525.Az

Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısı keçirilib


 

BEYNƏLXALQ TÜRK AKADEMİYASI ELMİ ŞURASINA SƏDRLİK AZƏRBAYCANIN TƏHSİL NAZİRLİYİNƏ KEÇİB

Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısı keçirilib<b style="color:red"></b>

Dünən Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 3-cü iclası keçirilib.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan və Qırğızıstanın Təhsil nazirinin müavinləri Kanat Sarsembayev və Japarkul Taşiyev, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz, Türkiyə Respublikası Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, o cümlədən, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistanın ölkəmizdə akkreditə olunmuş səfir və diplomatları iştirak ediblər.

İclası giriş sözü ilə açan Təhsil naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qısa müddətdə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdiyini və öz fəaliyyətini genişləndirdiyini bildirib. O, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bütün türk xalqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatdırıldığını vurğulayıb: "Türk Şurası çərçivəsində mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənəcəyinə və türk xalqlarının mədəni və mənəvi irsinin tədqiqinə dair nailiyyətlərimizin artacağına, bu xüsusda mühüm rol oynayan təhsil və elm sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümid edirəm".

Nazir əlavə edib ki, 15-ci əsrədək olan ortaq türk tarixi ilə bağlı dərslik artıq hazırdır. Onun sözlərinə görə, hazırlanmış dərsliyin tədrisinə başlaması məsələsi Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclasında müzakirə ediləcək: "Eyni zamanda, ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin üzərində də işlər gedir. Burada bu məsələ də müzakirə olunacaq".

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli isə rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin ötən il kifayət qədər uğurlu olduğunu diqqətə çatdırıb. O bildirilib ki, akademiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilatıdır. Onun yaradılması haqqında Saziş 2012-ci il avqustun 22-23-də Türk Şurasının Bişkekdə keçirilən 2-ci Zirvə Görüşündə imzalanıb və quruma beynəlxalq status verilib. Təşkilat türk dilinin, ədəbiyyatının, mədəniyyətinin və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri türk xalqlarının mədəni və mənəvi irsinin tədqiqi, dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır. Təşkilatın gördüyü işlər türk birliyinə xidmətin tərkib hissəsidir.

Sonra 2020-ci il üzrə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrliyin Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə və hədiyyə Ceyhun Bayramova təqdim edilib.

Daha sonra iclasda təşkilatın 2020-ci il üçün əsas elmi istiqamətləri, fəaliyyət prioritetləri və keçirilməsi planlaşdırılan türk dünyasının önəmli yubiley tədbirlərinin siyahısı, o cümlədən, təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək təsdiqlənib.

2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Türk Şurasının VII Zirvə görüşü ilə təşkilata sədrlik Azərbaycana və müvafiq olaraq Beynəlxalq Türk Akademiyası Elmi Şurasının sədrliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçib.

Təhsil naziri deyib ki, Beynəlxalq Türk Akademiyasının nizamnaməsinə əsasən, Elmi Şuraya sədrlik hər il bir ölkəyə həvalə olunur: "Ötən il şuraya Qırğızıstan rəhbərlik edirdi. Bugünkü tədbirdə bütün türkdilli dövlətlərin, beynəlxalq nümayəndəliklər iştirak edir''.

S.QARAYEVA

 





31.01.2020    çap et  çap et