525.Az

Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitabları dünya kitabxanalarına göndəriləcək


 

Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitabları dünya kitabxanalarına göndəriləcək<b style="color:red"></b>

Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitabları Azərbaycan Milli Kitabxanasına təqdim edilib. Bu münasibətlə Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitabxananın Tarix İnstitutu ilə sıx əməkdaşlıq etdiyini deyib. O bildirib ki, hər il Tarix İnstitutunda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir. Sonra isə həmin kitablar bizim tərəfimizdən dünya kitabxanalarına çatdırır. İnstitutda Qarabağın, İrəvanın, Naxçıvanın, habelə soyqırımlarının və itirilmiş torpaqların tarixi araşdırılaraq, həqiqəti əks etdirən əsərlər yazılıb. Elmi müəssisə əsərlərin xarici dillərdə nəşrini və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır.

“Bu gün Tarix İnstitutunun kitabxanamıza təqdim olunan xarici dillərdə nəşrləri yaxın bir ay ərzində əməkdaşlıq etdiyimiz dünya kitabxanalarına göndəriləcək”, - deyə Kərim Tahirov qeyd edib.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri, o cümlədən dünyanın müxtəlif dillərində - rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, gürcü, fars, erməni və başqa dillərdə kitablar işıq üzü görüb. Xarici dillərdə olan nəşrlər arasında “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, İrəvan xanlığının tarixi ilə bağlı broşürlər və digər kitablar var.

 





07.02.2020    çap et  çap et