525.Az

Azərbaycan bəstəkarının zəfəri


 

Azərbaycan bəstəkarının zəfəri<b style="color:red"></b>

Şimali Amerika qitəsindən xoş xəbər almışıq: gənc azərbaycanlı bəstəkar, Bakı Musiqi Akademiyasında SSRİ və Azərbaycan Xalq artisti Arif Məlikovun sinfinin məzunu olan Kərəm Əkbərov Kanadada bu ölkənin yüksək tituluna “Niaqara beynəlxalq artisti” adına layiq görülüb.

Niaqara beynəlxalq musiqi festivalında həmyerlimizin “Qəbələ” simfonik əsərinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Qəhrəmanlıq simfoniyası”nın uğuru bu cür qeyd olunub. Bu əsəri isə belə ilhamla və istedadla Torontonun dünya şöhrətli “İpək yolu” kamera orkestri artıq çoxdan bəri Kanadada yaşayıb çalışan və bizim musiqi mədəniyyətimizi Amerikada layiqincə təmsil edən Azərbaycanın əməkdar incəsənət xadimi İsmayıl Hacıyevin dirijorluğuyla ifa edib.

Bakıdan gəlmiş  gənc bəstəkarın əsərləri Kanadanın klassik musiqi bilicilərini valeh edərək, Şimali Amerikanın  bu ölkəsinin parlaq və yaddaqalan mədəniyyət hadisəsinə çevrilib. Qürurla qeyd etməliyik ki, həmyerlimizin yaradıcılığı yalnız peşəkar musiqiçilər tərəfindən deyil, həmçinin musiqini bütün incəliklərinə qədər duya bilən digər dinləyicilər, o cümlədən, Kanada parlamentinin deputatları, Niaqara bölgəsinin qubernatoru, ölkə ictimaiyyətinin bir sıra digər nümayəndələri tərəfindən də yüksək qiymətini alıb. Onlar bu əsərlərin müəllifini təqdir edib, ona sonsuz təbrik və minnətdarlıq hisslərini ünvanlayıblar.

Azərbaycanın gənc bəstəkarının əsərlərini dinlədikdən sonra öz təəssüratlarını  bölüşərkən Beynəlxalq Niaqara musiqi festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankasın qeyd etdiyi kimi “Qəbələ” və “Qəhrəmanlıq simfoniyası” kimi olduqca dəyərli əsərlərin yaradıcısının bu parlaq uğuru bütün Azərbaycan bəstəkarlıq məktəbinin yüksək səviyyəsindən xəbər verir və bu yolu keçənlər öz yaradıcılıqlarında Qərbi Avropa və Azərbaycan simfonizminin ən yaxşı ənənələrinin vəhdətini yaratmaqla heyrətamiz istedad nümayiş etdirirlər”. Atis Bankas deyir ki, əsasən də məhz buna görə Kərəm Əkbərovun bizə təqdim etdiyi bu simfonik əsər şübhəsiz ki, Kanada musiqi festivalları çərçivəsində keçiriləcək bütün konsertlərin ayrılmaz tərkib hissəsi olacaq...

Kanada parlamentinin deputatı Monte Kvinter isə Azərbaycan bəstəkarının zəfərinə heyranlığını belə ifadə edib: “Mən öz istedadının nümayişi ilə bizim ölkəmizin “Niaqara beynəlxalq artisti” kimi nüfuzlu  və  şərəfli tituluna layiq görülmüş gənc musiqiçinin bu böyük uğurundan dərin məmnunluq hissi keçirirəm. Kərəm Əkbərov bütün sahələrdə uğurla inkişaf edən öz doğma Azərbaycanının mədəniyyətinin gücünü bir daha təsdiqlədi...”

Həqiqətən də  böyük Heydər Əliyevin 90 illiyi şərəfinə Kanadada keçirilən Niaqara musiqi festivalı çərçivəsində təşkil olunmuş Azərbaycan mədəniyyəti və incəsənəti günləri Azərbaycan musiqisinin təntənəsinə çevrildi. Bu günlər bir daha sübut etdi ki, bu gün müasir Azərbaycan və ən başlıcası isə ölkəmizdə həyata keçirilən bütün xoşməramlı tədbirlərin təşəbbüskarları olan Azərbaycan Prezidenti İlham Əliyev və UNESKO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyeva ulu öndər tərəfindən qoyulmuş ənənəni – Şərq və Qərb mədəniyyətlərinin nadir və misilsiz sərvətlərinin vəhdətini təmin etməklə ölkəmizin hərtərəfli tərəqqisinə nail olmaq ənənəsini öz fəaliyyətləri ilə davam etdirirlər.

Elə indinin özündə biz artıq “Kaspi” qəzetinin də  xəbər verdiyi kimi Heydər Əliyev adına I Qitələrarası  musiqi festivalının astanasındayıq. Festival çərçivəsində keçirilən konsertlərdə məşhur simfonik orkestrlər, Y.Temirkanov, B.Qeorqiyev, Z.Meta və digərləri kimi böyük dirijorlar və musiqiçilər iştirak edəcəklər, musiqi tədbirləri dünyanın bir sıra şəhərlərində – əsasən Sankt-Peterburq və Moskva, Toronto və Nyu-York və əlbəttə ki, Bakımızda təşkil olunacaq. Axı bu nəhəng musiqi layihəsinin bədii rəhbərlərindən biri bizim Kanadadakı həmyerlimiz, dirijor və bəstəkar İsmayıl Hacıyevdir.

Əminliklə deyə bilərik ki, təşkilatçıların qitələrarası musiqi fesivalının proqramına yekdilliklə daxil etdikləri və artıq hamı tərəfindən təsdiqini almış gənc Azərbaycan bəstəkarı Kərəm Əkbərovun simfonik əsəri bu proqramın bəzəyi olacaq.

Elmira ƏLİYEVA
Əməkdar jurnalist
“Kaspi” qəzeti

 





18.11.2013    çap et  çap et