525.Az

Mehmandarovun peterburqlu oğlu - Araşdırma


 

Mehmandarovun peterburqlu oğlu - <b style="color:red">Araşdırma </b>

Batmaqda olan may günəşinin soyuq şüaları artıq şiş ucları göylərə dirənən qocaman Qırxqız dağının həmişə başı qarlı zirvələri arasında əriməkdə idi.

Qohum-əqraba, qonum-qonşu, dost-tanış bayaqdan Çanaqqalaya - el ağsaqqalı, həkim Əbdülkərim bəy Mehmandarovun başına toplaşmışdı. Hamının da nigaran baxışları Əsgərandan Şuşaya gələn yola dikilmişdi. Əbdülkərim bəy isə daha çox narahatçılıq keçirirdi. Neynəsin, axı ata qəlbi, ata ürəyi övlad sarıdan həmişə nigaran olur, həyəcan keçirir, kövrəlir. Bir gün əvvəl o, Bakıdakı övladlarından teleqram almışdı ki, oğlu Leninqraddan gəlib, Allah qoysa, sabah axşama yaxın Şuşada olacaq. Bu bir gün ataya bir il qədər uzun görünürdü. Gözləri yola dikilib qalmış yetmiş beş yaşlı qoca bir yerdə qərar tuta bilmir, fikir-xəyal içərisində o yan-bu yana var-gəl edirdi. O, ayaq üstə durmaqdan artıq yorulduğunu hiss eləyib, qayanın qaşında oturdu, əllərini qaşları üstünə qoyub, göz işlədikcə uzanan yollara baxmağa başladı. Və birdən xəyalı cövlan eləyib, neçə il əvvələ qol-qanad açdı, onu uzaq Neva sahillərinə apardı, peterburqlu günləri bir-bir gəlib yaddaşından boylandı...

On doqquzuncu yüzilliyin yetmişinci illəri idi. Əbdülkərim bəy Mehmandarov Peterburq Tibb Cərrahlıq Akademiyasının tibb şöbəsində təhsil alırdı. Məşğələlərdən sonra o, tez-tez mütərəqqi əhval-ruhiyyəli gənclərə qoşulub, Peterburq Ali Qadın Tibb kurslarında oxuyan Aleksandra Mixaylovna Dolqanovanın evində keçirilən yığıncaqlara gedirdi. Belə toplantılar, görüşlər gənc tələbələrin gözünü açır, onlarda inqilabi və azadlıq ideyalarını artırırdı. Başdan-ayağa bu ideyalarla silahlanmış bu məşhur rus qızı ilə daha yaxından tanış olması, ali təhsilini başa vurandan sonra bir müddət Peterburq Hərbi Klinik Xəstəxanasında işləməsi və nəhayət, Aleksandra ilə ailə həyatı qurması şirin və yaddançıxmaz bir xatirə kimi gözləri önündən gəlib-keçdi. Oğlu anadan olmamışdan əvvəl isə Qafqaza qayıtmaq fikrinə düşdü. Ona Peterburqda qalıb işləməyi təklif edənlərə isə cavabı belə oldu: "Mən xalqıma xeyir vermək üçün oxumuşam, burda qalıb işləmək üçün yox. Ona görə də mütləq xalqımın yanına qayıtmalıyam". O vaxtdan da gənc həkim Azərbaycana qayıtmış, yarım əsrə yaxın Qarabağda həmyerlilərinin sağlamlığının keşiyində dayanmışdı. Lakin Vətənə dönərkən sevimli həyat yoldaşı Aleksandraya onunla getməyi təklif eləsə də, tərəddüdlər içərisində qalan qız razılıq verməmişdi. Və Aleksandra Dolqanova Peterburqda Əbdülkərim bəyin yolunu düz yeddi il gözləmiş, bu qafqazlı balasının bir daha geri qayıtmayacağına əmin olduqdan sonra başqasına ərə getmişdi. O vaxt oğlu Mixailin artıq yeddi yaşı vardı.

1929-cu ildə, Mixailin qırx yeddi yaşı tamam olanda oğluna sürpriz etmək üçün anası uzun illərdən bəri ürəyində saxlayıb gəzdirdiyi sirri oğluna açmış, doğma atasının kim olduğunu açıb-söyləmişdi. Bu hadisə Mixailə bərk təsir etmiş və atasının sağ olduğunu öyrənib, onu görmək üçün Azərbaycana gəlmişdi.

Hələ neçə illər əvvəl Əbdülkərim bəyin Peterburqda yaşayan əmisi oğlu, həkim İbrahim bəy Mehmandarov onu dəfələrlə oğlu ilə görüşdürməyə cəhd eləmiş, amma nədənsə Əbdülkərim bəy razılıq verməmiş, bu təklifdən boyun qaçırmışdı. İndi isə elə bil hiss eləmişdi ki, ömrünün son payızıdır və eşidəndə ki, oğlu Mixail artıq Bakıdadır, qatarla Yevlaxa, ordan da Şuşaya gələcək, fərəhindən uçmağa qanad axtarırdı.

... Budur, uzaqdan, lap uzaqdan, Ağa körpüsündən də xeyli aşağı balaca nöqtələri xatırladan iki qaraltı get-gedə yaxınlaşdıqca, böyüdükcə Əbdülkərim bəyin həyəcanı birə-beş artmağa başladı. Faytonçular da sanki bu vüsalı, bu həsrəti duyublarmış kimi atları qamçılayaraq faytonlarının sürətini artırır, ata-balanı bir-birinə tez qovuşdurmağa çalışırdılar. Əyri-üyrü, dolanbac yolları arxada qoyan faytonlar Yeddiqatı keçib, Çanaqqalaya doğru dikəldilər və bir neçə dəqiqədən sonra yol gözləyənlərlə qabaq-qənşər dayandılar. Əbdülkərim bəyin də, qohum-qardaşın da intizarına son qoyuldu. Faytonların birində kürəkəni Şamil bəy Mahmudbəyov, qızı Məhbubə xanım, onların beş yaşlı övladları Elmira, o birisində isə oğlu Rəşid bəy, arvadı Varvara Moiseyevna və Mixail oturmuşdu. Qırx beş-əlli yaşlarında, ucaboy, enlikürək, eynəkli cavan faytondan düşəndə Əbdülkərim bəy özünü onun üstünə atdı. Ata-bala sarmaşıq kimi bir-birinə sarıldı. Ata ilk dəfə gördüyü oğlunu duz kimi yalamağa başladı. Sonra başını onun çiyninə qoyub, göz yaşlarını saxlaya bilmədi. Mixail də özünü ələ ala bilməyib, göz yaşlarını atasının göz yaşlarına qatdı. Onlar bir neçə dəqiqə bir-birindən ayrılmadılar. Bu mənzərəni seyr edənlər - həmin vaxt əmisi oğlunu yoluxmaq üçün Şuşaya gəlmiş İbrahim bəy, Əbdülkərim bəyin oğlanları Ədil bəy və Surxay bəy də kənarda durub, həsrətli ata-balanın bir-birlərinə necə qovuşmalarına sakitcə tamaşa edirdilər. İlahi, insan bir-birinə necə də oxşayarmış. Elə bil bir almanı tən yarı bölmüşdülər. Mixail, deyəsən, təkcə boy-buxunda ana tərəfə çəkmişdi.

Sonra Mixail hamıyla əl tutub görüşdü. Bir yerdə Əbdülkərim bəyin Təzə məhəllədəki ikimərtəbəli imarətinə yollandılar. Tut ağacına bağlanmış qurbanlıq qoyun Mixailin ayaqları altına çəkildi. Əbdülkərim bəyin zövcəsi Zəri xanım onu öz doğma balası kimi qəbul elədi. Analığının dəmlədiyi Qarabağ plovu, on iki kiloluq quzunun qabırğasından şişə çəkilmiş qanlı kabab Mixailə özgə ləzzət verdi, uzun müddət dadı damağından getmədi. İlk dəfə ata evində olan Mixaili dədə-babalarının adət-ənənələri, qonaqpərvərlikləri, milli yeməkləri məftun eləmişdi.

Mixail həmin il bütün məzuniyyətini ata yurdunda keçirdi. Qohumları, qardaşları onu Şuşa torpağını qarış-qarış gəzdirdilər. Mixail Cıdır düzündə, İsa bulağında, Topxanada, Daşaltıda, Turşsuda, Kirsdə, çay kənarında, meşələrdə, ata-babalarına məxsus ucu-bucağı görünməyən meyvə bağlarında, bir sözlə, bütün gəzməli, görməli yerlərdə dəfələrlə oldu, doğma yurdunun gözəlliklərini gözlərinə köçürdü. Və Peterburqa qayıdarkən hər il məzuniyyətini Azərbaycanda keçirməyə söz verdi.

... Mixail atası həmişəlik Qafqaza qayıdandan azca sonra, 1882-ci il yanvar ayının 24-də doğuldu. Aleksandra Dolqanova yeddi il ərinin yolunu ismətlə gözlədi və onun bir daha bu yanlara üz tutmayacağını qətiləşdirib, Vergi və İçkilərin Dövlət Satışı Baş İdarəsində məmur işləyən Dmitri Aleksandroviç Tuşinski ilə ailə həyatı qurdu. Ziyalı və xeyirxah bir adam kimi tanınan Dmitri Aleksandroviç Mixaili doğma oğlu kimi qəbul elədi və ona öz ad və familiyasını yazdırdı. Oğlunun qayğısı və tərbiyəsi ilə əsasən, anası məşğul oldu. Onun hələ kiçik yaşlarında xarakterinin formalaşmasında, gələcək həyat və peşə yolu seçməsində Aleksandra Dolqanova mühüm rol oynadı.

On yaşına çatanda Mixaili Birinci Peterburq Gimnaziyasına qoydular. Hələ aşağı siniflərdə oxuyarkən onun adı daim əlaçılar sırasında çəkilirdi. Mixail burda klassik latın və yunan dillərini, eyni zamanda, almancanı və fransızcanı da mükəmməl öyrəndi. O, yuxarı siniflərdə oxuyarkən şəhərdə gizli bir təşkilat yaradılmışdı. Bu qurumun vəzifələri sosial-demokratların ideyalarına çox yaxın idi. "Öz biliyini inkişaf etdirmək" məqsədilə fəaliyyətə başlayan bu təşkilata həm kişi, həm də qadın gimnaziyalarının şagirdləri daxil olurdular. 1898-ci ildə Mixail də bura üzv yazıldı. Təşkilat üzvləri az bir müddət içərisində zəngin bir kitabxana da yaratdılar. Gimnaziya tələbələri Karl Marksın, Fridrix Engelsin təlimləri ilə, Georgi Valentinoviç Plexanovun və Vladimir İliç Leninin əsərləri ilə ilk dəfə burda tanış olurdular. Təşkilat üzvləri lazımi ədəbiyyatı mütailə edir, siyasi iqtisad məsələlərinin müzakirəsi ilə məşğul olur, hətta başqa şəhərlərin, xüsusilə də, Kiyevin dərnəkləri ilə sıx əlaqə saxlayırdılar. Digər yoldaşları kimi bu işlərdə fəal iştirak etməsi Mixaildə də inqilabi ideyaları yaradıb-formalaşdırırdı. O, sonralar bu təşkilatı "inqilabi dövrün özünəməxsus komsomolu" adlandıraraq yazırdı: "...Yadımdadır, 1900-cü ilin 1 Mayı üçün biz - birinci sinif şagirdi Pyotr Mogilyanski və mən - səkkizinci sinif şagirdi gimnaziya şagirdlərinə hektoqrafda "1 Mayda, bu yaz bayramında biz sizə xoşbəxtlik arzusu göndəririk, gənclərdən gənclərə salam göndəririk..." sözləri yazılmış vərəqə buraxdıq. Vərəqə gənclərin və güclülərin qələbə çalması inamı ilə qurtarırdı.

1900-cü ildə Mixail Tuşinski gimnaziyada səkkizillik tam kursu bitirib, kamal attestatı aldı və universitetə, başqa ali təhsil müəssisələrinə imtahansız girmək hüququ qazandı. O, həkim olmaq arzusunun dalınca getdi, elə həmin il də Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu. Mixailin bu peşəni seçməsi təsadüfi deyildi. Hələ kiçik olanda anasının xəstələri evdə necə qəbul etməsini, həkim-xəstə münasibətlərini maraqla izləyir, tez-tez bu barədə anasına suallar verirdi. Elə anasının canlı nümunəsi, ailədə hökm sürən tibbi mühit, tərbiyə sistemi də onun bu peşəni seçməsinə ciddi təsir göstərmişdi. Bəlkə də, həkimliyə bu maraq, bu həvəs eyni zamanda, irsən, qandan gəlirdi. Axı onun damarlarında həkimliyi özünə əbədi peşə seçmiş Əbdülkərim bəy Mehmandarovun qanı axırdı.

Akademiyada Mixail sonralar Rusiya fiziologiya məktəbinin banisi olmuş İvan Petroviç Pavlov, məşhur nevropatoloq Vladimir Mixayloviç Bexteryev və başqa görkəmli alimlərin və pedaqoqların mühazirələrini dinlədi, onlardan çox şeylər öyrəndi, görüb-götürdü. Dərslərini əla oxuması, yoldaşları ilə mehriban münasibəti, şən, şux zarafatları ona müəllimlərinin də, tələbələrin də dərin hörmətini qazandırmışdı. Dünyagörüşü sürətlə formalaşan Mixailin ictimai həyatı yalnız auditoriyalarla məhdudlaşmırdı. O, akademiyanın əsas binasında yerləşən kitabxananın idarə heyətinin üzvü idi. Gənclər tez-tez tələbələrin inqilabi hərəkatının formalaşmasında əsas özəklərdən sayılan bu bilik ocağına toplaşır, müxtəlif siyasi məsələləri müzakirə edirdilər. Onlar sosial-demokrat və başqa mütərəqqi inqilabi təşkilatlarla əlaqə saxlayır, müntəzəm olaraq tələbə çıxışları təşkil edirdilər. Bu çıxışların önündə gedənlərdən biri də Mixail idi.

1902-ci ilin əvvəllərində Kiçik Teatrda fitnəkar, antisemit ruhlu "Kontrabandçı" pyesi tamaşaya qoyuldu. Universitet tələbələri buna öz qəti etirazlarını bildirdilər və bu barədə akademiyada yığıncaq keçirildi. Yığıncağın təşkil olunmasında fəallıq göstərdiyinə görə 1904-cü il dekabrın 3-də Mixail Tuşinski nazirin əmri ilə akademiyadan xaric edildi. Lakin o, inqilabi fəaliyyətdən bir an da olsun, ayrılmadı, var-qüvvəsi ilə azadlıq ideyalarını təbliğ eləməyə başladı. Onu da qeyd etmək yerinə düşər ki, Mixailin arxivində indiyə qədər həmin dövrə aid maraqlı bir fotoşəkil qorunub saxlanılır. Onunla birlikdə akademiyadan qovulmuş bir qrup tələbə böyük rus inqilabçı-demokratı və mütəfəkkiri Nikolay Qavriloviç Çernışevskinin portreti ətrafına toplaşıb, şəkil çəkdirmişdilər. Bu isə o dövr üçün çarizmin irticaçı siyasətinə, mütləqiyyətə qarşı açıq-aşkar nümayiş demək idi.

Coşqun inqilabi və ictimai fəaliyyəti, akademiyadan qovulması bu vətənpərvər və fədakar tələbənin həkimlik peşəsinə olan həvəsini heç də azaltmadı. O, akademiyada mənimsədiyi nəzəriyyəni praktiki işlə birləşdirmək üçün bir müddət Novqorodşinada, Samara yaxınlığındakı Pekovşinada feldşer məntəqələrində işlədi. Rus-yapon müharibəsinin qızğın çağında isə Mixail könüllü olaraq Uzaq Şərqə yollandı. Mancuriyanın döyüş meydanlarında Peterburq Qırmızı Xaç Cəmiyyətinin altıncı səyyar dəstəsinin tərkibində yaralılara ilk tibbi xidmət göstərdi, burda xeyli tibbi-praktik təcrübə topladı.

Rus-yapon müharibəsindən alnıaçıq, üzüağ qayıdan gənc Mixail 1905-ci ildə öz səyi və çalışqanlığı sayəsində akademiyaya bərpa edildi. Bundan sonra da o, inqilabi və ictimai fəaliyyətlə daha ciddi və müntəzəm məşğul olmağa başladı. Yenə də tələbələri səfərbərliyə aldı, yığıncaqlar keçirdi, toplantılara da özü rəhbərlik elədi. 1906-cı ilin əvvəllərində Mixail Dmitriyeviç Tuşinski Dövlət Dumasına seçkilər zamanı bolşeviklərlə menşeviklər arasında müzakirə aparılanda ilk dəfə olaraq burda Vladimir İliç Lenini gördü, onunla yaxından tanış oldu. Rus proletariatının rəhbəri ilə tanışlığı onun dünyagörüşünün inqilabi əhval-ruhiyyədə tam formalaşmasında çox böyük və əhəmiyyətli rol oynadı, Mixaili peşəkar inqilabçılara daha da yaxınlaşdırdı.

Həmin il oktyabrın 24-də - Peterburq Fəhlə Deputatları Sovetinin üzvlərinin məhkəməsi olduğu gün akademiyada Mixailin sədrliyi ilə izdihamlı tələbə yığıncağı keçirildi. Tələbələr və bəzi müəllimlər kəskin çıxışlar etdilər. Axırda mübarizə aparan proletariatın qabaqcıl dəstəsi təbrik edilən qətnamə qəbul edildi. Lakin ertəsi gün bu qətnaməni olduğu kimi müəyyən fitnəkar məqsəd güdən "Novoye vremya" qəzeti dərhal öz səhifəsinə çıxartdı. Qəzetin həmin nömrəsi hərbi nazirə çatdırıldı və o, akademiyanın rəisini yanına çağırıb, qətnaməni ləğv etməyi tələb elədi. Rəhbərlik məcburiyyət qarşısında qalıb, ümumi iclas çağırdı. Bura doqquz yüz tələbədən yalnız yüz iyirmi nəfəri gəldi. Bununla da iclasın keçirilməsi baş tutmadı və nazirin əmri yerinə yetirilməmiş qaldı.

Hərbi nazir 1905-ci il ərzində akademiyanın tələbələrinin fəaliyyətini yoxlamaq üçün istintaq komissiyası yaratdı. Tələbələr, inqilabi çıxışların iştirakçıları istintaqa ifadə verməkdən imtina etdilər. Lakin çanaq yenə də Mixailin başında çatladı. O da, başqa bir tələbə yoldaşı da bərpa olunmamaq şərti ilə beşinci kursdan akademiyadan çıxarıldı. Və bu barədə hərbi nazirin əmri dərc olundu. "Başına gələn başmaqçı olar" - deyə fikirləşən Mixail bundan da sarsılmadı, əksinə, inqilabi fəaliyyətini yeni həvəslə, yeni şövqlə davam etdirdi. Əvvəlcə müxtəlif fəhlə dərnəklərində təşviqat işləri aparmaqla məşğul oldu. Sonra partiyanın rayon təşkilatı ona Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Peterburq komitəsi yanında hərbi işə keçməyi təklif elədi. Və beləliklə, Mixail Novoçerkassk polkunda fəaliyyətə başladı. Çox keçmədən onu tutdular, üç ay yarım həbsxanada yatdı. Lakin heç bir ciddi sübut tapa bilmədiklərindən onu buraxmağa məcbur oldular.

Praktiki təcrübəsi, bacarığı və qabiliyyəti 1907-ci ildə akademiyada dövlət imtahanlarını uğurla verib, fərqlənmə diplomu almağa ona imkan yaratdı. Lakin təhsil illərində təqaüd almadığına görə hərbi sahədə xidmət etmək Mixailə icazə verilmədi. Ona görə də diplom alan günün səhəri o, bir tələbə dostu ilə Peterburqun məşhur Obuxov xəstəxanasına yollandı. Baş həkim Aleksandr Afanasyeviç Neçayevin yanında oldu, burda işləmək arzusunda olduğunu bildirdi. Aleksandr Afanasyeviç onları gülərüzlə qarşılayıb: "Xoş gəlmisiniz! Amma ştat vahidimiz olmadığına görə sizə maaş verə bilməyəcəyik" - dedi. Dostlar "təki iş olsun" - deyə fikirləşib, "Ciyər Xəstəliyinə Tutulanlar şöbəsi"ndə fəaliyyətə başladılar. Mixail burda əvvəlcə ekstern həkim, sonra ştatdankənar ordinator və bakterioloq, terapevt şöbəsinin  assistenti və ordinatoru, çox-çox sonralar isə bu şöbənin müdiri vəzifəsində çalışdı.

Həmin vaxtlar Peterburqda vəba epidemiyası tüğyan edirdi. Vətənpərvər həkim, necə deyərlər, əl-qolunu çırmalayıb, bu amansız xəstəliyə qarşı mübarizə aparmağa başladı. O, həm xəstələri müalicə edir, həm də bu xəstəliklər barədə elmi əsərlər yazaraq müxtəlif mətbuat orqanlarında dərc etdirirdi.

Mixail Dmitriyeviç Tuşinski daim öyrənməyə, təkmilləşməyə çalışırdı. Ona görə də o, 1909-cu ilin yayında Berlin şəhərinə getdi, görkəmli tibb mütəxəssisi, professor Albanın yanında təcrübə keçdi. Məşhur alim Vassermanın mədə-bağırsaq infeksiyası və reaksiyasını öyrənib mənimsədi. Salvarsanla bəzi yoluxucu xəstəliklərin müalicəsi, sonralar isə yeni salvarsanla ağ ciyər qanqrenalarının müalicəsi üzrə ilk tədqiqatlar apardı. Bu tədqiqatlar tibb elmini bir çox kəşfləri ilə zənginləşdirmiş görkəmli alman alimi, həkim, bioloq, patoloq Paul Erlixin rəhbərliyi ilə həyata keçirildi. Mixail Tuşinski preparatın tətbiqi metodikasını da işləyib hazırladı, onun dozalara bölünməsini müəyyənləşdirərək çox gözəl nəticələr əldə elədi. Bütün bunlar isə yeni-yeni elmi əsərlərin mövzusuna çevrildi və gənc həkim məqalələrini müntəzəm olaraq "Russkiy vraç" jurnalında dərc etdirməyə başladı. Bu jurnalın 1909-1913-cü illər arasında çıxan, demək olar ki, hər bir nömrəsində onun adına ya məqalə müəllifi kimi, ya da xronika şöbəsində rast gəlmək olar.

Birinci Dünya müharibəsi başlananda Mixail Dmitriyeviç Tuşinski də səfərbərliyə alındı və həkimlər ordusunun tərkibində cəbhəyə göndərildi. O, əvvəlcə II Kaufmansk hospitalının böyük ordinatoru oldu, 1916-cı ilin mayından isə Cənub-Qərb cəbhəsində Qırmızı Xaç Cəmiyyətinin birinci yoluxucu xəstəliklər hospitalında baş həkim vəzifəsini apardı. Müharibə başa çatandan sonra o, Peterburqa qayıtdı, Obuxov xəstəxanası bazasında yeni yaradılmış Tibbi Biliklər Dövlət İnstitutunun nəzdində daxili xəstəliklər diaqnostikası klinikasına ordinator vəzifəsinə dəvət olundu. 1921-ci ilin noyabrında təcrübəli həkim Marinsk xəstəxanasında yerləşən Həkimləri Təkmilləşdirmə Klinik İnstitutunun nəzdindəki ikinci daxili xəstəliklər klinikasına böyük assistent vəzifəsinə keçirildi. Burda işlədiyi dövr ərzində gənc tibb mütəxəssisi səpgili yatalaq üzrə bir sıra mühüm tədqiqatlar apardı və bu tədqiqatların nəticəsində onlarla elmi əsər yazdı. Bütün bunlar da onun "Səpgili yatalağa tutulmuş xəstələrin onurğa beyni mayesinin və qanının xassələri üzərində müşahidələr" adlı doktorluq dissertasiyasının mövzusu oldu. 1922-ci ildə Peterburq Hərbi Tibb Akademiyasında uğurla müdafiə etdiyi bu fundamental əsər səpgili yatalaq barədə ən yaxşı və orijinal elmi kəşflərdən biri kimi qiymətləndirildi. Bu dissertasiyasında istedadlı alim qarşısına qoyduğu məsələlərin - səpgili yatalaq xəstəliyi dövründə onurğa beyni mayesinin dəyişilməsi xarakterinin, bütün mümkün ola bilən üsullarının üzə çıxarılması, qan dəyişkənliyi və onurğa beyninin mayesi arasında qarşılıqlı əlaqələrin öyrənilməsi və sair həllini tapdı. Mixail Dmitriyeviç Rusiyada ilk dəfə olaraq beyin təzahürləri ilə səpgili yatalağa tutulmuş xəstələrdə onurğa beyninin punksiyasını tətbiq etdi və onun həyata keçirilməsi üçün dəqiq göstərişlər işləyib hazırladı. Həmin vaxt ölkədə görkəmli bir tibb mütəxəssisi kimi tanınan Mixail Dmitriyeviç Tuşinski 1921-ci ildə A.A.Neçayevin təşəbbüsü və iştirakı ilə P.Botkin adına Terapiya Cəmiyyətinin təsis edilməsi üçün yaradılmış təşkilat komitəsinin tərkibinə daxil edildi.

1922-ci ildə Mixail Dmitriyeviç Tuşinski I Leninqrad Tibb İnstitutuna işə dəvət olundu. Bir müddət burda privat-dosent və fakültə daxili xəstəliklər klinikasında şöbə müdiri, 1928-ci ildən ömrünün sonunadək isə daxili xəstəliklər popedevtikası kafedrasının müdiri vəzifəsində çalışdı. Oğlunun kafedra müdiri seçilməsinə çox sevinən Əbdülkərim bəy Mehmandarov 1929-cu il noyabrın 17-də uzaq Şuşadan ona göndərdiyi məktubda yazırdı: "Səni və xüsusilə, möhtərəm Aleksandra Mixaylovnanı ürəkdən təbrik edirəm... Sənin şöhrətin, ilk sovet alimləri sırasındakı gələcəyin onu mükafatlandıracaq, sakitləşdirəcək, qoca vaxtında ona sevinc və rahatlıq gətirəcək. Onunla fəxr edərək qarşısında baş əyirəm".

Mixail Dmitriyeviç Tuşinski özünü həmişə S.A.Botkin və İ.P.Pavlov məktəbinin yetirməsi hesab edir, müəllimlərinin ənənələrini layiqincə davam etdirərək bu məktəbdə qazandıqlarını elmi və praktiki fəaliyyətində həyata keçirirdi. Elmi, pedaqoji və ictimai fəaliyyəti bir-biri ilə sıx bağlı olan professor institutun tələbə elmi cəmiyyəti şurasının sədri kimi sonralar ənənəvi hala çevrilmiş tələbə konfranslarının keçirilməsinin təşkilatçısı idi. Onun rəhbərlik etdiyi kafedrada qırx səkkiz tələbə bu konfranslarda məruzə etmiş və bu məruzələrin böyük bir qismi müstəqil elmi-tədqiqat işi kimi müxtəlif jurnallarda çap edilmişdi. Ümumiyyətlə, Mixail Dmitriyeviç ictimai işlərə həddindən artıq vaxt ayırırdı. Hələ Sovet hakimiyyətinin ilk günlərində o, səhiyyənin təşkili işində fəal iştirak etmiş, həkimlərin bir sıra Ümumittifaq və Ümumrusiya qurultaylarının nümayəndəsi seçilmiş, 1926-cı ildən həmkarlar ittifaqları Leninqrad quberniya Sovetinin üzvü, 1930-cu ildən isə on üçüncü çağırış Leninqrad Sovetinin deputatı olmuşdu. Leninqrad terapiya cəmiyyətinin yaradılması da bu fəal ictimaiyyətçinin adı ilə bağlıdır. Mixail Dmitriyeviç əvvəlcə orda katib olmuş, sonra sədr müavini seçilmişdi. 1932-ci ildə cəmiyyətdə hematoloji bölmənin əsasını da o qoymuşdu. Ümummittifaq terapiya cəmiyyəti bu görkəmli alimi özünün fəxri üzvü seçmişdi. Görkəmli tibb mütəxəssisi uzun illər Leninqrad şəhər Səhiyyə Şöbəsinin nəzdində qriplə mübarizə üzrə komitənin, həmçinin, Böyük Tibb Ensiklopediyasının redaksiya kollegiyasının üzvü olmuşdur.

Gənclərin böyük dostu olan Mixail Dmitriyeviç Tuşinski onların tərbiyəsinə, bir vətəndaş kimi inkişaf edib yetişməsinə də böyük əhəmiyyət verirdi. O, institutda çıxan çoxtirajlı "Puls" qəzetində maraqlı məqalələrlə çıxış edir və bu yazılarda Leninqrad tələbələrinin keçmişdəki şanlı inqilabi ənənələrindən, proletariatın dahi rəhbəri Vladimir İliç Leninlə və başqa inqilab xadimləri ilə unudulmaz görüşlərindən söhbət açır, onlarda vətənpərvərlik hissləri oyadırdı. Professor tələbələrini həmişə öz biliklərini artırmağa, xüsusən də, xarici dilləri öyrənməklə məşğul olmağa çağırırdı.

Böyük Vətən müharibəsi Mixail Dmitriyeviç Tuşinskinin həyat yolunda yeni və mühüm bir mərhələyə çevrildi. Bu dəhşətli bəla bütün leninqradlılar kimi onu da öz evində haqladı. Doğma şəhərinin ağır günlərində bu müdrik insana xas olan vətənpərvərlik, mərdlik, ruh yüksəkliyi, adamlarda ümid yaratmaq, onları qələbəyə ruhlandırmaq bacarığı kimi xarakterik xüsusiyyətlər daha qabarıq şəkildə üzə çıxdı. Və heç də təsadüfi deyil ki, Mixail Dmitriyeviç məhz 1942-ci ilin yayında, şəhərin lap ağır günlərində hələ yeniyetmə yaşlarından mənəvi cəhətdən bağlı olduğu Kommunist Partiyası sıralarına keçməklə həmkarlarına nümunə göstərdi. O, mürəkkəb və ağır bir şəraitdə, rahatlıq nə olduğunu bilmədən Leninqrad cəbhəsi döyüşçülərinin sağlamlığı və aclıq çəkən əhaliyə tibbi yardım göstərmək sahəsində çətin və şərəfli vəzifələrin öhdəsindən uğurla gəldi. Yorulmaz həkim bir gün də olsun klinikadakı iş otağını tərk etmir, bütün enerjisini və qüvvəsini xəstələrə qayğıya sərf edirdi. Hətta elə vaxt olurdu ki, altmış yaşlı həkim özünün qayğısına, ümumiyyətlə qalmırdı. Bu da onun sağlamlığı üçün ciddi təhlükə yaradırdı. Belə bir vəziyyətdə mühasirədə olan şəhərdən çıxmaq təklifi ediləndə o, bundan qətiyyətlə imtina etmiş, yenidən var-qüvvəsi ilə işini davam etdirməyə başlamışdı. Çünki Mixail Dmitriyeviçin qələbəyə inamı güclü idi və öz fəaliyyəti ilə bu qələbənin tam təmin olunmasına çalışırdı.

Bütün çətin günlərdə istedadlı alim şəhərin müdafiə işləri ilə yanaşı, elmi işlərini də davam etdirir, ali məktəb tələbələri ilə məşğələ aparırdı. Aşağı kurslar başqa şəhərlərə köçürüldüyü üçün institutda qrupların sayı azalmışdı. Və bu qruplarda bütün mühazirələri professor özü təkbaşına oxuyurdu. 1942-ci ilin sonlarında bu təşkilatçı alimə Leninqrad şəhər Səhiyyə Şöbəsi sistemində Baş Mütəxəssislər İnstitutu yaratmaq tapşırıldı. O, bu vəzifəni də layiqincə yerinə yetirdi və institut qısa müddətdə fəaliyyətə başladı. Bundan sonra Mixail Dmitriyeviç Tuşinski Leninqrad şəhərinin baş terapevti vəzifəsinə irəli çəkildi. Onun qayğısı birə-beş artsa da, yenə də bu işlərin hamısının öhdəsindən şərəflə gəldi. Təcrübəli həkim Sovet Ordusunda mövcud olan sistem nümunəsində mühasirədə olan şəhər əhalisinə o dövr üçün olduqca böyük əhəmiyyəti olan terapevt köməyi təşkil edərək Leninqrad cəbhəsinin tibbi xidməti ilə sıx əlaqə yaratdı. Ümumiyyətlə, mühasirə illərində əhaliyə və döyüşçülərə tibbi yardım göstərilməsi üzrə Mixail Dmitriyeviç Tuşinski ən çətin vəzifələrin öhdəsindən uğurla gəldi. Elə bu fəaliyyətinə və xidmətlərinə görə də 1944-cü ildə əməyi Lenin ordeni ilə qiymətləndirildi. Sonralar onun sinəsini ikinci Lenin ordeni, "Leninqradın müdafiəsinə görə" və "Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalları bəzədi.

Geniş və çoxcəhətli elmi fəaliyyətlə məşğul olan görkəmli alim tədqiqatlarını, əsasən, üç istiqamətdə - hematologiya, pulmonologiya və yoluxucu xəstəliklər sahəsində aparırdı. O, hələ sağlığında ölkənin ən məşhur və aparıcı hematologiya mütəxəssislərindən biri hesab olunurdu. Məhz tibb sahəsində qazandığı elmi nailiyyətlərə görə Mixail Dmitriyeviç Tuşinski 1945-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdi. Bu istedadlı alimin qələminin məhsulu olan neçə-neçə elmi məqalə, monoqrafiya, dərslikdən bu gün də ali və orta ixtisas tibb məktəblərində geniş istifadə olunur.

Tibbi biliklərin gözəl təbliğatçısı olan Mixail Dmitriyeviç Tuşinski 1929-cu ildən - onun üçün o unudulmaz gündən ömrünün sonuna kimi müntəzəm olaraq Azərbaycana gəlmiş, yaxın qohumları ilə daim məktublaşmış, respublikamızın tibb ictimaiyyəti qarşısında təbabətin, yoluxucu xəstəliklərin, hematologiyanın, terapiyanın ən aktual məsələləri haqqında mühazirələr oxumuşdur.

Mixail Dmitriyeviç Tuşinski - Mehmandarov (24.I.1882 - 6.I.1962) özünü həmişə azərbaycanlı sayır, doğmalarına, xüsusilə də, atasına və bacısı Məhbubə xanım Mehmandarova-Mahmudbəyovaya yazdığı məktublarında bununla fəxr etdiyini bildirirdi. Tibb elmində etdiyi hər bir kəşfini, hər bir uğurunu öz doğma xalqının adına yazır və onun uğuru hesab edirdi. Atasına göndərdiyi məktubların birində Mixail Dmitriyeviç yazırdı: "Mən istərdim ki, qazandığım nailiyyətlərin əks-sədası Şuşaya - sizə çatsın. Siz məndən razı qaldıqca özümü daha xoşbəxt sanıram, iftixarım daha da artır..."

Ürəyi həmişə xalqı ilə, Qarabağla, Şuşa ilə döyünən bu yanımcıl insan Leninqrada oxumağa gedən azərbaycanlı tələbələrə xüsusi qayğı və diqqətlə yanaşır və onları hamıya göstərərək fəxrlə deyirdi: "Bax, bu, mənim həmyerlimdir!" Azərbaycandakı qohumlarından və tanışlarından kiminsə xəstəliyini eşidib-biləndə onu təkidlə Leninqrada çağırır, evində saxlayıb, şəxsən özü müayinə edir, lazım gələndə xəstəxanaya yerləşdirir, hər cür maddi və mənəvi yardım göstərirdi. Eyni zamanda, müalicədən qabaq darıxmasın deyə, xəstəni şəhərin tarixi yerləri ilə tanış edir, kinoya, teatra, sirkə və başqa əyləncəli yerlərə aparırdı... Bacısı uşaqları Süleyman, Musa, Əsəd, Tofiq və başqaları dayılarının daim arzuedilən qonaqları olurdular.

Mixail Dmitriyeviç Böyük Vətən müharibəsində Belorusiyada partizan kimi qəhrəmanlıq göstərmiş bacısı qızı, həkim Aliyə Rüstəmbəyovanı isə oxuduğu Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsindən I Leninqrad Tibb İnstitutuna dəyişdirmişdi. Dayısının sonsuz qayğısı ilə institutdankənar keçdiyi əlavə praktiki və təcrübi məşğələlər Aliyəni vaxtından əvvəl professional bir həkim kimi yetişdirmişdi.

Həmidə xanım Cavanşır isə Leninqrada Midhətə yazdığı məktubda oğlunun Mixail Dmitriyeviç Tuşınskinin yanına getməyini məsləhət görürdü. Bu da onların bir-birləri ilə yaxın qohumluq əlaqələri saxlamalarına bir sübut idi. Həmidə xanım oğluna göndərdiyi məktubunda yazırdı:

"Mənim mehriban, əziz Midhətim!

Mayın əvvəllərində professor Mixail Dmitriyeviç Tuşınski Mehmandarovgilə gəlmişdi. O professor ki sən ona mənim məktubumu apardın. Görünür, sən getmisən, o gəlib. O, bizə də gəlmişdi. Əgər Leninqradda olsan, mütləq onlara baş çək. O, artıq evlərinə qayıdıb.

Anan Həmidə,

Bakı, 23 may 1931-ci il" ("Həmidə və Cəlil Məmmədquluzadə: Məktublar", Bakı, "Gənclik" nəşriyyatı, 1994-cü il, səhifə 89).

... Yaxşı ki, qızı Mariya Mixaylovna Tuşinskaya atasının şəxsi arxivini qoruyub-saxlamış, professorun şagirdivə Böyük Vətən müharibəsi illərində ən yaxın silahdaşlarından olmuş Valentina Stavskayanın ciddi səyləri nəticəsində onun həyat və fəaliyyəti barədə xeyli maraqlı materiallar toplanmışdır. Və nə yaxşı ki, qədirbilən insanlar akademik İ.P.Pavlov adına I Leninqrad Tibb İnstitutunun tibb şəhərciyində, Karpovka çayının sahilindəki binaların birində görkəmli alimin uzun illər burda işləməsini əks etdirən xatirə lövhəsi vurmuşlar.

Vasif QULİYEV

 





09.02.2020    çap et  çap et