525.Az

22 il öncənin qara 20 noyabrı: o da bir soyqırımı idi...


 

22 il öncənin qara 20 noyabrı: <b style="color:red">o da bir soyqırımı idi...</b>

Soyqırım - etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın preambulasında soyqırım yalnız "beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət" hesab edilmir, həmçinin "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır.

Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırım cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırım cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.

"Soyqırım nədir" sualının cavabını bilsəm də bu fikirləri ona görə yenidən qeyd etdim ki, onun bütün bəşəriyyət tərəfindən pisləndiyini, hüquqazidd olduğunu digər peşə sahibləri, hüquq anlayışı zəif olan lar da bilsinlər. Əslində bir xalq kimi bizim pozulan haqlarımız, bir zamanlar əlimizdən alınan hüquq və azadlıqlarımız bu gün dünyaya təqdim olunan ütülü konvensiyalarda, bu problemlə məşğul olan böyük təşkilatların qərarlarında, nizamnamələrində heç də öz əksini tapmayıb. Əgər belə olsaydı, onda vətənimizi sərhədlərə bölənlər çoxdan mühakimə olunardı. Bu isə keçmişdə olduğu kimi, dövrümüzdə də absurd bir fikirdir.

Bəli, güclülər mükahimə olunmur və tarix onlara haqq qazandırır.

Soyqırımı bəşəri cinayətlər kateqoriyasına aiddir. Bütün dinlər də, insan uydurmasından uzaq olan səmavi kitablar da öldürməyi yasaqlayır. Və bir insanın digərini öldürməsi heç də "onun əcəli gəlmişdi", "onunku da bura qədərmiş" kimi başa düşülməməlidir. Bir millətin nümayəndəsinin öz soydaşını öldürməsi, ona işgəncə verməsi cinayətdir və onun bədəli cəzaya məhkum olunmasıdır. Ancaq digər bir millətin nümayəndəsinin başqa bir millətin nümayəndəsini, onun ailəsini öldürməsi isə artıq soyqırımı kimi başa düşülməlidir. Bəzən müasir hüquq buna başqa aspektdən yanaşsa da, fakt, faktlığında, tarix tarixliyində qalır. Yəni torpağın yaddaşı ölmür, o nə zamansa unudulanları xatırladır-Xocalı kimi...

Əslində, keçən illər ərzində xalqımızın başına gətirilənlərə hüquqi qiymət vermək iqtidarında olmamağımızın səbəbləri hər birimizə məlumdur. Bir mərkəzdən idarə olunmaq və çərçivəyə salınmış ömür yaşamaq alın yazımız idi ki, onu da dəfələrlə pozmağa çalışsaq da gizli əllər haqq səsimizi yerində boğurdu.

"Parçala və hökm sür" siyasətilə hökm eyləyənlər min illik qisas planını Qafqaza ayaq basandan öncə cızmışdılar. Bu yerlərdə əksəriyyət təşkil edən türkləri zərərsizləşdirmək, ən ümdəsi onları manqurtlaşdırmaq üçün ilk atılan addım deportasiya idi. Çünki deportasiya birbaşa yaddaşa və təfəkkürə yönəlmiş soyqırımı idi ki, onu da zaman-zaman həyata keçirdilər. Yaddaş soyqırımımız, təfəkkür soyqırımımız məhz elə deportasiyalardan başladı.

Yurdsuzluqla, yuvasızlıqla üz-üzə qalan, ehtiyac içində çabalayan, özünün və ailəsinin taleyini düşünən soydaşlarımızın milli kimliyinə, tarixi böyüklüyünə, kökünə çalınan siyasi baltalar Kremlin bu işdə çox səriştəli olduğundan xəbər verirdi. Və erməni sindromunun öldürücü bir virus kimi (onun da miqyası hesablanmışdı) Azərbaycan və Türkiyə torpaqları arasında daha geniş yayılması da sonda qondarma Ermənistanın yaranması ilə nəticələndi...

Biz tarix boyu səbəbləri bilsək də, nəticə ilə mübarizə aparmaq əzmində olmamışıq. Məhz tarixdən silinməyimizə rəvac verən nüanslardan biri də xalqımıza qarşı yönələn repressiyalardır. Repressiyalar soyqırımın bir nümunəsi və ən kəskin formasıdır. Çünki ortada öldürülən insan faktoru var. Həm də əgər bu xalqın düşünən başları, döyünən ürəyi, görən gözləri, məsələn, Hüseyn Cavididirsə, Əhməd Cavadıdırsa, Mikayıl Muşfiqidirsə, İsmayıl Katibidirsə, Yusif Vəziridirsə, o zaman, artıq şərhə ehtiyac yoxdur...

Əgər XXI əsrdə 50 milyonluq bir xalq kimi dünyada boy verə bilmişiksə, parçalanmalar, bölünmələr, ən əsası soyqırımlar olmasaydı 150, 200 milyonluq güc, qüvvə kimi böyük dövlətlər sırasında yer tuta bilərdik.

Yazımın əvvəlində qeyd etdiyim kimi, bir millət üçün ən təhlükəli şey yaddaş və təfəkkür soyqırımıdır. Yeri gəlmişkən 1926-cı ildə keçirilən türkoloji qurultaydan sonra baş verənlər də bu qəbildəndir...

1991-ci ildə Xocavəndin Qarakənd səmasında vurulan vertalyotda həlak olanlar da soyqırımı qurbanlarıdır. Kimlər idi onlar? Bu sualın cavabını düşmənlərimiz yaxşı bilirdilər. Öndərlərimizi, odərlərimizi məhv etməklə millətimizin işıqlı gələcəyini qaranlığa bələyənlərin niyyəti də bəlli idi, istəyi də. O niyyət bu gün dünənkindən daha betərdir...

22 il ötsə də sanki həmin günləri yenidən yaşadım. Əslində, yazını onların əziz xatirəsinə ithaf etmişdim, lakin... Gəlin, unutmayaq!

 





20.11.2013    çap et  çap et