525.Az

Azərbaycanda parlament seçkilərini izləyəcək pakistanlı müşahidəçilər və jurnalistlər üçün brifinq keçirilib


 

Azərbaycanda parlament seçkilərini izləyəcək pakistanlı müşahidəçilər və jurnalistlər üçün brifinq keçirilib<b style="color:red"></b>

Ölkəmizin Pakistandakı səfirliyi fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə dair brifinq təşkil edib. Tədbirə seçkilərdə iştirak edəcək pakistanlı müşahidəçilər və jurnalistlər dəvət olunublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və digər diplomatlar brifinqdə müşahidəçilərə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçkilərə hazırlıq prosesi, seçkidən əvvəl aparılan işlərlə bağlı məlumat veriblər.

Bildirilib ki, namizədlərin qeydiyyatı prosesinin gedişi və seçkilərə qatılan namizədlər barədə məlumatlar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilib, aşkarlıq və şəffaflıq tam təmin olunub. Qeydə alınan namizədlərin sayı və onların təmsil etdikləri partiyaların müxtəlifliyi seçkilərin şəffaf, plüralizm mühitində keçəcəyini göstərir.

Mərkəzi Seçki Komissiyasının gördüyü işlər və həyata keçirdiyi layihələr barədə məlumatların KİV, həmçinin qurumun daim yenilənən internet səhifəsi və sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq ictimaiyyətə çatdırıldığı, Komissiyanın iclaslarına maraqlı tərəflərin, müşahidə missiyalarının, diplomatik korpusun nümayəndələrinin və jurnalistlərin dəvət olunduğu qeyd edilib.

Tədbirdə “Seçki 2020” Müstəqil Media Mərkəzinin açılması barədə də məlumat verilib. Bildirilib ki, kütləvi informasiya vasitələrinin nümayəndələri üçün hərtərəfli şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, seçkiləri izləmək üçün artıq 62 minə yaxın yerli və 700-ə yaxın beynəlxalq müşahidəçinin akkreditasiyadan keçib. Bu il namizədliyini irəli sürən qadın namizədlərin sayı əvvəlki seçkilərlə müqayisədə iki dəfə çoxdur.

Sonra bildirilib ki, Azərbaycanın işğal edilmiş ərazilərindəki 10 seçki dairəsinə aid seçki məntəqələri məcburi köçkünlərin məskunlaşdığı digər rayonlarda təşkil olunub. Pakistanlı müşahidəçilər və jurnalistlər onları maraqlandıran məsələlər barədə suallara ətraflı cavab aldıqlarına görə təşəkkürlərini bildiriblər.

 





01.02.2020    çap et  çap et