525.Az

Azərbaycan alimləri Daşkənddə keçirilən beynəlxalq konfransda iştirak ediblər


 

Azərbaycan alimləri Daşkənddə keçirilən beynəlxalq konfransda iştirak ediblər<b style="color:red"></b>

Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutunda böyük özbək şairi Əlişir Nəvainin 579 illik yubileyi ilə bağlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda İnstitutun və bir sıra universitetlərin alimləri ilə yanaşı, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov iştirak ediblər.

İnstitutun direktoru, professor Nizomiddin Maxmudov seminarda çıxış edərək Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib, şairin özbək ədəbiyyatındakı yerindən və mövqeyindən danışıb.

Sonra çıxış edən Ramiz Əskər bildirib ki, Əlişir Nəvai təkcə özbək xalqının deyil, bütün Şərqin böyük şairidir. Alim deyib ki, bu yaxınlarda böyük şairin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini bitirib və bu beş poema hələlik bir neçə maket nüsxədə çap olunub. Sonra alim indiyədək 70 kitabının çap edildiyini, bunun 50-sinin tərcümə, 20 kitabın isə orijinal toplu olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, bu kitabların 10-u özbək ədəbiyyatına aiddir. Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” və “Seçilmiş əsərləri” kitabları, Sultan Hüseyn Bayqaranın “Divan”ı, “XX əsr özbək şeiri antalogiyası” nəşri bu qəbildəndir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmizdə Əlişir Nəvai irsinə böyük maraq olduğunu, onun kitablarının çap edildiyini, haqqında dissertasiyalar yazıldığını bildirib. Vurğulayıb ki, Nəvai böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən sonra tarixdə türk dilində “Xəmsə” yazan şair kimi düşüb.

Elçin İbrahimov Əlişir Nəvai yaradıcılığının məziyyətlərindən danışıb, şairin əsərlərinin ortaq türk dilində çap edilməsinin vacibliyini vurğulayıb. Deyib ki, biz Əlişir Nəvainin, Yunus Əmrənin, Xoca Əhməd Yasəvinin və digər şairlərin əsərlərini ortaq türk dilində nəşr etsək, türk dünyasının mədəni irsini də qorumuş və yaşatmış oluruq.

Professorlar İbrahim Xakkul, Bekijon Tuxliyev, filologiya elmləri namizədi Erqaş Oçilov və başqaları çıxışlarında Əlişir Nəvainin əsərləri haqqında fikirlərini bölüşüb, onu şair və dövlət xadimi kimi təhlil ediblər.

 





07.02.2020    çap et  çap et