525.Az

İlk "Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət"


 

İlk "Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət"<b style="color:red"></b>

Dilçilik tarixində leksikoqrafiyanın yaşı qədim olsa da, Azərbaycan dilçiliyi tarixində bu sahə XIX əsrin son onilliyinə təsadüf edir. Belə ki, Sultan Məcid Qənizadənin "Lüğəti-rusi və türki" adlı lüğəti ilk dəfə olaraq 1890-cı ildə çap olunmuşdur.

Həmin lüğət 1922-ci il də daxil olmaqla, 6 dəfə təkrar nəşr olunmuşdur. Bundan sonra Üzeyir Hacıbəylinin 1907-ci ildə "Türki-rus və rus-türki", Qarabəy Qarabəyovun 1912-ci ildə "Qamusi türki" adlı lüğətləri işıq üzü görmüşdür.

Hazırda leksikoqrafiyamızda hələ ki, altı dəfə çap olunmuş üçcildlik "Rusca-azərbaycanca" və iki dəfə çap olunmuş dördcildlik "Azərbaycanca-rusca" əsas lüğətlərdəndir.

Lakin Azərbaycan lüğətçiliyinin əsl inkişafı və yaranması 1920-ci ildən başlasa da, onun əsaslı dönüş və canlanması 1930-cu ildən sonraya təsadüf edir. Həmin dövrdə lüğətçilik işini yaxşılaşdırmaq məqsədilə İnstitut - Lüğətlər və Ensiklopediyalar İnstitutu da yaradılmışdır. Bu vaxtlar, əsasən, ikidilli lüğətlər və ikidilli terminoloji lüğətlər çap olunurdu.

İstər sovet rejimi vaxtında, istərsə də respublikamızın müstəqillik qazandığı dövrdə tədqiqatçıların, həm də oxucuların ehtiyacını ödəmək üçün ciddi və mükəmməl araşdırmalar, işlər aparılmışdır. Odur ki, hazırda müxtəlif elm və sosial sahələrə həsr olunmuş 300-dən artıq birdilli, ikidilli və habelə çoxdilli lüğətlər işıq üzü görməkdədir.

Bu lüğətlər içərisində tərcümə lüğətlərinin xüsusi yeri vardır. Odur ki, tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün ana dilimizdən xarici dillərə, yaxud xarici dillərdən ana dilimizə ikidilli lüğətlər hazırlanaraq çap olunmuşdur. İndinin özündə də bu proses davam etdirilir. Məsələn, ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə, rusca-azərbaycanca, azərbaycanca-rusca, almanca-azərbaycanca, azərbaycanca-almanca, fransızca-azərbaycanca, azərbaycanca-fransızca, farsca-azərbaycanca, azərbaycanca-farsca, gürcücə-azərbaycanca, azərbaycanca-gürcücə, italyanca-azərbaycanca, ispanca-azərbaycanca və başqa lüğətlər nəşr olunur.

Göründüyü  kimi, lüğətçilik tarixində tərtib olunub nəşr edilən sözlüklərdən əksəriyyətini tərcümə lüğətləri təşkil edir. Bu, əlbəttə, vacib məsələlərdən idi. Çünki tərcümə lüğətləri digər hər hansı bir dili öyrənmək üçün ehtiyacı ödəmək məqsədi ilə daha zəruri idi. Əsas məsələlərdən biri ondan ibarətdir ki, ilk olaraq öz ana dilini  yüksək səviyyədə mənimsəyə biləsən. 

Bunlarla yanaşı, həmin siyahıya yenicə çapdan çıxan ilk dəfə hazırlanmış "Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət" - "Ozarbayjoncha-o`zbekcha, o`zbekcha-ozarbayjoncha lug`at" (Bakı - "SAVAD" 2019) kitabını da əlavə etmək olar.

Lüğətin layihə rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. Kitabın azərbaycanca-özbəkcə hissəsinin tərtibçiləri AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi Dilçilik şöbəsinin müdiri, professor İsmayıl Oruc oğlu Məmmədli və professor Almaz Ülvi Binnətova, özbəkcə-azərbaycanca hissəsinin tərtibçiləri isə ədəbiyyatşünas, dil-şünas Babaxan Məhəmməd Şərif və şərqşünas-filoloq Şahista Kamranlıdır; elmi məsləhətçilər akademik İsa Həbibbəyli və professor Şuhrat Siracəddinovdur. Rəyçilər akademik Möhsün Nağısoylu və dosent Abduvahab Mədvəliyevdir.

Kitaba Samir Abbasov "Ön söz" yazmışdır. Boboxon Muhammad Sharifin isə lüğətdə "Aziz kitobxon!" adlı essesi də verilmişdir.

Lüğətin hər iki hissəsində 12 mindən çox leksik vahid yer almışdır. Əlavə kimi onu qeyd edək ki, həm Azərbaycan dili, həm də özbək dili Altay dilləri ailəsinin türk dilləri qrupuna daxildir. Tarixi inkişaf və linqvistik özəlliklər baxımından da türk dilləri beş yarımqrupa bölünür: Oğuz dilləri yarımqrupu, Qıpçaq dilləri yarımqrupu, Bulqar dilləri yarımqrupu, Qarluq dilləri yarımqrupu və Tukyuy dilləri yarımqrupu. Azərbaycan dili Oğuz dilləri, özbək dili isə Qarluq dilləri yarımqruplarına daxildir.

Göründüyü kimi, hər iki dil ayrı-ayrı yarımqruplara daxildir. Buna görə də hər iki türk xalqının dillərində həm oxşar, həm də fərqli cəhətlər özünü göstərməkdədir.

Bəlli olduğu kimi, hər iki dilin ayrı-ayrı yarımqruplara aid olduğuna baxmayaraq, Azərbaycan və özbək dillərinin qədim, zəngin, ortaq tarixi kökləri vardır və öz mədəniyyətlərini, dil xüsusiyyətlərini qoruyub saxlamaqdadır. Hətta hər iki xalq öz mədəniyyətləri, incəsənətləri ilə qürur duyur. Çünki Azərbaycan və özbək xalqları ədəbiyyatının, onlara məxsus sənət və elmin müxtəlif sahələrində özlərinə layiq bir yer tutmuş dünya şöhrətli korifeylər, şairlər, ədiblər, hikmət sahibləri, dövlət xadimləri yetirmişlər. Həmçinin, hər bir sahədə Azərbaycan-özbək əlaqələri yüksək vüsət almışdır. İstər qədimdə, istər yaşamış olduğumuz sovet rejimi döv-ründə, hazırda da - müstəqillik illərində hər iki xalq arasında möhkəm və qırılmaz əlaqələr olmuş, indi də bu mədəni, ədəbi əlaqələr davam etməkdədir.

Kitabda "Ön söz"ün müəllifi Samir Abbasov doğru olaraq yazır ki, Azərbaycan və özbək xalqlarının tarixləri, mədəniyyətləri ortaq bir kökə malik olduğu kimi, bu iki xalqın dili də eyni kökə əsaslanır. Fərqli tarixi inkişaf yolları keçmələrinə baxmayaraq, bu iki dilin kökü, özəyi ümumtürk dilidir.

Müəllif onu da nəzərə çarpdırır ki, müxtəlif coğrafi ərazilərdə yerləşən və siyasi mövqelərlə fərqlənən bu dillər zaman-zaman işğallar, qonşu mədəniyyətlərin repressiya və istilaların təsirləri ilə seçilən inkişaf yolları keçmiş və nəticədə də bu iki doğma dil arasında müəyyən leksik fərqlər ortaya çıxmışdır.

Doğrudan da, "Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət"i vərəqlədikcə həmin oxşarlıqları və ayrılmaları görmək olur. Elə leksik vahidlər vardır ki, eynilə bir-birinə oxşayır; burada olsa-olsa yalnız fonetik fərqlər mövcuddur. Bunu nəzərə alıb leksik layları üç yerə ayırmaq olar:

1. Fərqli leksik vahidlər

2. Oxşar leksik vahidlər

3. Qeyri-oxşar leksik vahidlər

Fərqli leksik vahidlərə aşağıdakı sözlər aid edilir: abad - obod, abidə - obida, acımaq - achimoq, qanadlı - qanotli, qəsr - qasr, qətl - qatl, qaçmaq - qochmoq, gəlmək - kelmoq, gözəl - go`zal, gül - gul, naz - noz, nazir - nozir, fəxr - faxr, ayran - ayron, ayırmaq - ayirmoq, ilan - ilon, qız - qiz və s.

Oxşar leksik vahidlərə misal olaraq aşağıdakıları göstərmək olar (buraya dilə keçən bir çox sözləri də aid etmək olar): bel - bel, ilik - ilik, ilikli - ilikli, iliksiz - iliksiz, qalay - qalay, taxta - taxta, şirin - shirin, rekord - rekord, reys - reys, stol - stol, renta - renta, stul - stul, reyd - reyd və s.

Müxtəlif sahələri əhatə edən beynəlxalq terminlərdə də oxşarlıq əlamətləri qalmaqdadır: qlobal - qlobal, avtobus - avtobus, şrift - shrift, ştab - shtab, ştamp - shtamp, ştat - shtat, taksi - taksi, okean - okean, relyef - relyef, rektor - rektor və s.

Bununla yanaşı, ilin 12 ayında da heç bir fərq yoxdur.

Qeyri-oxşar leksik vahidlərə aid: heyva - behi, həbs - qamoq iftira - tuhmat, iftiraçı - tuhmatchi, qardaş - aka (uka), nal - taqa, oxucu - kitobxon, marıq - pistirmə, şalban - xoda, beyin - miya, qarpız - tarvuz, qoxu - hid (is), qoğal - kulcha, ayı - ayiq, bacı - opa (sinqil), şişman - semiz və s.

Kitabın məziyyətlərindən biri də budur ki, sonda hər iki xalqı təmsil edən antroponimlərin - şəxs adlarının sıralanmasıdır. Lüğətdə verilən şəxs adları hissəsində fonetik baxımdan fərqlərə və oxşarlıqlara də rast gəlirik.

Oxşarlıqlar: Asim - Asim, Asif - Asif, Abdal - Abdal, Atlaz - Atlaz, Dadaş - Dadash, Elmira - Elmira, Emil - Emil, İlkin - Ilkin, Tutu - Tutu və s.

Fərqlənmələr: Ayaz - Ayoz, Azər - Ozar, Babək - Bobak, Bahar - Bahor, Eldar - Eldor, Əkbər - Akbar, Əli - Ali, Habil - Hobil, Həqiqət - Haqiqat, İbad - İbod, İsa - İso, Ömər - Umar və s. 

Yüzlərlə belə misallar göstərə bilərik. Bu cür mənzərə həm milli sözlərimizdə, həm də dilə keçən alınma sözlərdə özünü büruzə verir...

Nəfis şəkildə nəşr olunmuş "Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca"  lüğət hər iki türk xalqının - Azərbaycan və özbək xalqlarının həm tarixi dostluq baxımından, həm də kökə bağlılıq cəhətdən ayrılmaz birlik rəmzi kimi dəyərlidir.

Sonda onu vurğulamaq olar ki, lüğətin həm praktik, həm də elmi əhəmiyyəti böyükdür. Belə ki, hər iki dilin müqayisəli şəkildə araşdırılmasında mühüm bir vəsait kimi lüğətin böyük əhəmiyyəti vardır.

Nəriman SEYİDƏLİYEV
AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru

 





31.01.2020    çap et  çap et