525.Az

"Dünya school English camp"- Təhsil, idman, istirahət


 

"Dünya school English camp"- <b style="color:red">Təhsil, idman, istirahət</b>

"Xəzər" Universiteti Dünya Məktəbi ingilis dili departamentinin rəhbəri Nərgiz Mahmudzadə səmərəli  layihəsini sınaqdan çıxarıb. Layihə uğurlu alınıb. N.Mahmudzadə bu barədə deyir:

- Özüm bir valideyn kimi, hər dəfə yaz, payız, yaxud qış tətili başlayanda ailələrdə nə qədər çətinliklər yarandığını, ata-ananın iş rejimində disbalans baş verdiyini yaxşı bilirəm. Valideynlər həmişəki kimi işə gedir, uşaqlarsa evdə qalmalı olurlar, bununla da ailədə günün normal ritmi pozulur.

Problemi müsbət həll etmək üçün xeyli götür-qoy etdikdən sonra qərara aldım ki, tətil günlərində əlverişli və maraqlı bir məkanda şagirdlərdə dövrümüz üçün vacib olan ingilis dilini mənimsəmə vərdişlərinin kamilləşdirilməsi, eyni zamanda onların istirahət saatlarının mənlı və maraqlı keçməsi üçün  bir iş görüm. Buna ad da fikirləşib tapdım - "Dunya School English Camp", öz dilimizdə desək, "Dünya Məktəbi İngilis Düşərgəsi".

Tədbirin keçirilməsi üçün hər cür müasir şəraitə malik Şağan Olimpiya Kompleksini seçdim. Kompleks rəhbərliyini həyata keçirəcəyim layihənin idmanın və olimpiya hərəkatının gələcək tərəqqisinə xeyir gətirəcəyinə inandıra bildim. Ötən ilin payız tətilində məktəbin 80 - 100 nəfər şagirdi burada 5 gün səhər saat 9-dan 14-dək günlərini olduqca mənalı və şən keçirdilər. Valideynlər bu gözəl təşəbbüs üçün məktəbin rəhbərliyinə öz razılıqlarını və minnətdarlıqlarını bildirdilər.

Lakin hər müsbət yenilikdə olduğu kimi, bu məsələdə də əks fikirlər, süni əngəllər oldu. Valideynlərsə düşərgənin davamlı olmasını arzulayırdılar.

Nərgiz Mahmudzadə universitetin rəhbəri, tanınmış şair və alim Hamlet İsaxanlıya müraciət edib layihəsi barədə müəyyən bilgi verdikdə professor sözü, necə deyərlər, "göydə tutaraq" onun təşəbbüsünü dəstəklədi.

Bi il də Dünya Məktəbi şagirdləri üçün payız tətili yaddaqalan oldu. 100 nəfərə yaxın məktəbli noyabrın 9-dan 13-dək Şağan Olimpiya Kompleksində Nərgiz xanımın rəhbərliyi ilə təşkil olunan "Dünya Məktəbi İngilis Düşərgəsi"ndə tətil günlərini şən və maraqlı keçirdilər. Uşaqlar Şağana ötən ildə olduğu kimi, məktəbin 5 avtobusu ilə təhlükəsiz gedib-gəldilər. Maşınlar məktəbliləri səhər tezdən həmişəki kimi, uşaqların evlərinə yaxın əvvəlcədən təyin olunmuş məntəqələrdən götürür, saat 14-dən sonra ora qaytarırdılar.

Uşaqlar düşərgədə gündə bir saat ingilis dili məşğələlərinə qatılır, sonra qruplara bölünərək futbol, voleybol, basketbol, tennis, üzgüçülük, şahmat və digər idman növləri üzrə yarışırlar. Qaliblərin mükafatlandırılması da yaddan çıxmayıb.

Hamlet İsaxanlı özü də Şağana gələrək düşərgədə işlərlə maraqlanıb və sözün əsl mənasında, burada gördükləri onun böyük marağına səbəb olub. Uşaqlarla şahmat, hətta futbol oynayan Hamlet müəllim Nərgiz Mahmudzadəyə bu gözəl təşəbbüs və təşkilatçılıq üçün təşəkkür edib. Nərgiz xanımın qarşıdakı tətillər zamanı "Dunya School English Camp"in əhatə dairəsini genişləndirmək, bura Bakının, yaxın gələcəkdə isə ölkənin ümumtəhsil ocaqlarından  şagirdlər cəlb edilməsinə nail olmaq barədəki fikirlərini  Hamlet İsaxanlı inkişaf etdirərək "qonşu ölkələrin məktəblilərinin də bu düşərgəyə cəlb olunmaları gözəl sosial-iqtisadi səmərə verər" - deyə əlavə edib.

Nərgiz Mahmudzadə müstəqilliyimizin ilk illərində Azərbaycan Dövlət Dillər Universitetini beşillik təhsil proqramı üzrə qırmızı diplomla bitirib, dörd il ailəsi ilə birlikdə Kuveytdə  yaşayıb, orada Kembric Orta Məktəbdə öz ixtisası üzrə dərs deyib, biliyini Böyük Britaniyada, məşhur Kembric Universitetində təhsil almaqla əsaslı şəkildə təkmilləşdirib, British School in Baku, "Xəzər" Universiteti Dünya Məktəbi kimi təhsil ocaqlarında ingilis dili tədrisi səviyyəsinin yüksəldilməsinə öz töhfələrini verib və bu missiyanı müvəffəqiyyətlə davam etdirir. O, həm də Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) həmtəsisçisi, birinci vitse-prezidenti, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının - AİPS-in üzvüdür.

İndi Nərgiz Mahmudzadə uğurla həyata keçirdiyi layihə üzərində həvəslə çalışır, bunun geniş tətbiqinin səmərə verəcəyinə inanır. 

Eldar İSMAYILOV
AİJA prezidenti, Avropa İdman Mətbuatı İttifaqı - AİPS EUROPE - UEPS
İcraiyyə Komitəsinin üzvü, Əməkdar Jurnalist

 





19.11.2013    çap et  çap et