525.Az

40 ilin köhnəlməyən nisgili


 

40 ilin köhnəlməyən nisgili<b style="color:red"></b>

1980-2020-ci illər... 20 il XX əsrin, 20 il də XXI əsrin payına düşən əbədi ayrılıq illəri... Bu, təkrarsız ömrümüzün 40 ili deməkdir. Mən bu iki əsrin hər 20 ilini övlad üçün arxa, dayaq sayılan varlıqsız - atasız yaşadım. Yaşamadım, sadəcə, günü-günə caladım. Atasız dünyamda həyatımın ən ağrılı üzünü gördüm və hələ də görürəm. Çünki atam bizdən birdəfəlik ayrıldı, bu dünyanı əbədi tərk etdi.

40 il insanın əqli kamilliyə çatdığı dövr, 40 il bir ömrün şirinli-acılı tarixçəsidir. Ataya daha çox sığınan, güvənən, ehtiyac duyduğum vaxtım idi - 17 yaşım vardı Sən məni Sənsiz qoyanda... 

Atam - polis mayoru Musa Abdullayev canından artıq sevdiyi ailəsindən də, ömrünü, gününü, sağlamlığını sərf etdiyi peşəsindən də, əfsuslar ki, çox tez ayrıldı; 1980-ci il fevralın 10-da avtomobil qəzasında dünyasını dəyişdi. Soyuq qış gecəsi onun qara xəbəri evimizə, isti ocağımıza elə bir şaxta, sazaq gətirdi ki... Bu soyuq bu gün də məni üşüdür, ürəyimdə bir ata yanğısı olmasına baxmayaraq, ruhum, cismim hələ də buz kimidir.

Səninlə dolu olan qayğıkeş uşaqlıq illərimi geriyə istədim, sən vardın arxam var idi, heç nədən və heç kimdən qorxmazdım, sənə söykəmişdim kürəyimi... Çiyinlərimdə hələ də bir istilik var. Düz 40 ildir mən bu hərarəti hiss edirəm. Atasızlığım nisgilli gözlərimdən oxunur... Mən o vaxt da səhv etməzdim; mənə düzgün yol göstərərdin, indi çalışıram ki, heç səhv etməyim, məsləhətlərin bu gün də mənə örnəkdir...

Qəribədir, mənim hər zaman ən doğru andım - "atam canı" olmuşdur, bu acı həqiqəti bilə-bilə onun ölümünü qəbul edə bilmirəm. Etiraf edim ki, bu, heç də asan deyil. Əgər bircə gün mən onun ölümünə inanaramsa... nələr olacağını təsəvvür etmirəm. Həqiqətən dözülməz olurmuş ata itkisi...

Həyatımın boşluğunu heç nə doldura bilmir; nə işim, nə ətrafım. Bir övladlarımın varlığıdır təsəllim. Və bir də onu bilirəm ki, bu dünya əbədi deyil, bir gün gələn, bir gün gedəcək. Yaş ötdükcə mən də üzü qüruba doğru gedirəm. Bu həyatda düzgün, mərd, yaxşı əməllərlə yaşamağa çalışıram. Çalışıram ki, əməllərimlə atama, anama cənnəti qazandırım...

Bu gün harda polis görürəmsə, gözlərim dolur, ürəyim atlanır. İsti-soyuq, yay-qış demədən xidmət aparan bu insanların dözümünə, vüqarına heyran olmamaq olmur. Atam da belə idi...

Deyirlər, arxalı qızlar daha mətin, daha güclü olurlar. "Ata" adlı mayakı olan qızlar dərin dəryalarda batmaz, fırtınalara sinə gərər, uzun uzadı yolları maneəsiz qət edərlər. Bir də, deyirlər, qızlar ata xeyir-duası ilə xoşbəxt olurlar. Mənsə...

Tahirə BƏDİRXANOVA

 





06.02.2020    çap et  çap et