525.Az

Azərbaycanda nağdsız ödənişlər 17 mlrd. manatadək arta bilər


 

Azərbaycanda nağdsız ödənişlər 17 mlrd. manatadək arta bilər<b style="color:red"></b>

Azərbaycanda 2018-2020-ci illərdə rəqəmli ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 mlrd. manatadək arta bilər.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "Visa Cashless Forum"unda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu, nağdsız ödənişlərin payını hər il 7% artmasına imkan verəcək.

"Nəticədə, iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaq. Azərbaycanda ötən il Banklararası Milli Hesablaşmalar Sistemi üzrə ödənişlərin məbləği azalsa da, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq və sürətli pulköçürmə sistemləri üzrə köçürmələr artıb. Ümumilikdə, ölkədə ödəniş və pulköçürmə sistemləri üzrə əməliyyatların sayı 2019-cu ildə 40% artıb. Ötən il ödəniş kartlarının sayı 11,2% artmaqla 7,3 milyona çatıb. Həmçinin, ötən il debit və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38%, məbləği isə 31% artıb", - deyə V. Qasımlı bildirib.

O həmçinin əlavə edib ki, 2019-cu ildə ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə ödənişlərin sayı 67%, məbləği isə 97% artıb.

"Azərbaycanda son bir ildə ATM-lər vasitəsilə nağdsız ödənişlər cüzi azalsa da, POS-terminallar üzrə nağdsız ödənişlər 20%-ə qədər artıb. Lakin ATM və POS-terminalların sayı aşağı sürətlə artır, xüsusən regionlarda azalma müşahidə edilir. Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə rəqəmli vergi inzibatçılığının inkişaf etdirilməsi üçün elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub. Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq ki, bu da nağdsız ödənişlərin stimullaşdırılması deməkdir", - deyə V. Qasımlı qeyd edib.

 





12.02.2020    çap et  çap et