525.Az

Rafiq Əliyevin kitabı təqdim olunub


 

Rafiq Əliyevin kitabı təqdim olunub<b style="color:red"></b>

Fevralın 10-da Xəzər Universitetində dünya şöhrətli alim, texnika elmləri doktoru Rafiq Əliyevin 78 illiyi qeyd olunub.

Tədbir çərçivəsində, həmçinin, müəllifin həmkarı Lütfi Zadə ilə birlikdə ərsəyə  gətirdiyi "Qeyri-səlis məntiq-nəzəriyyə və tətbiqetmələr" monoqrafiyasının və alimin özünə həsr edilən "Su kimi sakit və güclü" kitabının təqdimatı keçirilib.

BDU-nun Jurnalistika fakültəsinin professoru, moderator Qulu Məhərrəmli tədbiri giriş sözü ilə açaraq Rafiq Əliyevin şöhrətindən, onun bir alim kimi bütün dünyaya aid olmasından danışıb: "Bu gün Azərbaycanda elmi özündə yaşadan, elmin gücündən istifadə edən, adı elmlə paralel çəkilən alimlərdən biri də professor Rafiq Əliyevdir. O, dünya alimidir".

Aparıcının çıxışından sonra təqdim olunan video süjetdə səbəbkarın ömür yoluna nəzər alınıb. İştirakçılar alimin uşaqlıq, gənclik illəri, habelə onun alimlik fəaliyyəti ilə tanış olublar.

Sonra professor Rafiq Mehdiyev çıxış edib. O, müəlliflə tanışlığından söz açıb və bildirib ki, Rafiq Əliyev indiyə qədər mənalı, zəngin bir ömür yolu keçib. Natiq alimə nə vaxtsa ata-baba torpağına - Ağdamın Novruzlu kəndinə qovuşmasını arzu edib.

Ömrünün yarıdan çoxunu elmə həsr edən, fərqli vaxtlarda müxtəlif məsul vəzifələrdə çalışan professor uğurları ilə həqiqətən də, dünyada şöhrət qazanıb. Bunu İngiltərə, Almaniya, Amerika, Türkiyə alimlərinin onun haqqında dediyi fikirlər təsdiqlədi. Dövrümüzün ən tanınmış elm adamlarının Rafiq Əliyev barədə səsləndirdiyi fikirlərdən ibarət süjet hər kəsin marağına səbəb oldu. İştirakçılar bir daha azərbaycanlı olması ilə fərəhlənib, alimlərimizlə fəxr etdilər.

Xalq şairi Ramiz Rövşən də qonaqlar sırasında idi. O, öz çıxışında qeyri-səlis məntiqin əslində, həyatın bütün sahələrində olduğunu vurğuladı: "Bəzən qeyri-səlis məntiq tərəfdarları belə düşünürlər ki, iki üstəgəl iki heç də həmişə dörd etmir. Əslində isə həmişə dörd edir. Sadəcə o ikilər və dördlər fərqli olur. Rafiq Əliyev çox ciddi və maraqlı sahə ilə məşğuldur. Qeyri-səlis məntiq həyatın bütün sahələrində, hətta ədəbiyyatda da var. Odur ki, Rafiq müəllim bəşəri əhəmiyyətə malik bir sahəni araşdırır. Ona uğurlar arzulayıram".

Şair onu da vurğulayıb ki, sevgi və sədaqət 78 yaşlı elm adamını ifadə edə biləcək ən doğru kəlmələrdir: "Zənnimcə, Rafiq Əliyev deyən kimi, ağla ilk gələn sevgi və sədaqətdir. Ümumiyyətlə, sevgi olmayan yerdə sədaqət, sədaqət olmayan yerdə sevgi olmur. Lakin məncə, bu iki amil Rafiq müəllimdə digərlərinə nümunə ola biləcək qədər çoxdur".

Ramiz Rövşənin çıxışından sonra nümayiş etdirilən təqdimatda alimin həyatından bəhs olundu. Görüntülər professorun təkcə bacarıqlı alim, istedadlı müəllim olduğunu yox, eləcə də, sədaqətli ailə başçısı olduğunu isbatladı. Qeyd edilib ki, o, ətrafındakı hər kəsə qarşı diqqətli və qayğıkeşdir.

Natiqlərin sırasında Rafiq Əliyevin nəvəsi də olub. Babası ilə eyni adı daşıyan gənc alim onun davamçısı olacağını dilə gətirib. "Rafiq  Əliyev uzun illər Lütfi Zadə ilə birlikdə işləyib, onunla çiyin-çiyinə çalışıb. Fəxr edirəm ki, mənim Rafiq Əliyev kimi babam var. Gələcəkdə onun layiqli davamçısı ola biləcəyimi düşünürəm".

Tədbirin sonunda çıxış edən səbəbkar bütün iştirakçılara minnətdarlığını bildirib.

Kənan NOVRUZOV

 





12.02.2020    çap et  çap et