525.Az

Komitə sədri: Azərbaycan GUAM üzvü olan ölkələrlə gömrük sahəsində sıx əməkdaşlıqda maraqlıdır


 

Komitə sədri: Azərbaycan GUAM üzvü olan ölkələrlə gömrük sahəsində sıx əməkdaşlıqda maraqlıdır<b style="color:red"></b>

Fevralın 11-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Azərbaycanın GUAM üzvü olan ölkələrlə bütün sahələrdə, o cümlədən gömrük sahəsində sıx əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə atılacaq bütün addımların üzv ölkələrlə yanaşı, regionun da tərəqqisinə öz töhfəsini verəcəyini bildirib.

S.Mehdiyev son illər Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edərək deyib ki, tətbiq olunan yeniliklər nəticəsində daha çevik və dinamik struktur formalaşıb. Şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində atılan addımlar barədə məlumat verən komitə sədri vurğulayıb ki, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, gömrük işinin təşkili sahəsində informasiya texnologiyalarının tətbiqinə geniş yer verilməsi hesabına beynəlxalq ticarət və tranzit sürətləndirilib, ölkənin ixrac potensialı artıb.

O da vurğulanıb ki, təşkilat çərçivəsində həyata keçirilən Ticarətə və Nəqliyyata Yardım layihəsi GUAM dövlətləri arasında ticarət və nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və intensivləşdirilməsinə münbit şərait yaradıb. Lakin DGK-nın sədri bildirib ki, tranzit potensialının daha da gücləndirilməsinə maneə törədən texniki problemlər bəzi üzv ölkələr tərəfindən dərhal aradan qaldırılmalıdır.

Eyni zamanda, komitə sədri GUAM üzv dövlətləri arasında blokçeyn texnologiyasının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

GUAM-ın baş katibi A.Əfəndiyev Azərbaycanın üzv dövlətlər arasında bütün sahələrdə əməkdaşlığın inkişafına töhfəsini məmnunluqla qeyd edib. O, təşkilat çərçivəsində həyata keçirilən layihələrin üzv dövlətlər arasında məlumat mübadiləsinin gücləndirilməsinə, ticarət əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, tranzitin inkişafına şərait yaratdığını, gömrük orqanlarının da bu istiqamətdə xüsusi rol oynadığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





11.02.2020    çap et  çap et