525.Az

9 fevral seçkiləri demokratik inkişaf yolunda növbəti önəmli mərhələdir


 

BEYNƏLXALQ SEÇKİ MİSSİYALARININ MÜSBƏT FİKİRLƏRİ ÖLKƏDƏKİ İNKİŞAFIN VƏ DƏYİŞİKLİKLƏRİN NƏTİCƏSİDİR

9 fevral seçkiləri demokratik inkişaf yolunda növbəti önəmli mərhələdir<b style="color:red"></b>

Azərbaycanda fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri demokratik, şəffaf, ədalətli, seçici fəallığı ilə müşahidə olundu.

Seçkiləri izləyən çoxsaylı beynəlxalq müşahidəçilər, o cümlədən, MDB müşahidə missiyası, TürkPA, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, həmçinin, dünyanın bir sıra ölkələrindən, Belarus, Türkiyə, Gürcüstan, Fransa, Böyük Britaniya, ABŞ, Pakistan, Vyetnam, Slovakiya, Ukrayna, Meksika və s. olan parlamentarilər, seçki mütəxəsisləri, ekspertlər ona yüksək qiymət verdilər. Ümumilikdə 89 min yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Onlar bəyan etdilər ki, müşahidə zamanı qanun pozuntularına, nöqsanlara rast gəlməyiblər. Seçkilər qanunvericiliyə uyğun, yüksək təşkilatçılıqla həyata keçirilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fevralın 10-da ilkin qənaətlərini açıqlayıblar. Hesabatda bir sıra müsbət məqamlar yer alıb. Belə ki, sənəddə çox sayda namizədin qeydə alınması, namizədlərin qeydiyyatı prosesinin inklüziv olduğu vurğulanıb. Qeyd edilib ki, 19 siyasi partiya namizədlərini təqdim edib. 89 min yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyata alınıb.

Seçki administrasiyası resurslarla yaxşı təmin olunub və qısa vaxta baxmayaraq, qanunla müəyyən edilmiş bütün müddətlərə riayət edilib. MKS şəffaf surətdə işləmək üçün səylər göstərdi və beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı idi. İclaslar müşahidəçilər və mediaya açıq idi. Qərarlar bir qayda olaraq həmrəyliklə qəbul edilirdi və vaxtı-vaxtında sayta yerləşdirilirdi ki, bu da şəffaflığı artırırdı.

Şəffaflıq məqsədilə seçki məntəqələrində mindən çox kamera yerləşdirilmişdi. Çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistanla münaqişə ilə əlaqədar Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilər keçirilə bilmədi. Məcburi köçkünlərin seçki hüquqlarının təmin edilməsi sahəsində mühüm işlər görülmüşdür.

Qeyd edək ki, beynəlxalq seçki missiyasının mətbuat konfransı tamamilə aqressiyadan uzaq bir şəraitdə keçdi. Sapı özümüzdən olan baltalardan biri Xədicə İsmayılova "Roma Papasından artıq katoliklik" edərək Azərbaycan nümayəndə heyətinə AŞPA-da səlahiyyət verilməməsi məsələsini qaldırdı. Cavab olaraq qatı antiazərbaycançı Frank Şvabe məsələyə skeptik yanaşdığını, xüsusilə də AŞPA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra onun daha da mürəkkəb olduğunu qeyd etdi. Bu sual və F.Şvabenin cavabı X.İsmayılovanın virtual dünyada yaşadığını göstərmiş oldu.

ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov isə vurğuladı ki, legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir.

DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler isə qeyd etdi ki, məsələ onların mandatına aid deyil. Missiyanın bəyanatı və mətbuat konfransında suallara verdikləri cavablar onu deməyə əsas verir ki, DTİHB-nun budəfəki dəyərləndirməsində prosedur-təşkilati, metodoloji yanaşma üstünlük təşkil edir. İddia edilən çatışmazlıqlar prosedur və təşkilati nöqteyi-nəzərdən qiymətləndirilir və seçkinin nəticələrinə təsir edə biləcək formada təqdim olunmur. Qeyd olunan çatışmazlıqlar yerli, məhəlli xarakter daşıyır. DTİHB-in seçkilərlə bağlı tənqidləri yalnız Azərbaycana münasibətdə özünü göstərmir. Müqayisə etdikdə, Qərbi Avropa ölkələrində bəzən daha kəskin problemlər müəyyən olunur.

Sapı özümüzdən olan baltalar DTİHB-dən seçkinin nəticələrini şübhə altına salacaq bəyanat gözləyirdilər. Bu, baş vermədiyi üçün onlar tamamən məyus oldular. Azərbaycan hökumətinin beynəlxalq ictimaiyyətdən gizlədəcəyi, çəkinəcəyi bir problemi yoxdur və istənilən beynəlxalq təşkilatla konstruktiv əsasda əməkdaşlığa hazırdır.

Ölkə boyu 5573 seçki məntəqəsi yaradılıb və Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən, seçicilərin 47.81 faizi səsvermədə iştirak edərək öz səsvermə hüququndan istifadə edib.

Ermənistan təcavüzü nəticəsində Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin ərazisinin tamamilə, 3-nün isə qismən işğal edilməsi səbəbindən, həmin ərazilərdən didərgin salınmış daxili məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə boyu 523 seçki məntəqəsi yaradılıb. Bu, həmçinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının 29 yanvar 2020-ci il tarixli aralıq hesabatında əks olunub. Azərbaycanın işğal olunmuş ərazilərindən olan və doğma yurdlarında səsvermədən məhrum olan məcburi köçkünlərimiz öz səsvermə hüquqlarını onlar üçün təşkil edilmiş bu seçki məntəqələrində həyata keçiriblər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Xankəndi və Şuşa seçki dairələri üzrə rəqabətli seçkilərdə iştirak ediblər və beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndələrini təşkil edirlər. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunub.

Seçkilərdə indiyədək parlament seçkilərində qeydə alınmış ən yüksək sayda - 1314 namizəd mübarizə aparıb və bu da namizədlərin qeydiyyatı prosesinin əhatəli və ədalətli olduğunun, eləcə də rəqabətli seçki mühitinin göstəricisidir. Seçkilər habelə, ötən seçkilərlə müqayisədə qeydə alınmış qadın namizədlərin sayının əhəmiyyətli dərəcədə artması, 19 siyasi partiya namizədlərinin təmsil olunması ilə geniş plüralizmin təmin edilməsi kimi məqamlarla əlamətdar olub.

Seçki prosesi Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78000-ə yaxın yerli müşahidəçi tərəfindən izlənilib. Eyni zamanda, seçkilərin müşahidəsinə 132 xarici KİV-dən 199 nümayəndə qatılıb. Həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsbit ediblər. Seçkilərlə bağlı hər hansı nöqsanlar qeydə alınıbsa, onlar aidiyyəti üzrə ciddi araşdırılacaqdır.

9 fevral 2020-ci il tarixli parlament seçkiləri Azərbaycan Respublikasının demokratik inkişafı yolunda növbəti önəmli mərhələni təşkil edir.

Azərbaycan XİN ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının seçkilərlə bağlı ilkin qənaətləri barədə bəyanat yayıb. Qeyd edilib ki, BSMM-in ilkin qənaətlər bəyanatında namizədlərin qeydiyyatı prosesinin əhatəliliyi, seçki prosesinin yaxşı idarə olunması, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində şəffaflıq kimi müsbət məqamların, eləcə də çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistan ilə münaqişə ilə əlaqədar, Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilərin təşkilinin mümkünsüzlüyünün, məcburi köçkünlərin seçki hüququnun təmin olunması sahəsində əhəmiyyətli addımların atılmasının təsbit olunmasını təqdir edirik. 

"BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük. Mərkəzi Seçki Komissiyasının sədrinin artıq bəyan etdiyi kimi, iddia olunan və özünü büruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcəkdir".

Mövzu ilə bağlı danışan "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib ki, beynəlxalq təşkilatların Azərbaycanda keçirilən növbədənkənar seçkilərlə bağlı səsləndirdikləri müsbət fikirlər ölkədəki inkişafın və dəyişikliklərin nəticəsidir. O bildirib ki, beynəlxalq təşkilatların bu il keçirilən seçkilərlə bağlı fikirləri müsbətə doğru dəyişibsə, bu, yaxşı bir haldır: "Çünki Azərbaycandakı reallıqlar dəyişdiyi halda keçirilən seçkilərə qarşı neqativ münasibət bildirmək təbii ki, həmin təşkilatların özlərinin nüfuzuna xələl yetirə bilər. Görünür, beynəlxalq təşkilatlar, o cümlədən də, ATƏT indiyə qədər ənənəvi olaraq səsləndirdikləri neqativ fikirlərdən sonra, nəticə çıxartmağa başlayıblar ki, Azərbaycandakı reallıqlara uyğun olaraq münasibətin özü də dəyişməlidir. Həmin beynəlxalq təşkilatların seçkilərlə bağlı müsbət bəyanatları bizə nə qədər faydalıdırsa, bir o qədər də həmin təşkilatların özləri üçün faydalıdır. Hazırda təşkilatlarla bağlı dünyada yaranmaqda olan mənfi fikirlərin qarşısının alınması üçün belə addımların atılması çox vacibdir. Ölkəmizdə seçki ilə bağlı ATƏT-in mövqeyinin müsbətə doğru dəyişməsi bizi məmnun edir".

Siyasi ekspert Aydın Quliyev Azərbaycanda seçki prosesini izləyən xarici müşahidəçilərin də müsbət fikirlər səsləndirməsini Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə işarə kimi dəyərləndirib: "Elə seçkinin özəlliklərindən və reallıqlarından biri də odur ki, seçkilərdə olan xarici müşahidəçilər pozitiv mövqedən çıxış etdilər. Dünyanın 60-a yaxın ölkəsindən seçkini müşahidə etməyə təxminən 900-ə yaxın müşahidəçi gəlmişdi. Müşahidəçilərin bu seçki ilə birbaşa təmasda olması sözsüz ölkəmiz üçün müsbət bir haldır. Onlar həm də bu münasibətlə ölkəmizdəki bütün bu və digər sahələrdəki dəyişikliklərlə tanış oldular. Hər halda ümumən beynəlxalq müşahidəçilərin mövqeyi pozitiv xarakter daşıyırdı. Bu ölkənin 9 fevral növbədənkənar seçkilərindən sonra Azərbaycanın beynəlxalq arenada mövqeyində mövkəmlənməyə doğru yeni dəyişikliklərin baş verəcəyini deməyə imkan verir".

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli vurğulayıb ki, 9 fevral növbədənkənar parlament seçkiləri çox yüksək aktivliklə müşahidə olundu: "Bunu danmaq mümkün deyil. Çünki ötən illərlə müqayisədə baxdıqda, burada xeyli yeniliklər oldu. Birincisi namizədlərin qeydə alınması prosesi ilə bağlı deyə bilərəm ki, həqiqətən də rekord sayda namizədlər qeydə alındı".

Onun sözlərinə görə, seçici aktivliyi çox yüksək səviyyədə oldu ki, bu da ümumilikdə seçkiyə inamı daha da artırdı: "Bunu görməməzlikdən gəlmək mümkün deyil. İkincisi bu seçkilərdə çox ciddi şəkildə sosial şəbəkələr faktoru üzə çıxdı. Sosial şəbəkələrin qatılması və alternativ medianın gücü ilə seçkilərdə çox ciddi təbliğat-təşviqat prosesi həyata keçirildi. Təbii ki, bu da reallıq olaraq otalıqda göründü. Hesab edirəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT-in Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) birgə fəaliyyəti olan müşahidə missiyasının parlament seçkilərinin nəticələrinə dair verdiyi birgə bəyanat da bu görüntülərin nəticəsidir. Maraqlı cəhət o idi ki, onlar bu dəfə məntəqələri bir-bir gəzdilər, insanlarla görüşdülər və onların fikirləri ilə yaxından tanış oldular. Bütün bunlar bir daha imkan verdi ki, onlar hər şeyi öz gözləri ilə görsünlər. Bu gün ölkədə keçirilmiş parlament seçkiləri də cənab Prezidentin apardığı islahatların bir elementidir. Ölkədəki dəyişmiş əhval-ruhiyyə, yeniləşmə mühiti seçkilərdə də özünü göstərdi və beynəlxalq müşahidəçilər də bunları öz gözləri ilə gördülər. Arzu edək ki, islahatlar kursu davamlı olsun".

AZAD

 





12.02.2020    çap et  çap et