqdim etdiyi "Molla Nəsrəddin"in mənəvi saflığı, təmizliyi, zənginliyi başdan-ayağa onun varlığına hopmuşdu. Cavan ikən ağsaqqallıq etmək, elə o cür də sevilmək, yaddaşlarda əbədi yaşamaq, unudulmamaq hər kəsə nəsib olan qismət deyil. Bunun üçün Firudin Hüseynov kimi böyük ürəyə malik olmaq lazım idi.

Uzun illər eyni kafedrada Firudin müəllimlə bir yerdə çalışmış filologiya elmləri doktoru İfrat Əliyeva unudulmaz həmkarını belə xatırlayır: "Firudin müəllimin hər zarafatında Mirzə Cəlil yumoru, Mir Cəlal ruhu hiss olunurdu. Təsadüfi deyildir ki, ən çox sevdiyi və bağlandığı yazıçılar içərisində hər iki müqtədir insana böyük üstünlük verərdi. Ömrünün sonunadək Mir Cəlalı özünə ustad bilər, onun hər cümləsini, ifadəsini olduğu kimi söyləyər, atalıq qayğısını xüsusilə qeyd edərdi. Firudin müəllimin olduqca güclü hafizəsi var idi. Ona vaxtilə dərs demiş müəllimlərindən - Cəfər Xəndandan, Hadi Mirzəzadədən, Kamil Mirbağırovdan, Əli Sultanlıdan, Nəsir Məmmədovdan, Məmməd Arifdən, Məmməd Cəfərdən, Cəfər Cəfərovdan ürəkdolusu danışardı. Onların hər birinin söylədiyi hikmətli sözləri bizə çatdıraraq hamımızı nağıllar dünyasına aparardı".

Firudin Hüseynovu yaxından tanıyanlar həmişə eyni fikri söyləyirlər ki, o, başdan-ayağa ziyalı, milli düşüncəli, çox təbii və səmimi bir insan idi. Həmkarları onu yarıciddi-yarızarafat "təfəkkür çırağı" adlandırırdılar. O qədər şən, həyatsevər, yumorla danışmağı sevəndi ki, kimsənin də ağlına gəlməzdi ki, Firudin Hüseynovun ömrü yarıda qırılacaq. Xatirələrdən bəlli olur ki, əslində o, elmi işlərini axıra çatdıra bilməyib. Gecə-gündüz yorulmadan çalışan bu cəfakeş alimin qəlbi arzularla dolu idi. Arxivdə toz basmış neçə-neçə sənətkarın, klassikin əlyazmaları Firudin Hüseynov kimi tədqiqatçının qələminə möhtac idi. Təəssüf ki, əcəlin caynağından heç kəs qurtulmayıb. Gənclik illərində nişanlısına yazdığı bir məktubda ona həm də şeir göndərən Firudin Hüseynov hansı hissin təsirindənsə belə misralar qələmə almışdı:

Alışıb yanacaq üfüqdə könlüm,
O yolda, o izdə sən məni yad et.
Nə qədər səhər var, Günəş var, gülüm,
Dünyada mənsiz də sən məni  yad et. 

Ömür-gün dostu Lalə xanımın sədaqətlə arxivində saxladığı bu zərif duyğulu şeirdə həm də bir alim ömrünün mənası gizlənir. Gör, onun neçə tələbənin, qələm dostunun, iş yoldaşının yaddaşında əziz xatirələri var. Əməlləri ilə könüllərə iz salan insanlar həqiqətən, hər səhər doğulan Günəş kimi yada düşür, ehtiramla xatırlanırlar. Elə bizim unudulmaz, sevimli müəllimimiz, görkəmli ədəbiyyatşünas alim, "Molla Nəsrəddin"in cəfakeş tədqiqatçısı Firudin Hüseynov kimi... Sənsiz keçirdiyimiz 75 yaşının istisi neçə xatirəni yada saldı.

 

 





16.11.2013    çap et  çap et