525.Az

Azərbaycanda keçirilən parlament seçkiləri Malayziya mətbuatının diqqət mərkəzindədir


 

Azərbaycanda keçirilən parlament seçkiləri Malayziya mətbuatının diqqət mərkəzindədir<b style="color:red"></b>

Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri bütün dünya KİV-ləri kimi, Malayziya mətbuatının da diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Malayziyanın aparıcı milli xəbər agentliyi “Bernama”nın xüsusi müxbiri R.Raçivandrana seçkilərlə bağlı Bakıdan birbaşa reportajları həm agentliyin öz saytında, həm də digər KİV-lərdə geniş işıqlandırır.

Müxbirin “Azərbaycan: səsvermə başlanır – namizədlərin 50 faizindən çoxu 40 yaşdan gəncdir, ən yaşlı seçici isə 126 yaşındadır” sərlövhəli məqaləsində seçkilərdə 19 siyasi partiyanın iştirak etdiyi bildirilir. Qeyd olunur ki, həmin partiyalar Milli Məclisdəki 125 yer uğrunda mübarizə aparırlar.

Ötən il dekabrın 2-də Prezident İlham Əliyev tərəfindən parlamentin buraxıldığı və bununla da yeni seçkilərə yol açıldığı oxucuların diqqətinə çatdırılır.

Azərbaycan parlamentinin birpalatalı olduğunu xatırladan R.Raçivandrana Milli Məclisdəki 125 yer uğrunda 1314 namizədin mübarizəyə qoşulduğunu xüsusi qeyd edir. Bildirir ki, namizədlərin 79 faizini kişilər, 21 faizini isə qadınlar təşkil edir.
Vurğulayır ki, bu seçkiləri 883 beynəlxalq və 89 min 676 yerli müşahidəçi izləyir. Onların sıralarında ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar Və İnsan Hüquqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının nümayəndələri var. Bundan əlavə, seçkilər 132 beynəlxalq kütləvi-informasiya vasitəsi tərəfindən işıqlandırılır.

Şərqi Avropa ilə Qərbi Asiyanın qovuşuğunda yerləşən respublikamızda 5,3 milyon seçicinin olduğu diqqətə çatdırılır.

Bildirilir ki, ölkə üzrə fəaliyyət göstərən 5573 seçki məntəqəsində səsvermə saat 8:00-da başlayıb və 19:00-dək davam edəcək. Seçkilərin ilkin nəticələri elə bu gün məlum olacaq. Bir sıra təşkilatlar seçkilərdə “exit-poll” keçirmək üçün icazə alıb.

 





09.02.2020    çap et  çap et