525.Az

Əddis-Əbəbədə Afrika İttifaqının 33-cü Sammiti keçirilir


 

Əddis-Əbəbədə Afrika İttifaqının 33-cü Sammiti keçirilir<b style="color:red"></b>

Fevralın 9-da Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqı dövlət və hökumət başçılarının 33-cü Sammiti öz işinə başlayıb.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, “Silahlar sussun. Afrikanın inkişafı üçün əlverişli şərait yaradılsın” devizi altında keçirilən zirvə görüşündə Misir Prezidenti Əbdülfəttah əs-Sisi Afrika İttifaqında sədrliyi Cənubi Afrika Respublikasının dövlət başçısı Siril Ramafozaya təhvil verəcək.

Sammitin başlanması ilə əlaqədar BMT-nin Baş katibi Antonio Quterreşin müraciəti yayılıb. O qeyd edib ki, aparılan müzakirələr Afrikanın Sahel regionunda sülhün və sabitliyin bərqərar olması, terrorizmə qarşı mübarizə, Liviyada xaosa son qoyulması, acılığı və səfalətin aradan qaldırılması məsələlərində BMT ilə əməkdaşlıq baxımından çox mühümdür.
İkigünlük sammit çərçivəsində tədbirdə iştirak edən 39 dövlətin dövlət və hökumət başçıları Misir Prezidenti Əbdülfəttah əs-Sisinin sədrliyi ilə qapalı toplantı keçiriblər. İclasda Liviya münaqişəsinin əsas müzakirə mövzusu olduğu bildirilir.

Sammitdə Afrika İttifaqının yeddi il əvvəl qitədə müharibələrin və soyqırımının qarşısının alınması barədə qəbul etdiyi qətnamənin yerinə yetirilməsinin yekunları, İŞİD və Əl-Qaeda terror təşkilatları ilə əlaqəli olan silahlı qruplaşmalara qarşı mübarizə, Qvineya körfəzində piratların gəmilərə hücumlarının qarşısının alınması müzakirə olunacaq.

Növbəti ildə təşkilata sədrlik edəcək Cənubi Afrika Respublikasının dövlət başçısı Siril Ramafoza Liviya münaqişəsi və Cənubi Sudanda sülh müqaviləsinin şərtlərinin yerinə yetirilməsini prioritet elan edib. O qeyd edib ki, Pretoriyanın 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması da problemlərin həllinə kömək edəcək.

 





09.02.2020    çap et  çap et