525.Az

Qənbər Şəmşiroğlunun şeirləri


 

Qənbər Şəmşiroğlunun <b style="color:red">şeirləri</b>

ÇƏKİR 

 

Kəlbəcər gözəlinə  

 

Kövrəlmə çiçəyim,ağlamağı kəs,

Göz yaşın gözümün yaşına çəkir.

Ağlamaq dünyanı kövrəldə bilməz,

Dünya göz yaşını başına çəkir. 

 

Məni bu səfərdən saxlama, gülüm,

Nə də qol-qanadım bağlama, gülüm,

Salamat dönməsəm – ağlama, gülüm,

Görüm bu yollarda başım nə çəkir?! 

 

Demə ki, ümidin zərrə qədərdir,

Zərrədən yapışmaq özü hünərdir.

Önümüzdə duran tərs gədələrdir,

Hələ dayıları döşünə çəkir. 

 

Qoy düşüm bu yolun izinə doğru,

Doğma Kəlbəcərin özünə doğru,

Can atıram ömrün yazına doğru,

Zalım həyat isə qışına çəkir. 

 

Çoxdandı gözləyir bizi o yerlər,

Elə alışaram: yanar, yer mələr.

Bir də görərsiniz uca zirvələr

Qənbəri sürmə tək qaşına çəkir.

Mart, 1996 

DÖNDÜ 

 

Bir zaman gözümdə elə ucaldın,

Hər kəlmən, hər sözün qüdrətə döndü.

Neçə minnət ilə aldığım busə

Ağzımda bal oldu, şərvətə döndü. 

 

Uzaqdan olsa da, səni görməsəm,

Ürəyimdə danışmasam, gülməsəm,

Dözməyirdim qonşunuza gəlməsən,

Hər günüm, saatım həsrətə döndü.

Əməllərin danışıldı yanımda,

Qənbərəm, yox oldu din-imanım da.

Məhəbbət alovu söndü canımda,

Sən üçün tükənməz nifrətə döndü. 

 

YENƏ 

 

Fikir məni çulğamışdı,

Xəyalıma gəldin yenə.

Gördüm qara gözlərini,

Xəfif-xəfif güldün yenə. 

 

Baxdım məxmər yanağına,

Zənəxdanda buxağına.

Nəğmə gəldi dodağına,

Kədərimi sildin yenə. 

 

Deyəsən göydən enmişdin,

Bənövşəyə bürünmüşdün

Necə gəlib görünmüşdün

Elə də yox oldun yenə. 

 

Həyatın sonu catdırıb,

Ömür xoş günlər itirib,

Qənbərə nələr yetirib,

Əhvalını bildin yenə. 

 

YUSİF 

 

Təbrizli balabançı Yusifə 

 

Müdam gözü yaşlı olubdu Dilqəm,

Sən ona qoşulub ağlama, Yusif!

Ondan əl çəkməyib heç vaxt dərdi-qəm,

Belə həzin-həzin çağlama, Yusif! 

 

Əmrah sazda tanıtdırdı barmağı,

Kamanla yayıldı Habil sorağı.

Kamil də qaboyda söylədi ağı,

Sənsə balabanla dağlama, Yusif! 

 

Yurd-yuva həsrəti bizi qocaldıb,

Görüşümüz bir az dərdi azaldıb.

Kədəri, qüssəni belə ucaldıb,

Təbriz yolumuzu bağlama,Yusif!

04.01.2013 

 

DÖNƏSƏN 

 

Yaxşı qızsan, xəta səni görməsin,

Gedən yerdə zimistandan dönəsən.

Naməhrəm olsaq da diləyim budur:

Neçə-neçə toy-nişandan dönəsən. 

 

Nə müddətdi meyli sənə sarıyam,

Mən də süsən-sünbül xiridarıyam.

Təkcə mənəm səni gəzib, arıyan,

Üz tutduğun o virandan dönəsən. 

 

Şaxtadan, çovğundan, borandan keçib,

Sədaqət uğrunda imandan keçib,

Hər kəs yaddan çıxa, anandan keçib,

Sən görüşə həmin yerdən dönəsən.

Bilirəm ki, neçə illər ötsə də,

Aramızda qaratikan bitsə də,

Köç eyləyib bu dünyadan getsə də,

İnanmıram sən Qənbərdən dönəsən. 

 

VARDIR 

 

Dağ kəndlərində mənzərə 

 

Yenə bahar ətri alıb hər yanı,

Qoyunda, quzuda mələşmə vardır.

Günəşdə hərarət artıb, çoxalıb,

Bulaqla çaylarda birləşmə vardır. 

 

Payızda xırdaca olan danalar,

Xeyli böyüyərək olub buğalar.

Göy çəməndən yeyib, dirçəlib onlar,

Hərdən-hərdən isə hölləşmə vardır. 

 

Şaxtadan, borandan qalmayıb əsər,

Kimi bel götürüb, kimi də düsər.

Kimi göy-göyərti, kim bostan əkər,

Torpaq üzərində əlləşmə vardır. 

 

Çıxıb əyinlərdən yun yapıncılar,

Toplaşıb bir yerə igid çobanlar,

Adətdir ki, bəhsə girir cavanlar,

Göy çəmən üstündə güləşmə vardır.  

 

Qar əriyib, yox olubdur – toz kimi,

Qatıq, ayran qab-qacaqda buz kimi,

Ulaqlar qışqırır paravoz kimi,

Atlar cana gəlib, kişnəşmə vardır.

 

 





18.11.2013    çap et  çap et