525.Az

Əsrə bərabər ömür - Rafiq Əliyevin yazısı


 

Əsrə bərabər ömür - <b style="color:red">Rafiq Əliyevin yazısı </b>

(Bir insan ömrünü girov qoymuşam,
bir müəllim ömrünü yaşatmaq üçün!)

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllimin məqsədi dövlət qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvər, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin və dövlətin etibar etdiyi şəxsdir. Cəmiyyətin gələcəyi olan gənc nəslin formalaşması və əsl vətənpərvər kimi yetişməsində pedaqoqların rolu böyükdür. 56 il məktəb direktoru çalışmış Səlim Əzimov da ömrünü bu müqəddəs peşəyə həsr etmiş, şagirdlərinin həyat yoluna çıraq tutmuş müəllimlərdəndir.

Həyatının əsas qayəsi cəmiyyətə faydalı insan yetişdirmək, bütün mənəvi sərvətini insanlığa sərf etmək olan Səlim müəllim pedaqoji fəaliyyəti ilə kifayətlənməyərək, təqaüdə çıxdıqdan sonra yaradıcılıqla məşğul olmağa başlayıb. Onun "Müəllim ömrü", "Kamillik zirvəsi", "Yurd yeri", "Həyat hekayələri", "Ömür deyir yaşa hələ", "Ağdama gedən yol", "Ömrünün işığı", "Ömür keçir, gün keçir", "Xatirələrdə yaşanan ömür" adlı kitabları var. Səlim müəllim müxtəlif illərdə Böyük Vətən Müharibəsində arxa cəbhədəki fəaliyyətinə görə "Rəşadətli əməyə görə", "Əmək veteranı" medallarına, "Media" və "Qızıl qələm" mükafatlarına layiq görülüb.

Onun öz missiyasını əbədiləşdirmək məqsədilə bu günlərdə qələmə aldığı "Əsrə bərabər ömür" kitabı dərin məzmunu və həyati əhəmiyyəti baxımından xüsusilə maraqlıdır. Kitabda əməkdar müəllim Səlim Əzimovun keçdiyi fədakar əmək yolundan bəhs edilməklə yanaşı, həmçinin, görkəmli elm adamlarının mənalı həyatları, sənət adamları, şairlər, yazıçılar, ziyalılar, Qarabağ hadisələri, xalqımıza məxsus milli-mənəvi dəyərlər haqqında maraqlı məlumatlar, gənclərin tərbiyəsində mühüm rol oynayan maarifləndirici rəvayətlər, xatirələr yer alır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda toplanılmış 35 məqalənin hər biri gənclik üçün bir örnək, ibrət dərsidir.

Kitabın epiqrafında yer almış "Bir insan ömrünü girov qoymuşam, müəllim ömrünü yaşatmaq üçün" sözləri artıq kitabın əsl məzmunu açmış olur. "Dilimizi qoruyaq", "Həbsxananın bir addımlığında", "İslam dinində ədəb qaydaları", "İnsan ömrünün neçə ilini nəyə xərcləyir" və s. məqalələrin hər sətri, hər cümləsi qızıldan qiymətlidir.

Səlim müəllimin "Təlim-tərbiyə məsələləri" yazısında gənclərə özünü təsdiq, mümkün qədər çox iş görmək, ad-san qazanmaq, Mənliyi qorumaq, başqalarına gərəkli olmaq, daha geniş çevrədə insanlarla ünsiyyət qurmaq məsələləri ilə bağlı bir-birindən faydalı nəsihətlər verilir. Ömrünün yarım əsrindən çox hissəsini yeni nəslin formalaşmasına həsr etmiş Səlim Əzimov bu kitab vasitəsilə gəncləri saflığa, düzgünlüyə, xeyirxahlığa, nikbinliyə səsləyir. "İnsan maddi və mənəvi mövcudiyyətin birləşməsilə yaradılan, tarazlıq halında olan, nizamlı, daim düşünən və dəyişən zərif varlıqdır" deyən müəllifin fikrincə, bu tarazlığı pozan iki cür qüvvələr var: daxili və xarici. Daxili qüvvələrə hava, su, günəş şüaları və qida kimi amillər aiddir. İnsan mənəviyyatına göstərilən xarici təsirlər isə tərbiyə, təhsil, ictimai mühit, informasiya mənbələri, irsi elementlərdir. Səlim müəllimin fikrincə, təhsil-tərbiyə sistemi o qədər nizamlı və məqsədyönlü olmalıdır ki, bu mühitə düşən hər bir kəs zənginləşə, tarazlığını, təkamülünü təmin edə bilsin. "Kimin rəğbəti qəzəbindən üstündürsə, gözəllikləri daha çox görə bilirsə, o da yaxşı adam hesab olunur", - deyə müəllif yazır. Səlim Əzimov düşünür ki, ağıllı adam öz arzularını Allahın buyurduğu, qanunların yol verdiyi, ictimai fikrin qəbul etdiyi və özünün bacardığı kimi həyata keçirir.

Bir pedaqoq olaraq Səlim Əzimov kitabda təlim-tədris mövzusuna da geniş yer ayırıb. Müəllifin fikrincə, bu gün təhsilə məqsəd kimi yox, inkişafın davamlılığını təmin edəcək biliklərin, dəyərlərin, davranışın və həyat tərzinin dəyişdirilməsinin əsas mexanizmi kimi baxılmalıdır. O qeyd edir ki, dövlət strategiyasının ən mühüm aspektlərindən biri olan təhsil siyasətin də, iqtisadiyyatın da, mədəniyyətin də gələcəyinin zəmanətidir. Müəllif qeyd edir ki, təlim və tərbiyə eyni vaxtda aparılmalıdır. Təhsilin məzmununda zəruri prinsip uşaqları artıq informasiya ilə yükləməmək, onlara düşüncə azadlığı verməkdir.

"Poeziya nümunələri" adlanan kitabın ikinci fəslində Səlim Əzimovun seçib topladığı şeirlər yer alıb. Müxtəlif mövzulara həsr olunmuş bu poeziya nümunələri kifayət qədər ciddi problemlərdən bəhs edən məqalələrdən sonra oxucunun beyninə dinclik gətirir, ruhunu sakitləşdirir.

Kitabın üçüncü fəslində isə müəllif özünün oxuyub topladığı maraqlı elmi, tibbi, tarixi məlumatlar, xəstəliklər və onların müalicə üsulları haqda informasiyalar, ibrətamiz hekayələr, dahilərin ədəb qaydalarına aid ibrətamiz hekayələri yer alıb. Bu kəlamlar insanın düşüncə qabiliyyətini inkişaf etdirir, söz xəzinəsini artırır, dünyaya və ictimai-sosial hadisələrə baxış bucağını dəyişdirir, doğru qərarlar verib seçimlər etməyinə kömək edir.

Nəhayət, "Əsrə bərabər ömür" kitabının "Novruzlu kəndi dünən, bu gün" adlanan dördüncü fəslində Səlim Əzimov doğulub boya-başa çatdığı Novruzlu kəndinin tarixi, abidələri, təbiəti, insanları, mədəniyyəti, tanınmış şəxsiyyətləri barədə bir-birindən maraqlı məlumatları qələmə alır. Ağdamın işğal altında olduğunu xatırlayıb kövrələn müəllif üzünü oxucularına tutub "Bacardığınız qədər yurd yerlərimizi xatırlayın, yada salın, gecə yatanda yönü Ağdama tərəf yatın, şəhidlərimizə rəhmət oxuyun, bu gün yaşayanların qədrini bilin, bir-birinizə hörmət edin, kömək edin, arxa durun" deyir. Əminəm ki, Səlim Əzimovun bu kitabına əlinə alan hər bir oxucu həyatda onun yolunu aydınladacaq, çətin anında köməyinə çatacaq mütləq bir nəsihət, bir faydalı kəlam tapacaq.

 





07.02.2020    çap et  çap et