525.Az

Köhnə tanışlar: Şakir Yaqubov


 

Köhnə tanışlar: <b style="color:red">Şakir Yaqubov</b>

KÖHNƏ TANIŞLAR: TANINMIŞ JURNALİST Şakir YAQUBOV –1

 

Tofiq ABDİN,

[email protected]

tofigabdin.com

“MƏN HƏYATIMI JURNALİSTİKAYA QURBAN VERDİM”

UVERTURA TÜRKİYE’YE BÜYÜK SAYQIYLA

 

Azerbaycanlı mühabir, Bakü’deki 1990,Ocak katliamınden sonra yayına giren Seher  enformatik-haber gazetisi Genel müdürünün yardımcısı,tanınmış gezeteçi Şakir Yakupov geçtiğimiz günlerde bizzat benim misafirim olarak Türkiye’ye, genlede ise İstanbul’a gelmişti.Geldi,bir kaç gün İstanbul’da gezdi ve Bakü’ye döndükten sonra bu gezintiyle ilğlili bir  okunaklı ve dikkati çeken yazı yayınlattı kendi gazetesinde.

Önceler Türkiye hakkında bir o kadar da saygıyla konuşamayan bu yazarın (şunu anlatmalıyızki, kötüleyen bir şeyler de yapmıyordu)  geçtiğimiz günlerde bana gönderdiği  dizi yazını dikkatle okudum.Okudukça da bu büyük Türkiye’ye ve genelde İstanbul’a olan sayğısını ve sevgisini duydum.

“İstanbulda her şey var,Bakü’den başka”adlı dizi yazı  genel olarak şu satırlara bitiyor: ”Bir akşam Tevfik bey Abidin’le İstanbulda geçirdiğim günlerin duyğularını paylaşanda böyle bir  dialoğumuz oldu:iİstanbul çok büyük bir tent,ne ararsansa bulmak çok kolay. Tevfik bey dedi: evet Şakir bey,İstanbul’da ‘yoktur’ sözüne bir ihtyac yok.Ama İstanbul’da BAKÜ yoktur.

Tebii bir kaç yıl İstanbul’da yaşan Tevfik bey’in şu sözlerini şimdi de unutamıyorum.”

Şakir Yakupov Azerbaycan’da en iyi tanınmış,titiz ve profesyonel gazeteçilerden biridir.Kuşkusuz şunu söyleyim ki, böyle okunaklı ve azeri türkçesinde  söylesek: şirin,tatlı bir yazı ortaya koyacağını kendisinden bekliyordum.Bu beni candan sevindirdi. Bu açıdan Şakır Yakupov’un yazı usulubunda İstanbul’un vapurlar yüzen bağazları,Türkiye’de üniversitelerde okuyan  azeri öğrencilerin hayatı ve tahsili  hatta televizyon yayanları ve Türkiye’nine politik gündemi hakkında sevndirici sözler yazan Şakir Yakupov hakkında şu sözleri sarf etmeğe değer:İstanbul’da her şey var Bakü’den başka,azizim Şakir.Ama senin bu güzel dizi yazında da her şey kötü niyetten başka. Büyük saygılar sunarım yazar arkadaşıma.

İstanbul’dan büyük saygılar...

TOFİQ ABDİN

“Orta doğu” QEZETİ 11mart, 1994

–Bir öncəki müsahibəmizdə mən deyəsən yanlış olaraq Sizi də ALTMIŞINCILAR kimi təqdim etmişdim.Görünür Sizin bir  yenilikçi və islahatçı  düşüncələriniz mənə buna haqq qazandırmışdı.Hər halda söhbətimizə o illərdən başlayaq.

– Əvvəlcə təşəkkürümü bildirirəm ki, nəhayət, 62 yaşımın tamamında olsa da yazı-pozu işiylə bağlı ümumi şəkildə mənim də fikrimi bilməyə Azərbaycan cəmiyyəti... Yox,  bu, çox yekə çıxır, konkret olaraq sənin özün, 10-12 ildən bəri ardıcıl olaraq yazdığın bu köşədə məni də dinləməyə, daha doğrusu, dilləndirməyə əşhədü-ehtiyac hiss eləyibsən. Hərgah müsahibə verməyə mənim nə həvəsim, nə də vaxtım var.

Birinci səbəb budur ki, mən “altmışıncı” deyiləm; ümumiyyətlə, əgər Azərbaycan ədəbiyyatında belə bir şey olubsa, bunun bir qədər yeri var – çünki həmin illərdə Anarın, Elçinin, İsa Hüseynovun, Sabir Əhmədlinin, Əkrəm Əylislinin “və başqaları”nın ədəbi-ictimai fikrə yenilik gətirən əsərləri olub, çap edilib və oxucuya çatdırılıb.

–Azərbaycan jurnalistikasında belə bir şey olubmu?

–Bəlkə “samizdat”lar olub, hardasa yeni-yeni qəzet və ya jurnallar çap olunub və onlarda kommunist partiyasının qoyduğu “ustanovka”lardan fərqli tərzdə yazılmış yazılar dərc olunub? Əsla belə bir şey olmayıb! Olub Cəmil Əlibəyov, Rəfail Nağıyev, Nəriman Zeynalov – öncə də QƏZETÇİ kimi. 1967-ci ildə “Ulduz” jurnalı, 1969-cu ildə “Qobustan” sənət toplusu nəşrə başlayıb və onlarda Anar, Vidadi Paşayev,  Tofiq Məhərrəmoğlu (onun “Etüd” kitabı da 1969-cu ildə, özü də “MƏHƏRRƏMOĞLU” imzasıyla çap olunub), Səyavuş Sərxanlı, Seyran Səxavət, Azər Abdulla, radioda Vaqif Əlixanlı, Mövlud Süleymanlı başlayıblar o dövr üçün yeni olan mövzularda, qeyri-standart ifadə üslubunda yazılar yazmağa. Əslində, onilliyin sonuna düşdüyü üçün onları və yazdıqlarını da “altmışıncı” yox, tərəddüdsüz-filansız “yetmişinci” hesab eləmək lazımdır və bu halda sel kimi gələn, azı 20 il sərasər SÖZ DEYƏN böyük  bir nəsildən danışmaq olar –təsəvvür elə ki, Şamil Şahməmmədov, Aqşin Kazımzadə, Şahin Quliyev, Piri Məmmədov, Əhməd İsayev,   Fazil Rəhmanzadə, Akif Ağayev, İlham Rəhimli, Şahmar Əkbərzadə, Yusif İsmayılov, Nemət Veysəlli, İntiqam Mehdiyev, Məmməd Oruc, Möhbəddin Səməd, Rafael Hüseynov  və bir neçə digər qələmdaşımızın aid olduğu  o nəslin sıralarına düşmək də  mənim üçün  asan deyil.

İkinci  səbəb: “yel əsir, qoz tökülür” —  heç kimin vecinə də deyil ki, Şakir Yaqubov Azərbaycan jurnalistikası, onun dünəni və bu günü, ayrı-ayrı nümayəndələri barədə nə fikirdədir. Çünki elə həmin bu insan-oxucuların dəftər-kitabında Şakir Yaqubov adlı-soyadlı jurnalist, ümumiyyətlə, yoxdur.

– Şakir müəllim, bu bir az insafsız yanaşmadır və təvazökarlıqdan o yana bir söhbətdir.

–Bu mənim fikrimdir.Halbuki bu adam, yəni Şakir Yaqubov  sovet dövrünün  mətbuatında ştatdankənar müxbirlikdən ölkənin birinci qəzetinin rəhbər üçlüyünədək istisnasız olaraq ÖZ ƏMƏYİ hesabına uzun bir yol keçib, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb və o dövrün bir xeyli jurnalistindən fərqli olaraq, bizim müasir BAZAR jurnalistikasında da ÖZ SİFƏTİ və ÖZ SÖZÜ olan tək-tək jurnalistlərdən biri olaraq qalıb, müstəqil Azərbaycanda da “Əməkdar mədəniyyət işçisi” fəxri adını alıb; başqa sözlə, bu fəxri ada İKİ DƏFƏ layiq görülmüş YEGANƏ jurnalistdir...

On il bundan qabağın söhbətidir, oturmuşam bir redaktorun, daha doğrusu, baş redaktorun otağında və onunla dünyanın gərdişi barədə dərdləşirik. Mənim nəvəm yaşında bir  qız içəri girir, salamsız-kəlamsız baş redaktora nə barədəsə məlumat verib geri qayıtmaq istəyəndə bu baş redaktor ondan soruşur ki, bəs içəri girəndə niyə salam vermədin? Qız qayıdır ki, mən bu gün neçənci dəfədir bu otağa girib-çıxıram və salam da vermişəm... Müdir him-cimlə buna qandırmaq istəyir ki, mənə yox, bu müəllimə, yəni qonağa salam vermək lazım idi. Qız çiyinlərini çəkir və bəndənizi tanımadığını bildirir, yəni tanımadığım adama niyə salam verməliyəm ki?! Onda baş redaktor mənim ad-soyadımı söyləyir – qız yenə təəccüblə üzümə baxır; bunu görüb az qala birnəfəsə bütün titullarımı, hansı mətbuat orqanında hansı vəzifələrdə çalışdığımı sadalayır. Ancaq bunun da bir təsiri olmur və “nəvə” birmənalı şəkildə “baba”sını tanımır... Vəziyyətdən çıxmaq üçün baş redaktor üzrxahlıqla qızın jurnalistika üzrə magistraturada oxuduğunu bildirir...

Necə bilirsən, Tofiq, mən bundan sonra ölməliyəmmi? Demə, heç də yox! Bu hadisə-faktdan düz SƏKKİZ İL sonra qol.az saytında elə həmin o qızla yaşıd  olan Aydın Bağırovun “Korifeylər və intelligentlər” adlı yazısını oxuyuram. Gör o, nə yazır:

“Az əvvəl Rövşən Binnətliyə, Azərbaycanın idman jurnalistikasının ağsaqqallarından sayılan, dünən 100 yaşını qeyd edən futbolumuzun təbliğində müstəsna xidmətləri olan Rövşən Binnətliyə zəng edib soruşuram:

– Tədbiriniz necə keçdi?

Sualıma sualla cavab verir:

– Hansı tədbir?

Mən tədbir deyəndə, əlbəttə ki, AFFA-nın “Buta palace”da təşkil etdiyi möhtəşəm yubiley mərasimini nəzərdə tuturdum. Binnətlidən aldığım cavab məni təəccübləndirir:

– Ora dəvət olunmamışdım.

Ardınca dedikləri isə məni artıq təəccübləndirmir, sarsıdır:

– Heç Şakir Yaqubov da çağırılmamışdı.

Tanıyan tanıyır, tanımayanlar üçünsə çox sadə, hamının, o cümlədən AFFA-da oturan yoldaşların (daha burada hörmətli sözünü əlavə etmək qətiyyən yerinə düşmür. Hörmət etməyi bacarmayan və ya istəməyən adama nə hörmət?) anlayacağı dildə deyirəm: Azərbaycan futbolu üçün Banişevski kimdirsə, Azərbaycan idman jurnalistikası üçün də Şakir Yaqubov odur”...

Sağ olsun bu cavan oğlanı ki, Şakir Yaqubovun, heç olmazsa, Azərbaycan idman jurnalistikasındakı  əməyini bu dərəcədə qiymətləndirib. Hərçənd sən özün də yaxşı bilirsən ki, idman tematikası jurnalist Şakir Yaqubovun məşğul olduğu çoxsaylı sahələrdən yalnız biriydi və o, yəni Şakir Yaqubov ürəyin istəyən temaların hər hansı birində kifayət qədər dəyərli yazılar yazıb, elə  indi də yazmaqdadır, başqa sözlə, o, təkcə idman jurnalisti deyil...

 

ŞAKİR YAQUBOV (Ş.HƏNİFƏZADƏ) KİMDİR?

1951-ci il fevralın 25-də Astaranın Balaca Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomları ilə bitirib. Leytenant rütbəsində iki il keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.

1974-2000-ci illərdə “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq” qəzeti), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər” və “AFFA news”, “Panorama” qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb. Hazırda 2-ci qrup əlildir, işləmir.

“Mən şahidəm ki...”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz...”, “Bizim müasirimiz” və “On ikinci şeyxülislam” kitablarının həmmüəllifi, məşhur islamşünas alim Q.E. fon Qrünebaumun “Klassik islam” monoqrafiyasının, Y.Boqatın “Onlar belə sevirdilər” (Ə.Ağalarov və E.Cabbarovla birgə) kitabının və dövri mətbuatda çap olunmuş onlarca digər dəyərli əsərin tərcüməçisi, Vasif Səmədov, Bəxtiyar Sadıqov, Müsəllim Həsənov, Adil Qaçayoğlu və digər qələm sahiblərinin publisistik kitablarının, habelə auditə dair 35-dən çox elmi-kütləvi nəşrə  redaktorluq edib. Müxtəlif janrlı yazıları ayrı-ayrı toplulara, o cümlədən əxlaq mövzusunda “Sevirsə, qayıdacaq...” adlı oçerki IX siniflər üçün “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat”a (Bakı, 1989-cu il) daxil edilib.

İki dəfə – sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) “Əməkdar mədəniyyət işçisi” fəxri adına, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. “Azərbaycan Respublikasının fəxri auditoru” adını almış ilk və yeganə  peşəkar jurnalistdir.

NOT: Suallara yazılı cavab alındığı üçün bu və bundan sonrakı müsahibələrdə həmkarımın vergülünə və nöqtəsinə toxunmadan çap edirik.                                                                                                   

(Davamı olacaq)

 





18.11.2013    çap et  çap et