525.Az

Avropa Parlamentində keçirilən növbəti erməni tədbiri iflasa uğradıldı


 

Avropa Parlamentində keçirilən növbəti erməni tədbiri iflasa uğradıldı<b style="color:red"></b>

Fevralın 5-də Avropa Parlamentinin inzibati binasında Ermənistanın və onun Avropadakı havadarlarının təşkilatçılığı ilə anti-Azərbaycan tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəldən axıradək yalan və saxtalaşdırılmış faktlar üzərində qurulan tədbirin mövzusu isə ötən əsrin 80-90-cı illərində Azərbaycanda yaşamış ermənilərin “acınacaqlı” taleyinə həsr olunub.

Parlamentin məhdud sayda olan otaqlarının birində təxminən 20-25 nəfərin iştirakı ilə baş tutan tədbirdə auditoriyanın böyük əksəriyyəti Ermənistan vətəndaşları və Belçikada yaşayan erməni əsilli şəxslər olub.

“Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyasi” (EAFJD) QHT-sinin təşkilatçılığı və Aİ yanında Ermənistan nümayəndəliyinin dəstəyi ilə təşkil olunan tədbirə Avropa Parlamentinin Sosial-Demokratlar Partiyasının kiprli üzvü Kostas Mavrides ev sahibliyi edirdi. Natiqlər qismində Bakıdan köçmüş ermənilər – Brüsselin Azad Universitetinin müəllimi David Babayev, erməni əsilli ABŞ hüquqşünası Anna Astvatsaturyan-Turkot, eləcə də EAFJD-ın prezidenti Kaspar Karampetyan və Britaniyanın Lordlar Palatasının sabiq üzvü Baronessa Karolayn Koks çıxış ediblər.

Ənənəvi qaydada Azərbaycana qarşı qərəzli və ittiham dolu saxta məlumatlarla yadda qalan çıxışlardan sonra auditoriyada əyləşmiş Belçikanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələr və Brüsseldəki gənclərimiz ermənipərəst tədbirin iştirakçılarına bir sıra suallar ünvanlayıb, Ermənistanın etnik təmizləmə siyasəti, Azərbaycan ərazilərini işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş nəsillərin nümayəndələri kimi öz həyat hekayələrini paylaşıblar. Onlar ermənilər tərəfindən müsəlman əhaliyə qarşı 1905, 1918-ci illərdə Bakı, Şamaxı, Quba və s. yerlərdə törədilən qətliamlara istinad edib, 1948-1953-cü illərdə Sovet hakimiyyətinin Azərbaycan əhalisinin köçürülməsi faktını xatırladıblar. Azərbaycanlı gənclər erməniləri yazıq və qurban kimi göstərməyə çalışan kiprli deputatdan və britaniyalı xanımdan Azərbaycanın müasir dünya tarixində qaçqınlar və məcburi köçkünlər problemi ilə üz-üzə qalan ölkələrdən biri kimi qeyd edilməməsinin səbəbini soruşub, natiqləri haqq və ədalətdən danışarkən universal və bitərəf mövqedən çıxış etməyə səsləyiblər. Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının qorunması istiqamətində hansı addımları atdıqlarını sorğu ediblər. Həmçinin nazirlərin sonuncu Cenevrə bəyanatının fonunda keçirilmiş bu tədbirin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesinə töhfə vermək əvəzinə, mane olduğunu bildiriblər. Bu prosesdə Azərbaycanın konstruktiv mövqeyini bir daha iştirakçıların diqqətinə çatdıran həmyerlilərimiz Dağlıq Qarabağın azərbaycanlı icmasının və həmçinin işğal olunmuş ətraf rayonların əhalisinin öz doğma torpaqlarına qaytarılmasının vacibliyini qeyd ediblər.

Ənənəvi olaraq, Azərbaycan tərəfinin toxunduğu məsələləri öz maraqlarına uyğun şəkildə interpretasiya etməyə çalışan erməni və ermənipərəst natiqlər əvvəl səsləndirdikləri fikirləri bir daha təkrarlamaqla kifayətlənib, problemin əsl mahiyyətindən yayınmağa çalışıblar.

Əslində Ermənistanın nifrət mesaji verən bu səpkili tədbir keçirməsi təəccüblü deyil. Xarici İşlər nazirlərinin sonuncu Cenevrə görüşündə verilmiş bəyanatın ruhuna əks olaraq, icmaların birgə yaşayışının mümkünsüz olduğunu göstərməyə çalışan Ermənistan beynəlxalq ictimaiyyətin gözündə sülhsevər görünməyə çalışsa da, belə tədbirlərlə əslində öz mənfur əməllərini bir daha sübut etmiş olur.

 





06.02.2020    çap et  çap et