525.Az

Tbilisidə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub


 

Tbilisidə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub<b style="color:red"></b>

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisidə səfərdədir.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyətinə İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək vəzifəli rəsmiləri daxildir.

Azərbaycan nümayəndə heyəti Tbilisidə Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsini ziyarət edərək, önünə əklil qoyublar. Sonra Azərbaycan nümayəndə heyəti Gürcüstanın rəsmi şəxsləri ilə görüşlər keçirib, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş Naziri Giorgi Qaxaria ilə görüşündə Gürcüstanın dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğu, hər iki ölkənin iştirakı ilə reallaşdırılan layihələrin xalqlarımızın rifahına, bütünlükdə regionun inkişafına xidmət etdiyi, strateji tərəfdaşlığımızı daha da möhkəmləndirdiyi vurğulanıb. Görüşdə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində hər iki ölkənin fəal əməkdaşlığı qeyd edilib, tərəfdaşlıq əlaqələrinin genişləndiyi diqqətə çatdırılıb.

Tərəflər Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin inkişafı istiqamətlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparıblar.

Azərbaycan nümayəndə heyətinin Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava ilə görüşündə ölkələrimiz arasında iqtisadi sahədə uğurlu əməkdaşlıq vurğulanıb. Bildirilib ki, Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət sahələrində 470-ə yaxın Gürcüstan şirkəti qeydiyyatdan keçib.

Eyni zamanda, Azərbaycan şirkətləri də Gürcüstanda uğurla fəaliyyət göstərir. İndiyədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,2 mlrd. ABŞ dolları investisiya yatırılıb. Azərbaycan şirkətləri Gürcüstanda əsas vergi ödəyicilərindəndir. Vurğulanıb ki, təşkil edilən çoxsaylı biznes forumlar sahibkarlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, işgüzar əlaqələrin genişlənməsinə yeni imkanlar açır.  Ölkələrimiz həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır.

Görüşdə qarşılıqlı sərmayə qoyuluşları üçün geniş imkanların olduğu, Azərbaycan şirkətlərinin Gürcüstanda həyata keçirilən layihələrdə iştirakı potensialı diqqətə çatdırılıb, energetika, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm, səhiyyə, təhsil və digər sahələrdə əlaqələrin genişləndirilməsi, biznes forum və işgüzar görüşlərin təşkili və digər məsələlər müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tbilisiyə səfər çərçivəsində Gürcüstanda Azərbaycan İş Adamları Assosiasiyasının (AZEBI) üzvləri ilə görüşüb. Görüşdə azərbaycanlı iş adamlarının qonşu ölkədə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

 





10.02.2020    çap et  çap et