525.Az

Nəsirəddin Tusiyə həsr olunmuş elmi konfrans


 

Nəsirəddin Tusiyə həsr olunmuş elmi konfrans <b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsində bölmənin Batabat Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə böyük Azərbaycan alim və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusi ilə bağlı elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev ensiklopedik biliyə malik alimin müxtəlif elm sahələrinin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrə həsr olunmuş əsərlər yazıb. Onun yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur.

Vurğulanıb ki, Nəsirəddin Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı əsəri ilə xüsusi rəğbət qazanıb. Sözügedən əsər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun imzaladığı Sərəncamla "Oxunması zəruri olan kitablar siyahısı"na daxil edilib.

İsmayıl Hacıyev ölkəmizdə dünya şöhrətli alimin yubileylərinin qeyd olunduğunu, əsərlərinin kütləvi şəkildə çap edildiyini, onun haqqında çoxsaylı kitab və məqalələrin yazıldığını bildirib.

Konfransda bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin "Şərqin böyük dühası Nəsirəddin Tusinin həyatı və fəaliyyəti", Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyevin "Marağa rəsədxanasının elmi cihazları", Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun "Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" əsəri", Batabat Astrofizika Rəsədxanasının kiçik elmi işçiləri Vəfa Qafarovanın "Nəsirəddin Tusinin elmi irsi" və Türkan Məmmədovanın "Nəsirəddin Tusi və riyaziyyat" mövzusunda məruzələri dinlənilib.

 





12.02.2020    çap et  çap et