525.Az

Əbülfəs Qarayev xarici ölkələrin səfirləri ilə görüşüb


 

Əbülfəs Qarayev xarici ölkələrin səfirləri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev ötən iki gündə 5 xarici ölkənin Bakıdakı səfirlərilə görüşüb.

Fevralın 10-da Ə.Qarayevin Fransa, Əlcəzair və İordaniyanın ölkəmizdəki səfirləri ilə görüşü olub. Fransanın səfiri Zaxari Qross, Əlcəzair Xalq Demokratik Respublikasının səfiri xanım Səlimə Abdelhaq və İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşehi ilə keçirilən görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanları, gələcək perspektivlər və həyata keçiriləcək layihələr haqqında müzakirələr aparılıb.

Nazir Əbülfəs Qarayev görüşlər zamanı qonaqları bu il Bakıda keçiriləcək VII Beynəlxalq Humanitar Forumda iştiraka dəvət edib. Nazir həmçinin hər iki ildən bir ölkəmizdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açıb, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, “Bakı Prosesi” artıq qlobal əhəmiyyətli platforma kimi BMT tərəfindən yüksək qiymətləndirilir, Azərbaycanın bu istiqamətdə atdığı addımlar təqdir olunur. Nazir bu mötəbər tədbirdə də adıçəkilən ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakından məmnun olacağımızı diqqətə çatdırıb.

Görüşlərin sonunda hər üç ölkə ilə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Fəaliyyət planının işlənib hazırlanması barədə razılığa gəlinib.

Dünən isə Əbülfəs Qarayev İsrail səfiri Corc Dik və Tacikistan Respublikasının səfiri Rustam Soliyev ilə görüşüb. Görüşlərdə Azərbaycanın hər iki ölkə ilə mədəni əməkdaşlığına nəzər salınıb, mədəniyyətin müxtəlif sahələri üzrə mübadilənin daha da genişləndirilməsi, bu istiqamətdə Fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Gələcəkdə əlaqələrin inkişafına töhfə verə biləcək, xalqlarımızın mədəni irsinin təbliğində rol oynayacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Əbülfəs Qarayev il ərzində Azərbaycanda keçiriləcək beynəlxalq mədəniyyət tədbirləri, o cümlədən VII Bakı Beynəlxalq Humanitar Forumu haqqında səfirlərə məlumat verib. Hər iki ölkəni Humanitar Forumda yaxından iştiraka dəvət edib.

İsrailin ölkəmizdəki səfiri Corc Dik səmimi qəbula və Azərbaycan Mədəniyyət Nazirliyinin səfirlik tərəfindən həyata keçirilən layihələrə verdiyi dəstəyə görə nazirə təşəkkürünü bildirib. Diplomat gələcəkdə mədəniyyət sahəsində birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Tacikistan səfiri Rustam Soliyev iki ölkə arasında mədəni əlaqələrdən söz açıb. O, eyni zamanda UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz bayramının Azərbaycanda fəaliyyət göstərən türkdilli ölkələrin və bu bayramı qeyd edən digər respublikaların səfirliklərinin birgə təşəbbüsü ilə keçirilməsinə Mədəniyyət Nazirliyi tərəfindən dəstək göstərilməsini xahiş edib.








 

 





11.02.2020    çap et  çap et