525.Az

İordaniya-Azərbaycan əlaqələri inkişaf edir


 

İordaniya-Azərbaycan əlaqələri inkişaf edir<b style="color:red"></b>

Azərbaycanda keçirilən növbədənkənar Parlament seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan iordaniyalı tarixçi-alim, İordaniya-Azərbaycanın dostluq münasibətlərinə, iki xalq arasındakı tarixi və mədəni əlaqələrə həsr edilmiş iki kitabın, onlarla məqalənin müəllifi Ömər Nəzzal əl-Armuti və İordaniyanın "Petra" informasiya agentliyinin müxbiri Saleh Xavaldə "İrşad" İslam Araşdırmalar Mərkəzinin  direktoru, professor Rafiq Əliyevin təşəbbüsü, mərkəzin təşkilatçılığı ilə mətbuat konfransı keçiriblər.

Tədbirdə İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşeh, Azərbaycan Respublikasının İordaniyadakı keçmiş səfiri Sabir Ağabəyov, Azərbaycanın İordaniyadakı səfirinin 3-cü katibi Samir Salahov, İslam İqtisadi Əməkdaşlığı Təşkilatı Üzv Dövlətləri Jurnalistlərinin Assosiasiyasının sədri, yazıçı-jurnalist Fazil Abbasov, "İrşad" İslam Araşdırmaları Mərkəzinin əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri açan yazıçı-jurnalist Fazil Abbasov qonaqları salamlayaraq hər iki ölkənin qədim tarixi və dini köklərdən başqa, həm də tolerantlığı və müasirliyə ilə regionda seçildiyini, ən çətin məqamlarda İordaniya ilə Azərbaycan xalqının hər zaman bir-birinə dəstək verdiyini bildirib.

Səfir Sami Abdullah Ğoşeh ölkələrimiz arasında qədim tarixi ənənələrə söykənən dostluq münasibətlərinin olduğunu və xalqlarımızın bir-birinə bənzədiyini söyləyib. O, təməli Ulu öndər Heydər Əliyev və mərhum kral Hüseyn bin Təlal tərəfindən qoyulmuş bu dostluğu Prezident İlham Əliyev və kral II Abdulla bin Hüseynin uğurla davam etdirdiklərini qeyd edib:  "Qədim tarixi və dini köklərə malik hər iki ölkə sülhsevər siyasət yeritməsi, başqa dövlətlərin işinə qarışmaması, beynəlxalq qanunlara hörmətlə yanaşması, terroru pisləməsi, dünyanın hər yerində əmin-amanlıq və sülhün bərqərar tapması üçün dialoqun qurulmasının tərəfdarı olması ilə bir-birinə çox bənzəyir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli əlaqələr gündən-günə inkişaf edir. İordaniya ilə Azərbaycan arasında təhsil və elmi araşdırmalar sahəsində təcrübə mübadiləsinin möhkəmlənməsi istiqamətində fəal iş aparılır" İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti hər il müxtəlif mədəni tədbirlər təşkil edir".

Səfir tarixçi alim Ömər Əl-Armutinin "İordaniya-Azərbaycan əlaqələri tarixində önəmli məqamlar" kitabını iki dost ölkə arasındakı sıx əlaqələrin yeni mərhələsi kimi qiymətləndirib. İki ölkə arasındakı əlaqələrin daha da inkişafı üçün gələcəkdə atılacaq addımlardan bəhs edən səfir bildirib ki, tərəflər bu münasibətlərin dərinləşməsi üçün əlindən gələni əsirgəmir.

Daha sonra çıxış edən tarixçi-alim Ömər Nəzzal əl-Armuti Azərbaycana növbəti dəfə səfər etməsindən məmnun olduğunu və burada özünü Vətəndəki kimi hiss etdiyini deyib: "Bu, mənim Azərbaycana artıq beşinci səfərimdir. Bundan əvvəl Bakı Beynəlxalq Humanitar Forumu, İordaniya nümayəndə heyətinin tərkibində Bakıda keçirilən Beynəlxalq Mədəniyyətlər və Dinlərarası konfransı, İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətləri Jurnalistlərinin Assosiasiyasının tədbiri çərçivəsində Bakıya səfərlərim olub. Sonuncu dəfə "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq" kitabımın təqdimatı zamanı gəlmişdim. Budəfəki səfərim isə Azərbaycanda keçirilən Parlament seçkilərinə müşahidəçi qismində cəlb olunmağımla bağlıdır. Mənimlə yanaşı, "Petra" informasiya agentliyinin müxbiri Saleh Xavaldə də buradadır. Mən sizin ölkəniz, paytaxtınız, xalqınız barəsində yalnız xoş sözlər deyə bilərəm. Elə ilk gəlişimdən etibarən Azərbaycanın füsunkar təbiətinə, tarixi abidələrinə, milli mətbəxinə valeh olmuşam. Diqqət yetirsəniz görərsiniz ki, xalqlarımız təkcə din, mədəniyyət baxımından deyil, xarici görünüşcə də bir-birlərinə çox bənzəyirlər. "İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar" adlı kitabımı yazmağa məni ruhlandıran da elə xalqlarımız arasındakı bu bənzərlik, bu doğmalıq olub. İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətləri Jurnalistləri Assosiasiyası tərəfindən tərcümə olunaraq Bakıda nəşr olunmuş kitabda Azərbaycanın müstəqillik qazandığı ildən bu günə kimi rastlaşdığı çətinliklər, qazandığı uğurlar və İordaniya-Azərbaycan arasındakı dostluq əlaqələri təsvir olunub. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasını, sonrakı illərdə iki ölkə arasında ən müxtəlif sahələrdə sıx münasibətlərin yaranmasını ön plana çəkilir. Təbii ki, bu əlaqələr hər iki ölkənin rəhbərliyi arasında formalaşmış dostluq, qardaşlıq münasibətlərinin nəticəsində inkişaf edərək genişlənib. Hər iki dövlətin balanslaşdırılmış, terrorizmlə mübarizə, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, mədəniyyətlərarası və dinlərarası dialoq, sivilizasiya və mədəni dəyərlərə sadiqlik prinsiplərinə əsaslanan siyasət yürütməsi xalqlarımızı bir-birinə yaxınlaşdıran başlıca amillərdir. Ölkələrimiz beynəlxalq təşkilatlarda müzakirə edilən mövzulara münasibətdə hər zaman ortaq mövqedən çıxış edərək, bir-birlərini dəstəkləyiblər. Kitabda mədəniyyət, təhsil və elm sahələrində də iki ölkə arasındakı əməkdaşlıq qeyd olunaraq, təhsil və elmi araşdırmalar istiqamətində təcrübə mübadiləsi üçün mümkün imkanların yaradılmasının zəruriliyi vurğulanıb".

Sonra Ömər Nəzzal əl-Armuti müəllifi olduğu "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq" kitabı ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüb.

İordaniyanın "Petra" informasiya agentliyinin müxbiri Saleh Xavaldə həmkarlarının suallarını cavblandırarkən deyib ki, iki ölkə arasındakı əlaqələrin yeni müstəviyə keçməsi informasiya və təcrübə mübadiləsini də gücləndirəcək. Saleh Xavaldə çalışdığı Petra informasiya agentliyinin "Azərtac" ilə 2007-ci ildə tərəfdaşlıq müqaviləsi imzaladığını, agentliklə sıx əlaqələr qurulduğunu söyləyib. O qeyd edib ki, gələcəkdə İordaniya jurnalistlərinin Azərbaycana səfərləri və buradan maraqlı reportajlar hazırlaması nəzərdə tutulub.

Tədbir iordaniyalı qonaqların media nümayəndələri ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi ilə davam etdirilib.

Sevinc QARAYEVA

 





12.02.2020    çap et  çap et