525.Az

Polad Bülbüloğluya yubiley təbriki


 

Polad Bülbüloğluya yubiley təbriki<b style="color:red"></b> Hörmətli Polad müəllim!

Sizi,  görkəmli dövlət və  ictimai xadimi, ali sənətkar və  nadir keyfiyyətlər sahibi olan şəxsiyyəti  bu əlamətdar 75 illik yubiley günündə  ürəkdən təbrik etmək istərdim.

İllər uzunu davam edən fəaliyyətiniz öz çoxcəhətliliyi və miqyası ilə heyrət hissi doğurur.  Əlbəttə, ilk öncə Siz beynəlxalq arenada tanınan diplomat - ölkəmizin maraqlarının sayıq müdafiəçisisiniz. Azərbaycanın Rusiya ilə ikitərəfli münasibətlərinin son  15 il ərzində uğurla, dinamik inkişaf etməsində Sizin də  zəhmətiniz   önəmlidir. Ölkə tarixinin ən çətin dövründə Mədəniyyət Nazirliyinə rəhbərlik edərək Siz  nazir vəzifəsində gerçəkləşdirdiyiniz çoxsaylı irihəcmli layihələrlə  müstəqil  Azərbaycanın incəsənətinin inkişafına, geniş miqyasda  tanınmasına   əvəzsiz töhfələr  bəxş etmisiniz.

Dünyanın müxtəlif guşələrində yaşayan on minlərlə insan Sizi ilk öncə nadir istedada malik  özünəməxsus  musiqiçi – bəstəkar və müğənni kimi tanıyır.   İllər ərzində  ölkə -ölkə  gəzərək Siz öz  təkrarsız sənətinizlə Azərbaycanı millətindən, dili və dinindən asılı olmayaraq  geniş auditoriyaya   tanıtdırmısınız.  Bu gün də Sizin  şaqraq səsiniz,   bənzərsiz  ifa ədanız,  bir-birindən gözəl mahnılarınız sevə-sevə dinlənilir: Siz ən gözəl tədbirlərin istəkli,  səbirsizliklə gözlənilən qonağısınız.

Müxtəliflik, zənginlik Sizin bəstəkartək yaradıcılığınızı da səciyyələndirir. Burada  instrumental musiqinin ali janrı - simfoniya, kamera-instrumental və vokal əsərlər də təmsil olunub. Bəstəkar kimi sənətinizin tacı  -  əbədi dəyərləri vəsf edən “Məhəbbət və ölüm” baletiniz  müxtəlif məşhur  teatr səhnələrində tamaşaya qoyularaq Azərbaycan sənətinə  şöhrət gətirmişdir.

Gözəl bir deyim var: ot kökü üstündə bitər.  Sizin bütün yaradıcılıq həyatınız bu fikri isbat və təsdiq edir. Yeni Azərbaycan mədəniyyətinin qurucularından biri -  dahi sənətkar,  musiqiçi,  tədqiqatçı, vokal ustası  əfsanəvi Bülbülün  ailəsində boya-başa çatmış bir insan kimi Siz  Azərbaycan sənətinin ən yaxşı ənənələrini şərəflə davam etdirir, bu işə bütün ürəyinizin hərarətini bəxş edirsiniz.

Ümumiyyətlə, hansı işə üz tutursunuzsa tutun,  hər dəfə böyük məharət, inadkarlıq, polad iradə sərgiləyirsiniz. Görünür, Sizə verilən  ad da xarakterinizin ümdə keyfiyyətlərinin  formalaşmasına təsir göstərib. Ümumiyyətlə, obrazınız  dastan qəhrəmanlarını – bir əlində saz, bir əlində qılınc olan  qəhrəmanları xatirimizdə canlandırır. 

Əziz Polad  müəllim,  şadam ki,   mənə Sizinlə bahəm  çalışmaq  nəsib olub.  Gərgin, məhsuldar əmək dolu illəri – tam qarşılıqlı etibar və  ehtirama, amal birliyinə söykənən münasibətlərimizi  həmişə  xoş duyğularla xatırlayıram.
Polad müəllim, Sizə bu  gözəl bir gündə fəaliyyətinizin müxtəlif istiqamətlərində, ölkəmizin nüfuzunun artmasına  xidmət edən işinizdə yeni-yeni qələbələr diləyirəm. Davamlı sağlam  həyat, tükənməz enerji, şövq, könül xoşluğu arzulayıram - bütün sevdiyiniz və Sizi sevən insanlarla birlikdə!

Cavanşir AXUNDOV
Azərbaycan Respublikasının Latviyadakı səfiri
 





03.02.2020    çap et  çap et