525.Az

Unudulmaz bəstəkar-pianoçu Cahangir Qarayevin xatirəsi yad edilib


 

Unudulmaz bəstəkar-pianoçu Cahangir Qarayevin xatirəsi yad edilib<b style="color:red"></b>

Fevralın 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində bəstəkar-pianoçu Cahangir Qarayevin 70 illiyinə həsr edilmiş xatirə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşan tədbirdə bəstəkarın həyat və yaradıcılığından danışılıb, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri qeyd olunub.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkar-pianoçunun həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, 1950-ci ildə anadan olan Cahangir Qarayev Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) fortepiano fakültəsini, sonra isə aspiranturanı bitirib. Bir müddət konservatoriyada xüsusi fortepiano sinfində dərs dedikdən sonra aydın düşüncəsi, qızıl barmaqları, incə qəlbi ilə hər kəsi heyrətləndirən musiqiçi qısa vaxtda fərqli və mükəmməl ifası ilə şöhrət tapıb.

Vurğulanıb ki, Cahangir Qarayev 1973-cü ildə Almatıda, 1975-ci ildə Tbilisidə “Zaqafqaziya baharı” festivalında respublikamızı müvəffəqiyyətlə təmsil edib.

Cahangir Qarayevi istedadlı pianoçu kimi xarakterizə edən natiq söyləyib ki, o, özünə qarşı son dərəcə tələbkar idi. Ömrünün sonunadək musiqi ilə məşğul oldu, bu sahədə əsərlər yazdı, eksperimentlər apardı.

Onun dünyadan qəfil gedişini musiqimiz üçün böyük itki hesab edən A.Bayramova C.Qarayevin bənzərsiz ifalarının heç zaman unudulmayacağını qeyd edib.
Musiqişünas Raya Abbasova C.Qarayevin həyat və yaradıcılığından söz açıb. Diqqətə çatdırıb ki, C.Qarayev görkəmli səhiyyə xadimi Mürsəl Qarayevlə Böyükxanım Nəzirovanın ailəsində dünyaya göz açıb. Uşaqlıq çağlarından musiqi sənətinə sevgi bəsləyən insanların əhatəsində, əmisi, dahi bəstəkar Qara Qarayevin sənət mühitində böyüyüb. O, Xalq artisti, professor Mayor Rafailoviç Brennerin sinfində professional musiqi təhsili alıb.

Raya Abbasova tələbəlik illərində bir pedaqoq kimi tanımağa başladığı C.Qarayevlə bağlı xatirələrini bölüşüb. Deyib ki, o, konservatoriyada sənətə özünəməxsus münasibətilə seçilirdi: “Onun bəstəkar və ifaçı kimi xüsusiyyətləri ilə yanaşı, pedaqoq olaraq da qeyri-adi yanaşmaları var idi. O, novator bəstəkar və pedaqoq idi. Əsərlərində minimalizm xüsusiyyətləri ilə seçilirdi. Həmin dövrdə Qara Qarayevin sinfində tam təhsil keçmiş əmisi oğlu Fərəc Qarayevin təsiri altında Cahangir ənənəvi konservatoriya proqramı ilə yanaşı, yeni Vyana bəstəkarlıq məktəbinin baniləri - Arnold Şönberq, Anton Vebern və Alban Berqin sənətini də öyrənirdi”.

Vurğulanıb ki, C.Qarayevin yaradıcılığında 1976-cı ildə bəstələdiyi “Fortepiano sonatası” xüsusi yer tutur. Burada sonata forması bədii təfəkkürün dərin milli zəmininə əsaslanır.

Qara Qarayevin ev-muzeyinin direktoru Züleyxa Qarayeva-Bağırova ailəsi adından tədbirə gələn hər kəsə təşəkkürünü bildirib. Xatirələrini bölüşərək C.Qarayevin özlərinə böyük qardaş olmaqla bərabər, həm də ən yaxın bir dost olduğunu söyləyib. “O, hər zaman bizimlə vaxt keçirməyə çalışardı. Onun parlaq düşüncələrində bir-birindən maraqlı ideya və arzular və eləcə də bu arzulardan qanadlanan musiqilər var idi. Bir daha onun işıqlı xatirəsini yad etdiyiniz üçün minnətdaram”.

C.Qarayevin tələbəsi, Bakı Musiqi Akademiyasının dosenti Arzu Rzayeva müəllimi ilə bağlı xatirələrini bölüşüb: “Onunla ünsiyyət olduqca maraqlı idi. Bizi musiqiyə cəlb edir və əsl musiqiçi kimi mənəvi dəyərlərlə yaşayırdı. Tələbələrinə qarşı qayğıkeş və diqqətli idi. Tələbələri ilə yaş fərqi az olduğundan bizimlə dost münasibəti saxlayar, problemlərimizə diqqətlə yanaşardı. O, musiqi əsərinin mətninə həssas yanaşar, istənilən əsəri möhtəşəm təqdim etmə bacarığı ilə seçilirdi. Zərif və incə musiqi zövqü var idi. Dərslərimiz bayram əhvalında keçərdi. Cahangir müəllimin parlaq, gülərüz obrazı biz tələbələrinin yaddaşına əbədi həkk olunub”.

Moskva Konservatoriyasının (BMA) professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev unudulmaz sənətkarla bağlı xatirələrini danışıb.

Tədbir konsert proqramı ilə davam edib.

 





10.02.2020    çap et  çap et