525.Az

Yaponiya ilə Böyük Britaniya ticarət anlaşması barədə razılıq əldə edib


 

Yaponiya ilə Böyük Britaniya ticarət anlaşması barədə razılıq əldə edib<b style="color:red"></b>

Yaponiya və Böyük Britaniyanın Xarici İşlər nazirləri Toşimitsu Moteqi və Dominik Raab iki ölkə arasında ticarət sövdələşməsinin imzalanması barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə anlaşma T.Moteqinin britaniyalı həmkarı ilə fevralın 8-də Tokioda keçirilən görüşündə əldə edilib. Yanvarın 31-də Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra iki ölkənin Xarici İşlər nazirləri arasında keçirilən ilk görüşdə T.Moteqi və D.Raab təhlükəsizlik üzrə danışıqların da yaxın zamanlarda təşkili barədə razılığa gəldiklərini bildiriblər.

Görüşdən sonra nazirlərin iştirakı ilə keçirilən birgə mətbuat konfransında T.Moteqi deyib: “Yeni ikitərəfli iqtisadi tərəfdaşlıqla əlaqədar ilkin müzakirələr başlanıb. Ümid edirəm ki, biz bu danışıqları imkan daxilində daha tez və sürətlə yekunlaşdıra bilərik”.

D.Raab isə bildirib ki, əldə edilən razılaşmaya əsasən, iki ölkə Yaponiya və Aİ arasında 2019-cu ilin fevralında qüvvəyə minmiş iqtisadi tərəfdaşlıq barədə anlaşma kimi yüksək səviyyəli və iddialı müqavilə imzalamağı nəzərdə tutur.

Britaniyalı nazir əlavə edib ki, bu, hər iki tərəfin qaydalara uyğun azad ticarətə sadiqliyini göstərən güclü siqnal olacaq.
T.Moteqi, həmçinin Böyük Britaniyanın 11 ölkənin iştirakı ilə imzalanmış Trans-Sakit Okean Tərəfdaşlığına göstərdiyi marağı dəstəklədiklərini də qeyd edib.

Təhlükəsizlik barədə danışıqlara gəlincə isə nazirlər bildiriblər ki, onlar Şimali Koreyanın nüvə silahının ləğvi və BMT-nin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı işi davam etdirəcəklər. Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparan nazirlər İranın 2015-ci ildə imzalanmış nüvə proqramına məhdudiyyətlərə əməl etməsinin vacibliyini vurğulayıblar.

Böyük Britaniyanı azad və açıq Hind-Sakit Okean regionu üzrə əvəzedilməz tərəfdaş adlandıran T.Moteqi qeyd edib ki, danışıqlar zamanı tərəflər arasında iki ölkənin müdafiə nazirlərinin iştirakı ilə “2+2” formatında görüşün təşkili barədə razılıq da əldə edilib.

 





08.02.2020    çap et  çap et